Öskürəyin tipinə görə xəstəliyi tap – 1 aydan çox davam edən öskürəyə diqqət

  • 2018.10.16 16:54
  • 14201 Baxış
Öskürəyin tipinə görə xəstəliyi tap –  1 aydan çox davam edən öskürəyə diqqət
Öskürək orqanizmin müdafiə və təmizlənmə refleksidir, yuxarı tənəffüs yollarının, bronxların mikrob, virus, bakteriya fəsadlarından təmizlənməsi üçün işə düşür. Amma öskürək uzanırsa, aylarla davam edirsə, ağrılıdırsa, yatmağa belə imkan vermirsə, o zaman ciddi xəstəlikdən şübhələnmək lazımdır.


Medicina.az öskürəyin hansı xəstəliklərə səbəb ola biləcəyini təqdim edir:


Mütəxəssislər öskürəyin quru və ya yaş, yəni bəlğəmli olmasına görə xəstəliyini ayırd edir. İnsan üçün faydalı öskürək yaş, bəlğəm gətirən təmizləyici öskürəkdir. Amma bəlğəm gəlir deyə arxayınlaşmaq olmaz, çox zaman elə yaş öskürək ağır tənəffüs xəstəliklərinin başlanğıcı ola bilər.


Yaş – bəlğəmli öskürəyə görə şübhələnməli patologiyalar:


Bronxit – bronxların selikli qişasının iltihabıdır. Bronxların içəri qatı şişir, ödemləşir, bəlğəmlə bu selik xaric olur. Ona görə bronxitdə öskürək ən uzun, yorucu, gecələr, xüsusən səhərə yaxın başlayan olur. 


Pnevmoniya – ağciyər toxumasının zədələnməsi. Xəstəlik gizli başlayır, öskürəndə döş qəfəsində ağrı olur, kürək sancır, nəfəsalmada xışıltı, ağrı hiss olunur, yüksək hərarət olur. Bronxlardan çox mirdarda irinli – yaşılı-sarı bəlğəm, selik, axıntı gəlir, bəzən buna qan da qarışmış olur.  Adamda təngnəfəslik yaranır, yorulur, halsız olur, bədəni gah soyuyur, gah temperaturdan yanır.


Bronxial astma – Xroniki xəstəlikdir. Astmada öskürək pristup-tutma şəkillidir, gecələr, səhərəyaxın artır.  Gündüzlər xəstə güləndə, çox danışanda, soyuq hava udanda tutma başlayır. İnsan sanki dərindən nəfəs ala bilmir, boğulur. Şəffaf, şirəli bəlğəm gəlir. Ağır öskürək tutmalarında xəstə önə əyilərək astmaya xas poza alır, bu zaman sanki özünə kömək etmiş olur. 


Vərəm – çox ağır infeksion xəstəlikdir. Öskürək xroniki olur, heç bir dərman, türkəçarə saxlamır, uzun müddət davam edir. Metallik səs verir. İlk başda quru ola bilir, sonra yaşa çevrilir. Ən təhlükəli siqnalı bəlğəmdə qan olmasıdır. Xəstə gecələr tərləyir, halsız olur, sürətlə arıqlayır. 


Bronxoektatik xəstəlik – ağciyərlərin xroniki xəstəliyidir, xırda bronx şəbəkələrində deformasiya yaradır. Güclü maye, bəlğəm gəlir. Bəlğəm irinli, qoxulu olur. Daha çox səhərlər azı 5-10 dəqiqə bəlğəm xaric olur. Ağırlaşanda xəstə yatağa düşür, qrip olduğunu düşünür, qızdırma qalxır.

 

 


Quru öskürək zamanı xəstəliklər


Faringit- udlağın, qırtlağın selik qişasının iltihabıdır. Qıcıqlanma, ağrı, düyün, udquna bilməmək simptomları olur. Öskürək üzücü, quru, səsli, ağır olur. Uşaqlarda qaytarmaya da səbəb olur. Müalicə olunmasa xroniki formaya keçir, aylarla davam edir. 


Laringit – hürməyə bənzər, uzun, quru öslürək əsas əlamətidir. Ağciyərlərə qulaq asanda küy və xırıltı gəlir. Müalicə olunduqda quru öskürək yaşa çevrilir və 10 günə keçib gedir. 


Sinusit – burunun iltihabıdır, ordan maye boğaza axır, öskürək reseptorlarını qıcıqlandırır.  Müalicə olunmasa, öskürək güclənir. 


Öskürək tamam ayrı, başqa orqanların da xəstəliyinin simptomu ola bilər. 

Məsələn ürək xəstəlikləri zamanı quru öskürək olur. 


Mədənin reflüks patologiyasında da qida borusuna mədə şirəsi sıçrayan zaman qəfil öskürək başlayır. Xüsusən gecə yatanda bu öskürək artır. 

Heç bir orqanda patologoya yoxdursa, sinir, əsəb mənşəli öskürək də olur.

 

Psixogen öskürək gündüzlər və gecələr olur, insan həyəcanlananda, adam arasında olanda, danışanda artır, gecə yatanda isə narahat etmir. Çünki xəstə yuxuda olur, sinirləri rahatlaşır, öskürək də unudulur. Bu öskürəyin müalicəsi isə psixoterapevt və nevroloqdan başlamalıdır. 

Öskürəyin tipinə görə xəstəliyi tap –  1 aydan çox davam edən öskürəyə diqqət