BölmələrRU
Xidmətlər
 

Süni uşaq qidaları zərərlidirmi?

Uşağını ana südü ilə qidalandıran analarla yanaşı, bunun əksini edənlər də var. Bəzən isə analar körpələrinə ana südü ilə yanaşı uşaq qidalarından da verirlər. Bu gün satışda müxtəlif növ və müxtəlif qiymətə uşaq qidaları mövcuddur. 

Bu qidalar barədə zaman-zaman müxtəlif fikirlər səsləndirilir, onların uşaqlar üçün zərərli olduğu deyilir. Hətta bir sıra uşaq qidaları da var ki, onların tərkibində soya olduğu, bunun isə GMO bir komponent olduğu deyilir ki, bu da körpə uşağın orqanizmi üçün təhlükəli hesab olunur. Bir sıra psixoloqlar uşaq qidalarının marketlərdə əl çatan yerdə saxlanılmasını məsləhət görmür. Çünki bu, qidaları görən və süd verən analara psixoloji təsir göstərir və onların südü azalır. Belə olan təqdirdə isə yalnız ana südü ilə doymayan uşaqlara bu qidalardan almaq məcburiyyəti yaranır. Baş çəkdiyimiz marketlərdə uşaq qidaları əl çatan və diqqət cəlb edən yerlərdə satılırdı. Onların qiyməti isə 3 manatdan başlayıb 65 manatadək dəyişir. Uşaq qidaları arasında daha çox satılanlar "Humana”, "Cabrita”, "Nutrilon”, "Heinz”, "Nestle”, "Aquşa”dır. Bu qidaların bəzilərinin tərkibində keçi südü var ki, bu da xeyirli sayılır. 

Maraqlıdır, ümumiyyətlə, uşaqlar doğulduğu vaxtdan neçə müddət ərzində ana südü ilə qidalanmalıdır? Ümumiyyətlə, satışda olan uşaq qidaları zərərlidirmi?

Pediatr Vaqif Qarayev uşaq üçün yeganə qidanın ana südü olduğunu dedi: "Uşaq üçün yeganə qida ana südü olmalıdır və bu mütləqdir. Bəzən deyirlər ki, ana südü 1 yaşa qədər, bəzən isə uşaq nə qədər istəyirsə, o qədər verilməlidir. Bu bir az mübahisəlidir. Ancaq uşaq heç olmasa 1 yaşa qədər ana südü içməlidir. Amma ana südünün verilməsində obyektiv səbəblər varsa, tutaq ki, anada açıq vərəm və yaxud da uşaqda anadangəlmə müxtəlif qüsurlar var, ananın döşünü götürə bilmir və s. olarsa, əlavə uşaq qidalarından istifadə edilə bilər. Hansı uşaq yeməyinin yaxşı olmasına gəlincə isə uşaq hansı uşaq yeməyini götürürsə, deməli, o yaxşıdır. Bütün uşaq qidalarının qutularının üstündə eyni tərkib, eyni reklam, eyni təriflərdir. Ona görə də onların bir-birindən elə də fərqi yoxdur. Bir daha təkrar edim ki, əgər ana südü varsa, süni qarışıqların əleyhinəyəm. Bizim bəzi, xüsusən dövlət doğum evlərində həkimlər ananın südü ola-ola süni qarışıq təklif edirlər ki, bu da yolverilməzdir. Amma südü olan analar bu cür süni yeməklərdən imtina edir. Bəzən isə analar özləri uşaqlarına ana südü verməkdən imtina edir. Təbabətdə ilkin süd deyilən bir anlayış da var. Bunun tərkibi uşağı xəstəliklərdən qorumaq və müqavimətini artırmaq üçün xüsusi inqiridentlərlə zəngindir. Uşağı ana südü ilə qidalandırmaq yalnız qidalandırmaq baxımından yox, həm də mənəvi-psixoloji baxımdan çox vacibdir. Ana ilə təzə doğulan körpənin arasındakı o mənəvi-psixoloji bağların yaranmasında, həm də ananın müxtəlif onkoloji xəstəliklərdən qorunması üçün ana südü ilə qidalandırma çox mühümdür. Həmçinin ana südü uşağı o yaşda tuta biləcəyi bütün xəstəliklərdən qoruyur, müqavimətini artırır”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə süni uşaq qidalarının tərkibində soya olduğunu bildirdi: "Azad İstehlakçılar Birliyi çox saylı dünya konqreslərində iştirak edib və Azərbaycanda ana südü ilə qidalanmanın lobbiçiliyini aparan təşkilatlardan biridir. Çox təəssüf ki, ölkəmizdə ana südü ilə qidalandırma faizi hətta Mərkəzi Avropa ölkələrindən də xeyli geridə qalır. Təxminən 44-45 faiz həcmindədir. Bu çox anormal bir haldır. Uşaqların gələcək həyatı üçün çox qorxulu bir tendensiyadır. Ana südü ilə qidalandırma faizi aşağı olduğu üçün süni qida ölkədə çox sürətlə irəliləyib. Azad bazar iqtisadiyyatından istifadə olunur, pediatrların qida distrübiterləri ilə sıx əlaqələri yaradılıb və körpə qidaları ölkədə geniş vüsət alır. Bizə gələn məlumatlara görə, hətta doğum evində uşağa süni qida verilir. Doğum evindən analara da süni qidalar məsləhət görülür. Bu çox ciddi bir problemdir. Azərbaycanda bu məsələlər həddindən artıq dərinə gedib və demək olar ölkə pediatrlarının böyük bir hissəsi, eləcə də doğum evlərinin işçiləri körpə qidası distribüterləri ilə sıx əlaqədədir. Buradan da onlara verilən pul gəlir qidaların üstünə və Azərbaycanda uşaq qidalarının həddindən artıq yüksək qiyməti müşahidə olunur. Azad İstehlakçılar Birliyi çalışır ki, körpə qida distribüterləri ilə pediatrların əlaqələrini kəssin, onlarla əlaqəyə girən doğum evlərini ifşa etsin. Ancaq təəssüf ki, vətəndaşlar tərəfindən bizə informasiya çox az gəlir”.

E.Hüseynov bildirdi ki, körpə qidalarının keyfiyyətində problemlərin olduğu istisna edilmir: "Qanunda da göstərilir ki, körpə qidalarının üçüncü ölkədən idxalı qadağandır. Birbaşa istehsalçıdan alınmalıdır. Ancaq biz görürük ki, Azərbaycana 3-cü ölkələrdən uşaq qidaları idxalı baş verir. O körpə qidasının ki, tərkibində soya kompenenti var, bu, GMO kompenentidir. Mən özüm bir dəfə soya südünü içmişəm. Onu bir dəfə içən insan ayrılmaq istəmir. Xəfif şirin dadı olur. Bir sözlə, əhali bilməlidir ki, mümkün qədər körpə qidalarından uzaq durmaq lazımdır. Mən 7 yaşına qədər ana südü içmişəm və 70 yaşım var, bir dəfə olsa üstümə təcili yardım çağırılmayıb”.