BölmələrRU
Xidmətlər
 

Telman Adığözəlovun ölüm səbəbində həkim günahı axtaranlara mütəxəssis fikri – Kişilərdə sinədə ağrılara diqqət


Dünən xalq artisti Telman Adıgözəlovun doğum günü idi. "Vəfatıyla bağlı şok fakt” başlıqlı xəbəri elə buradan, "Müsavat” onlayn qəzetindən oxudum. İşin içində "həkimin günahı”, "infarkt" sözləri keçdiyinə görə biganə qala bilmədim. Xəbərdə iddia edildiyi kimi, "diaqnozu səhv olub, ya olmayıb, günah xəstədə olub, ya həkimdə" kimi suallar haqqında fikir yürütmək olar, amma dəqiq demək çətindir. 
 


Bu fikirləri uzman kardioloq Vüsal Vəliyev səsləndirib. Medicina.az Müsavat.az-a istinadən məşhur aktroyun ğlümünə səbəb olan ürək tutması və bu məsələdə yol verilən səhvlər barədə həkimin fikirlərini təqdim edir.


Ürək infarktı diaqnozu bəzən nəzərdən qaçır, ya da gecikir. Səbəb simptomları ilə ürək infarktını yamsılayan xəstəliklərdir. Səbəb bəzən də infarkt əlamətlərinin "bulanıq” olmasıdır. "Sinə ağrısı, qol keyiməsi infarkta xasdır” deyə bir qayda yoxdur.

Çünki xeyli xəstəlik var ki, eyni əlamətləri törədə bilər. Bir ABŞ statistikası: ABŞ-da sinə ağrsı ilə hər il 8 milyon insan xəstəxanaların təcili yardım şöbəsinə müraciət edir. Onların 15-25%-də səbəb ürək infarktı ilə əlaqəlidir. 2%-də infarkt diaqnozu nəzərdən qaçır və xəstələr geri qaytarılır.
Aşağıdakıların hamısında sinə ağrısı var və ürək infarktını təqlid edər;

1)perikardit- ürək pərdəsinin iltihabıdır. Bıçaq batması hissində sinə ağrısı verər. Nəfəs almaqla, bədənin pozisiyası ilə artıb azalar. Sol çiyinə, boyuna, kürəyə yayıla bilir.

2) miyokardit- ürək əzələsinin iltihabıdır. Sinə ağrısı, təngnəfəslik, yorğunluq şikayətləri verər. Perikardit kimi miyokardit də bəzi analizlərdə, testlərdə ürək infarktına oxşayan nəticələr verər. Fərqləndirmək üçün proses taa anjioqrafiyaya, MRT-yə qədər gedər.

3) aorta damarının yırtılması. Aorta damarı insan bədənindəki ən böyük damardır. Ürəkdən çıxır, qarına gedir. O damar cırılanda sinədə, kürəkdə ani başlayan şiddətli ağrı olur. Nadir görülür, amma ölümcüldür.

4) pulmonar emboliya- ağciyərə gedən damarın qan laxtası ilə tıxanması. Qəflətən başlayan sinə ağrısı, təngnəfəslik verir. Ölümcül ola bilir.

5) ağciyər damarının yüksək təzyiqi

6) pnevmoniya- sətəlcəm, ağciyər iltihabı. Sinə ağrısı verər. Öskürərkən sinə ağrısı artar.

7) bronxit- bronxların iltihabıdır. Öskürək, bəlğəm, təngnəfəslik, sinə ağrısı olur.

8) pnevmotoraks- ağciyər sönür. Qəflətən başlayan sinə ağrısı və təngnəfəslik olur.

9) qastroezofageal refluks- mədədəki qidanın yemək borusuna qaçması. Sinə ağrısı, qıcqırma, qidanın ağıza geri qayıtması kimi şikayətlər verər.

10) mədə xorası- mədənin daxilindəki selikli qişada əmələ gəlir. Simptomları qarın ağrısı, sinə ağrısı, qıcqırma, iştahsızlık və s.

11) ezofageal spazm- yemək borusu əzələlərinin anormal yığılması, spazmı. Simptomları sinə ağrısı, udmaqda çətinlik.

12) xolesistit- öd kisəsinin iltihabı. Ağrısı sinəyə, kürəyə, sağ çiyinə yayıla bilir.

13) sümük-əzələ mənşəli ağrılar- nəfəslə, qol hərəkətləri ilə, yatıb qalxmaqla, əllə toxunmaqla artar. Xəbərdə adı keçən "osteoxondroz” xəstəliyi bu qrupdandır.

14) psixolojik səbəblər- sinə ağrısı, təngnəfəslik ola bilər. Digər emosional problemlər yanaşı olar.

15) qadınlarda məmə xəstəlikləri və s. Siyahı uzundur...

Sinə ağrısının səbəbləri arasında yuxarıdan da göründüyü kimi yüngülvari problemdən tutmuş, ölümcül xəstəliyə qədər hər şey var. Bu yazıdan çıxacaq mesajlar; 1) sinə ağrısı olanda həkimə getmək lazımdır, 2) sinə ağrısının səbəbi çoxdur.