Stalin repressiyasına sinə gərmiş həkim sülaləsi - Şöhrət ordenli həkim alimin yubileyinə

  • 2019.02.23 20:09
  • 28580 Baxış
Stalin repressiyasına sinə gərmiş həkim sülaləsi -  Şöhrət ordenli həkim alimin yubileyinə

Son illərdə ölkəmizdə görkəmli elm, mədəniyyət və incəsənət xadimlərinin yubileylərinin keçirilməsi ənənə halını almışdır. Ötən 2018-ci il Azərbaycanın görkəmli tibb alimi, əməkdar elm xadimi, "Şöhrət” ordenli həkim Solmaz İsrafilbəyli üçün yubiley ili kimi əlamətdar idi. Lakin təbiətən təvazökar insan olan Solmaz xanım başqalarından fərqli olaraq, özünə yubiley keçirmədi, hətta bu haqda heç kimə məlumat vermədən ad gününü ailə üzvləri ilə birgə sakit şəraitdə keçirməyi üstün tutdu.

 

Medicina.az görkəmli tibb aliminin yubileyinə həsr olunmuş məqaləni təqdim edir:



Solmaz xanım Hüseyn qızı İsrafilbəyli 1928-i ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur.  Gözünü dünyaya açdığı vaxtdan yaxın qohumlarının həkimlik sənətinə dair söhbətlərinin şahidi olan  Solmaz xanım elə uşaqlıqdan  həyatını tibb elminə bağlamağa qərar vermişdi. Qeyd edək ki,  Azərbaycan SSR-in ilk səhiyyə naziri vəzifəsində işləmiş, 1930-cu ildə Azərbaycan Dövlət  Universitetinin Tibb fakültəsinin bazası əsasında Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki ATU) yaradılmasında əvəzsiz  xidmətləri olmuş və ilk vaxtlarda  bu instituta  rəhbərlik etmiş Möhsün bəy (İsrafilbəyov) Qədirli  Solmaz xanımın əmisi idi. Məhz M.N.İsrafilbəyov-Qədirli  ilə qohumluq əlaqələri Solmaz xanımın taleyində dərin izlər buraxmış, onun həyatda üzləşdiyi məhrumiyyətlərə səbəb olmuş və xarakterindəki mübarizliyin, yenilməzliyin formalaşmasında  mühüm rol oynamışdır. 1937-ci ildə Möhsün bəyi qəflətən saxta ittihamlarla həbs etdilər və bundan sonra İsrafilbəylilər sülaləsinin əsil əzablı günləri başladı.


Solmaz xanım o vaxtlar ailəsinin düşdüyü  çətinlikləri belə xatırlayır:

 


«İlk uşaqlıq illərim qayğısız keçib. Lakin sonradan həyatın ağırlığını görmüş, bəzi insanların üzüdönüklüyünün acısını çəkməli olmuşam. 1937-ci ilin adi günlərindən birində axşamçağı  qapımız döyüldü.  O vaxt mən əmim qızı Neylufərlə birlikdə idim. Qapı açıldlqda  evə biri hərbi, ikisi isə mülki geyimdə olmaqla 3 nəfər daxil oldu;  əmimlə qısa söhbətdən sonra ona 1 vərəq  kağız təqdim etdilər. Əmim sakitliyini saxlamağa çalışsa da, biz onun narahatlığını hiss edib, həyəcanlanmışdıq. Bu zaman əmim üzünü mənə və Neylufərə çevirib; – "Siz keçib o biri otaqda oynayın, mən tezliklə qayıdacağam” – dedi. Bu bizim əmimlə son görüşümüz oldu. Beləliklə,  əmimin həmin gün dediyi söz bizim ondan eşitdiyimiz  ilk və son yalan idi. Sonradan əmimə güllələnmə cəzası verildiyini  eşitdik.

 

O vaxt hakimiyyət orqanları əmimin uşaqlarını  kimsəsiz uşaqlar evinə vermək qərarına gəlmişdilər. Atam isə əmimin ailəsini himayəsinə götürməyə çalışırdı. Lakin tezliklə atamı da "xalq düşməninin yaxın qohumu” adı ilə Bakı şəhərindən sürgün etdilər və valideynlərim sağ olduğu halda, məni də kimsəsizlər evinə vermək haqqında qərar çıxarıldı. Belə bir vaxtda Emin dayım hökümət orqanlarına məni və əmimqızlarını himayəsinə götürmək istədiyi haqqında ərizə təqdim etdi (tanınmış tibb alimi, əməkdar elm xadimi, professor Məmmədemin Əfəndiyev nəzərdə tutulur). Bu  o vaxtlar üçün olduqca cəsarətli bir addım idi.  Çünki  o vaxtlar"xalq düşməninin ailə üzvləri” adlandırıldığımıza görə  qohum və tanışların əksəriyyəti bizimlə salamlaşmağa da ehtiyat edirdi. Üzərimizdəki "xalq düşməninin ailə üzvü” damğası orta təhsil  aldığımız, ali məktəbdə oxuduğumuz və müstəqil əmək fəaliyyətinə başladığımız illərdə daim bizi təqib edirdi və  bununla əlaqədar tənələrlə rastlaşırdıq.

 

Nə yaxşı ki, o qanlı-qadalı illərdə  öz insani keyfiyyətlərini, ləyaqətini qoruyub saxlamış və cəmiyyətin bütün ağırlıqlarını çiyinlərində daşımağa hazır olan  xeyirxah adamlara da rast  gəlirdik. Belə insanlardan biri – tibb institutuna daxil olarkən  rastlaşdığım o vaxtki direktor – professor Zülfüqar Məmmədov idi (o vaxtlar ali məktəblərin rəhbərləri direktor adlandırılırdı). Mən institutun qəbul komissiyasının iclasına əmimqızı Neylufərlə birgə getmişdim. Professor Z.M.Məmmədov  qəbul komissiyasında bizdən hansı  ixtisasa yiyələnmək arzusunda olduğumuzu soruşdu. Mən cərrah olmaq istədiyimi dedim, Neylufər isə pediatr ixtisasını seçmək fikrində olduğunu  bildirdi. Bu zaman biz dəhşətlə fikirləşdik ki, indicə direktor bizim tərcümeyi-halımızı oxuyacaq və kimin övladı olduğumuz aşkara çıxdıqda komissiya üzvləri əleyhimizə səs verəcək. Lakin Zülfüqar müəllim sənədlərimizə görə  bizi tanısa da, bunu büruzə verməyib, anket məlumatlarını oxumadı. O, üzünü  qəbul komissiyasının üzvlərindən birinə tutub, zarafatyana bir tərzdə: –  "Bu qızlar səninlə həmfamiliyalıdırlar, yəqin qohumsunuz, sənin xatirinə bunları instituta qəbul etməyi təklif edirəm” – dedi və bu zarafat bizim gələcək taleyimizdə həlledici oldu.


Əmimə  ölümündən xeyli  sonra – 1956-cı ildə  bəraət verildi. Bu bəraət həyatını vaxtsız itirmiş əmimi bizə qaytara bilməsə də, onun təmiz adının bərpası baxımından böyük təsəlli oldu. Bununla belə, o illər ərzində "xalq düşməninin ailə üzvü” adına görə çəkdiyimiz əziyyət və məhrumiyyətlərin acı xatirələri heç vaxt yaddaşımızdan silinmədi».


Təqdirəlayiq haldır ki, taleyin gərdişi  zərif cinsin nümayəndəsi olan bu iki  azərbaycanlı  balasını Solmaz  və Neylufər İsrafilbəyliləri sındırmadı. Onlar hər ikisi istedadları və çalışqanlıqları sayəsində elm  yolunda məqsədyönlü  şəkildə irəliləyib, tibb elmimizə və səhiyyəmizə  layiqli töhvələrini verə bildilər. Həm Solmaz xanım, həım də Neylufər xanım Azərbaycan Dövlət Tibb İnstitutunda təhsili 1949-cu ildə əla qiymətlərlə başa vurdular. Bundan sonra onların  hər ikisi bir neçə il respublikanın  müxtəlif regionlarında  praktik həkim kimi fəaliyyət göstərdilər


Neylufər xanım 1956-cı ildə Azərbaycan Dövlət   Həkimləri Təkmilləşdirmə İnstitutunun aspiranturasına daxil oldu; namizəlik və doktorluq  dissertasiyası müdafiə edib, pediatriya üzrə  professor elmi adı aldı və 1969-cu ildən ömrünün sonuna – 1994-cü ilə qədər yuxarıda adı çəkilən İnstitutda  Pediatriya kafedrasının müdiri vəzifəsində işlədi.


Solmaz xanım İsrafilbəyli həkim kimi ilk əmək fəaliyyətinə Xızı rayonunda başladı və 1955-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun bazasında "mama¬lıq və ginekologiya” ixtisası üzrə aspiranturaya daxil oldu. Solmaz xanım  şəxsi söhbətlərində bir qayda olaraq, o dövrün görkəmli həkimlərindən və tibb alim-lərindən F.N.İlyinlə, M.K.Mahmudbəyova ilə, M.M. Hacıqasımovla, A.A.Atayevlə birgə çalışdığı və onların  zəngin təcrübəsindən  bəhrələndiyi haqda həvəslə danışır. Onun professor  F.N.İlyinin rəhbərliyi ilə işləyib, 1960-cı ildə müdafiə etdiyi "Nisbi göstərişlər əsasında  aparılan Sezar kəsiyi əməliyyatı məsələsinə dair” mövzusunda namizədlik dissertasiyasının  müddəaları bütün sonrakı elmi-pedaqoji fəaliyyətinin əsas motivini təşkil etmişdir. Çünki o vaxtdan onilliklər keçsə də, bu mövzu aktuallığını itirməmişdir. Solmaz xanım bütün ömrü boyu dünyaya  insan gəlişinin – doğuşun təbii yolla  başa çatdırılmasının qızğın tərəfdarı  olmuş, özü nümunəvi bir cərrah – mama-ginekoloq olmasına baxmayaraq, həmkarlarından Sezar kəsiyi əməliyyatına yalnız hamilə qadının və doğulacaq körpənin həyatına təhlükə ola biləcəyi  hallarda  əl atmağı tələb etmişdir.


Solmaz xanım  1960-ci ildən başlayaraq, Ə.Əliyev ad. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda işləmişdir. Burada o, əvvəl assistent  vəzifəsində işləmiş, 1967-ci  ildə dosent vəzifəsinə seçilmişdir və 1968-ci ildə ona adı çəkilən institutun "Mamalıq və ginekologiya” kafedrasının müdiri vəzifəsi  həvalə edilmişdir. O, institutda təkmilləşdirmə kursu keçən kursantlara  mamalıq və ginekologiyanın sirrlərini öyrətməklə bərabər, elmi-tədqiqat işlərini davam etdirirdi və uzun illər ərzində apardığı  tədqiqatın nəticəsi olaraq, 1974-cü ildə  "Müxtəlif yaş dövründə olan qadınlarda endemik ur xəstəliyinin  yumurtalıqların funksiyasına  təsiri” mövzusunda  doktorluq dissertasiyası üzərindəki işini  başa çatdıraraq, müdafiə etdi, 1978-ci ildə  isə ona professor elmi adı verildi.


Solmaz xanımın doktorluq  dissertasiya işi Azərbaycanda geniş yayılmış endemik ur xəstəliyinin  profilaktikasının reproduktiv  funksiyaya müsbət təsirini aşkara çıxarmış və ölkəmizin bu xəstəlik üçün  endemik olan rayonlarında  əhalinin istifadə etdiyi  xörək duzunun   yodlaşdırılmasının nə dərəcədə əhəmiyyətli olduğunu bir daha sübut etmişdir.


Solmaz xanım  Ə.Əliyev ad. Az.DHTİ-nin mamalıq və ginekologiya  kafedrasına 2012-ci ilə qədər rəhbərlik etmiş və bundan sonrakı illərdə də  elmi-pedaqoji fəaliyyətini davam etdirmişdir.  Bu gün  Solmaz xanım haqlı olaraq böyük qürur hissi keçirir ki, uzun illər əmək sərf etdiyi doğma  kolektivinin sükanını öz yetirməsi olan yüksək erudisiyalı həkim və alim, tibb elmləri doktoru, professor Leyla Pzaquliyevaya təqdim etmişdir.


Solmaz xanım ötən illər ərzində yorulmaq bilmədən Həkimləri Təkmilləşdirmə İnstitutunun kursantlarına  mühazirələr oxumuş, onlara mamalıq və ginekologiyanın incəliklərini öyrətmiş, müalicə işi aparmış, respublikanın müxtəlif rayonlarına ezamiyyətə gedərək, praktik həkimlərə məsləhətlər vermiş  və elmi-tədqiqat işləri ilə  məşğul olmuşdur. O, indiyə qədər çapdan çıxmış 180-ə yaxın  elmi işin, o cümlədən  3 monoqrafiyanın  müəllifidir. İndiyə qədər  Solmaz xanımın rəhbərliyi altında  13 namizədlik (tibb üzrə fəlsəfə doktorluğu) və 3 doktorluq dissertasiyası işlənilərək müdafiə edilmişdir.


Solmaz xanım 1974-cü ildə Azərbaycan Mama və Ginekoloqlarının Elmi Cəmiyyətinin sədri vəzifəsinə seçilmiş, 1982-1989-cu illərdə Respublika Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu vəzifəsini yerinə yetirmişdir. 1987-ci ildə ona tibb elminin və səhiyyənin inkişafında  rolu nəzərə alınaraq, Respublikanın Əməkdar Elm Xadimi fəxri adı verilmişdir və nəhayət 2000-ci  ilin noyabr ayının 2-də  Solmaz xanım "Şöhrət” ordeni ilə təltif edilmişdir.


Solmaz xanım yaşının indiki çağında heç vaxt yorğunluqdan şikayət etmir,  daim öz zəngin təcrübəsini gənc həkimlərə öyrətməyə  çalışır, ona məsləhət üçün müraciət  edən həmkarlarından  dəyərli məsləhətlərini əsirgəmir. Bu gün  cəsarətlə  demək olar ki, ölkəmizdə əmək fəaliyyəti ilə məşğul olan mama-ginekologların əksəriyyəti  Solmaz xanımın  yetirməsidir. Əgər sovet hakimiyyəti illərində  Ə.Əliyev ad. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun ümumittifaq statusuna  malik olduğunu və digər respublikalardan da  kursantlar qəbul etdiyini qeyd etsək, aydın olar ki, hazırda müxtəlif MDB ölkələrində də  Solmaz xanımın yetirmələrinin sayı kifayət qədərdir.


Solmaz xanım öz ailəsi ilə də  daim fəxr edir. Onun qızı Nigar xanım  tarixçi-alimdir. Nəvəsi Fidan həyatını Solmaz xanımın peşəsi ilə bağlamış, ali tibb təhsili alaraq, mamalıq-ginekologiya sahəsi üzrə ixtisaslaşmışdır. O, tubb üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün  dissertasiya müdafiə etdikdən sonra ailə vəziyyəti ilə əlaqədar  Böyük Britaniyanın Birminhem  şəhərinə köçmüş, Britaniyada həkimlər üçün irəli sürülən qaydalara müvafiq olaraq, kifayət qədər çətin imtahan prosesindən keçmişdir və hazırda tibbi fəaliyyətini  davam etdirir.


FUAD  İSLAMZADƏ


Azərbaycan Tibb jurnalının baş redaktorunun müavini 

 

 


 Möhsün Nəcməddin oğlu 

(İsrafilbəyov) Qədirli 

(1892-1941)

Azərbaycan SSR Xalq Səhiyyə Komissarı (1922-1934); 

Azərbaycan Dövlət Tibb İnstitutunu direktoru (1930-1931);

Azərbaycan SSR XKS yanında malyariya və digər tropik xəstəliklərə qarşı Mübarizə Komitəsinin sədri (1935-1937)

 


 

 





Zülfüqar Mehdi oğlu Məmmədov  (1903-1971)


Azərbaycan SSR Elmlər Akademiyasının akademiki  (1968), t.e.d.,

professor, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor,

Azərbaycan Dövlət Tibb İnstitutunun rektoru (1943-1946),

Ümumi cərrahlıq  kafedrasının müdiri (1938-1971)

 

 

 

 



 Məmmədemin Mustafa oğlu Əfəndiyev (1897-1988)


Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor

 Azərbaycan Dövlət Tibb İnstitutu Daxili xəstəliklər propedevtikası kafedrasının müdiri (1944-1988)

 

 

 


 

 

 



Neylufər Möhsün qızı İsrafilbəyova  (1926-1994)


tibb elmləri doktoru, professor,

Ə.Əliyev ad. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun 

Pediatriya  kafedrasının müdiri (1969-1994)

 

 


Stalin repressiyasına sinə gərmiş həkim sülaləsi -  Şöhrət ordenli həkim alimin yubileyinə
Stalin repressiyasına sinə gərmiş həkim sülaləsi -  Şöhrət ordenli həkim alimin yubileyinə
Stalin repressiyasına sinə gərmiş həkim sülaləsi -  Şöhrət ordenli həkim alimin yubileyinə
Stalin repressiyasına sinə gərmiş həkim sülaləsi -  Şöhrət ordenli həkim alimin yubileyinə
Stalin repressiyasına sinə gərmiş həkim sülaləsi -  Şöhrət ordenli həkim alimin yubileyinə