- Tanınmış cərrahdan disk yırtıqlarıyla bağlı önəmli açıqlamalar“Sinir tam qurumayıbsa, xəstənin sağalma şansı var”

  • 2018.10.10 13:44
  • 16218 Baxış
 - Tanınmış cərrahdan disk yırtıqlarıyla bağlı önəmli açıqlamalar “Sinir tam qurumayıbsa, xəstənin sağalma şansı var”
Neyrocərrah Əliosman Qədimbəyli Türkiyənin İzmir şəhərində yerləşən Ege Universitetində təhsil alıb. Təhsilini bitirdikdən sonra Azərbaycana qayıdan mütəxəssis "Servikal spondilotik mielopatiya”, yəni boyun fəqərələrinin fiksasiyası mövzusu ilə bağlı geniş araşdırma aparıb.


Medicina.az-ın əməkdaşı Ə. Qədimbəyli ilə söhbətində son zamanlar artmaqda olan onurğanın boyun, döş və bel fəqərələrində disk yırtıqlarının artmasının səbəblərini soruşub. Mütəxəssis müsahibəsində gəncləşən xəstəliklə mübarizə və xilas yollarını açıqlayıb: 


- Doktor, disk yırtıqlarının geniş yayılmasının səbəbi nədir?


- Disk yırtıqları onurğanın boyun, döş və bel nahiyəsində olur. Disk yırtıqlarının çox yayılmasının səbəbi XXI əsrin ən böyük problemi olan oturaq həyat şəraiti, düzgün qidalanmamaq, aktiv həyat şəraitinin az olmasıdır. İnkişaf etmiş ölkələrdə, adətən ən böyük problem oturaq həyat şəraitidir. İnkişafdan qalmış ölkələrdə isə düzgün qidalanmamaq nəticəsində bu problemə daha çox rast gəlinir və getdikcə cavanlaşır. Disk yırtıqlarının qarşını almaq üçün aktiv həyat şəraiti, düzgün qidalanmaq, idmanla məşğul olmaq çox önəmlidir. 


- Ən çox rast gəlinən disk yırtığı xəstəliyi hansıdır?


- Boyun disk yırtıqları, döş fəqərlərində və bel fəqərələrində disk yırtıqları. Ən çox rast gəlinən bel fəqərələri nahiyəsində disk yırtıqlarıdır. İkinci yerdə boyun fəqərəsi disk yırtıqları gəlir. 


- Bel fəqərəsindəki disk yırtıqlarının əlamətləri nələrdir? Hansı əlamət  bu xəstəliyin olduğuna işarə edə bilər? 


- Birinci növbədə beldə olan ağrılar, ikincisi ayağa doğru yayılan ağrılar, yəni xəstələr budun və baldırın arxa hissəsində olan ağrılardan şikayət edirlər.

 

Üçüncüsü, ağrıdan, yandırmadan, göynətmədən şikayət edilir. Dördüncüsü, pəncə və ayaqda olan keyləşmə, uyuşmadan şikayət edilir.  Bu xəstəlikdə çanaq orqanlarının funksiyası pozulur, sidik ifrazı, yaxud bağırsaq funksiyaları pozulur. Bu simptomlara vaxtında fikir vermədikdə bel fəqərəsi disk yırtığının ən böyük problemi olan xəstələrdə yerimə və  qaçma pozuntusu meydana gəlir.


Hazırda boyun disk yırtığı xəstəliyinə də çox rast gəlmək olar. Burada ən böyük problem boyunda olan, qola yayılan ağrılar və xəstənin əlində, barmaqlarında olan uyuşmalar, keyləşmələrdir və getdikcə xəstə əlində olan hərəkət qabiliyyətini itirir. Boyun disk yırtıqları belə nisbətən daha təhlükəlidir.

 

Çünki boyun disk yırtığı nəticəsində əmələ gələ biləcək ən böyük fəsad odur ki, xəstə tamamilə əlindəki və ayağındakı hərəkəti itirmiş olur. Bundan sonra xəstə əlil arabasında oturmaq məcburiyyətində qalır. Buna görə də, bu xəstəliklərin daha erkən araşdırılaraq profilaktikası, yaxud müalicəsi gecikdirilmiş müalicəsindən daha faydalıdır. 

 

 


- Bilək sindromu nədir?


 - Hazırda ən çox rast gəlinən xəstəliklərdən biri karpal sinir, bilək sindromudur. Bu xəstəlik bilək kanalında ələ gedən sinirin sıxılmasıdır. Bu xəstəlik də artıq çox yayılıb. Bu gün bizim hospitalda bu xəstəliklə bağlı mikrocərrahiyyə və lazer cərrahiyyəsi icra olunur. Bu əməliyyatlar vasitəsi ilə pasiyentlər bu sindromdan azad edilir. Xəstənin əlində, barmaqlarında gecələr uyuşmalar olur. İlk 3 barmaqda uyuşmalar olur. Pasiyent gecə yuxudan oyanır, əlini silkələmək, keyləşməni ovmaq, masaj etmək məcburiyyətində qalır. Müəyyən bir vaxt (5-10 dəqiqə, yaxud 1 saat) sonra əlindəki uyuşmalar keçdikdən sonra xəstə rahatlaşır. Vaxtında üstünə düşməsə xəstənin əlində iflic, zəifləmə olur, qələmlə yaza bilmir, paltarının düyməsini bağlaya, qaşığı əlinə normal alıb yemək yeyə bilmir, hər hansı bir iş görə bilmir. Bu da nəticədə əl iflicinə gətirib çıxara bilər. Bunun da qarşısını mikrocərrahiyyə əməliyyatı ilə almaq mümkündür. 


- Bu pasiyentlərin tam sağalmaq şansı varmı?


- Sinir tam qurumayıbsa, iflic getməyibsə xəstənin sağalma şansı var. Amma tam gecikmiş xəstələrdə geridönməz dəyişikliklər də baş verə bilir.

 

- Mikrocərrahiyyə əməliyyatının üstünlükləri nədir?


- Hazırda açıq əməliyyatlarla yanaşı, müasir mikrocərrahiyyə əməliyyatı icra olunur. Bunun üstünlüyü odur ki, əməliyyat spinal anestezi - narkozsuz şəkildə, xəstə tam yatmadan icra olunur. Əməliyyat 10-20 dəqiqə ərzində, tam ağrısız, kiçik bir məsafədən daxil olmaqla və qansız həyata keçirilir. Bu əməliyyat mikroskopla icra olunduğu üçün xəstənin əlil, yaxud şikəst olması ehtimalı yoxdur. Əməliyyatdan 6 saat sonra xəstə gəzə bilir. Bu metod bu gün dünyanın hər yerində istifadə olunur. Bu metodun üstünlüyü ilə əlaqədar olaraq qonşu ölkələrdən – Dağıstan, Rusiya, Gürcüstan, Ukrayna, eyni zamanda bəzi Yaxın Şərq ölkələri – İraq, bəzi hallarda isə İrandan da bizim hospitala müraciətlər olur. Bu əməliyyatdan 6 saat sonra xəstə təyyarə ilə öz ölkəsinə qayıdır. Əməliyyatın əsas üstünlüyü odur ki, mikroskop vasitəsi ilə aparılır. 


 - Onurğanın şöbələrində baş verən digər problemlərlə əlaqədar hansı üstünlüklər əldə edilib? 


- Son 10 ilə qədər insanlar bel fəqərəsi sürüşməsinə, qrijalara görə xarici ölkələrə müraciət edirdi. Lakin bu əməliyyatlar bu gün Azərbaycanda yüksək səviyyədə icra olunur. Ən çox rast gəlinən patologiya boyun qrijasıdır. Qeyd etdiyimiz kimi boyun qrijası daha təhlükəlidir. Əgər xəstənin boynunda və qolunda keyləşmələr varsa, bu əməliyyatlar yüksək səviyyədə icra olunur. Üçüncü ən böyük irəliləyiş odur ki, xəstədə bel fəqərəsi sürüşməsi olanda, onun belinə metal implantlar qoyulur. İmplant qoyularaq fəqərədəki sürüşmə geri qaytarılmış olur. Bundan başqa, onurğadakı şiş xəstəlikləri yüksək səviyyədə icra olunur, skalioz, onurğa əyrilikləri yüksək səviyyədə həyata keçirilir. Bunu bilməkdə fayda var ki, hər xəstə əməliyyatlıq deyil. Belində qrija olan 100 xəstənin 80 faizə qədəri müalicələrlə, fizioterpiya, lazer müalicəsi ilə sağala bilir. 20% pasiyent əməliyyat olunur. Hazırda dünyada robotik lazer terapasiyası var ki, bu terapiya bizim xəstəxanada bel fəqərəsi yırtıqlarında, osteoxondrozda, duzlaşmada yüksək dərəcədə tətbiq olunur və xəstələr əməliyyat olunmadan müalicə oluna bilirlər. 


- Pasiyentlərin bu xəstəlikdən sağalma ehtimalı neçə faizdir? 


- Ataların gözəl bir sözü var ki, min dərd varsa, min bir dərman var. Sadəcə neçə faiz sağalma məsələsi var. İnsan var 100  faiz sağala bilər, insan var ki,  20-50 faiz sağala bilər. Təbii ki, hər xəstənin müalicəsi, proqramı, müalicə gedişatı fərdidir. Ona görə heç zaman xəstələr ümidsizliyə qapılmamlıdır. 


- Əməliyyat olunmuş və sağalmış pasiyentlərdə xəstəliyin geri qayıtma ehtimalı varmı? İnsanlar özünü qorumaq üçün nəyə diqqət etməlidir?


- Onurğa sütunu xəstəlikləri, osteoxondroz, duzlaşma, kirəcləşmə, yırtıq xroniki xəstəlikdir. Xəstə özünə baxmazsa, osteoxondroz, duzlaşma geri qayıda bilər. Açıq cərrahiyyələrlə müqayisədə mikrocərahiyyələrdən sonra xəstəliyin təkrarına rast gəlmə tezliyi 1-3 faizdir, yəni 100-dən 1-3-də yenidən yarana bilər. Açıq əməliyyatlarda isə 100-dən 50-də, bəzi hallarda isə 30-da geri qayıda bilər. Ona görə insanlar istər Avropa, istərsə də Amerikada geniş yayılmış mikrocərrahiyyənin tətbiqinə başlayıblar. 


Birinci növbədə pasiyent üzgüçülüklə, aktiv idmanla məşğul olmalı, çəki çoxluğundan azad olmalı, həyat rejiminə diqqət etməlidir. Ofis işindəyiksə 30 dəqiqədən bir durub 5-10 dəqiqə gəzmək, yatağımızın, yastığımızın ortopedik olmalı, turnikdə sallanmalı, həftəlik idmanlarımızı, gündəlik yürüşlərimizi etməli, ən önəmlisi qida rasiyonumuza diqqət etməliyik. Qida rasiyonumuzu süd, qatıq, ağartı məhsulları, meyvə tərəvəzlə zəngin etməliyik. Bunlara diqqət edən insanlarda bu xəstəliklərin təkrarlanma riski azdır. Necə ki, insanın dişində problem olur. Stomatoloqa gedir dişini müalicə etdirir, amma yenə də dişini firçalamalı, profilaktik olaraq baxış etməlidir, eləcə də bu əməliyyatlardan sonra özünü qorumaq lazımdır. Belə xəstəliklər də sağalır, əməliyyat olunur, rahat şəkildə gedir, amma 10-15 il sonra problemləri ola bilər. Problemləri olmasın deyə biz xəstələrə həyat şəraitini anladırıq. Heç də təsadüfi deyil ki, dünyada bel məktəbi deyilən məktəblər var. Burada xəstəliyi olan insanlar maarifləndirici məlumatlar alırlar. Bizim  bel, boyun xəstəlikləri ilə bağlı kitabımız var, bundan başqa onurğa.com, neyrohospital.az saytları var ki, burda xəstələrə maarifləndirici bilgilər veririk. 


- Yenidən təkrarlanmış xəstəliyin müalicəsi necə aparılır?


- Yenidən təkrarlanmış xəstəliyin müalicəsi mümkündür. Təkrarı yaranan hər bir xəstəlik əməliyyatlıq deyil, 90-95 faizi müalicə ilə sağalır. Pasiyentlərin 5-10 faizinin 10-15 dəqiqəlik mikrocərrahiyyə əməliyyatı ilə sağalması mümkündür. 


-Pasiyentlərə tövsiyəniz nədir?


- Bizim insanların əksəriyyəti həkimə xəstəliyin son mərhələsində müraciət etməyi xoşlayır. Çox az hallarda xəstəlik erkən mərhələdə aşkarlanır. Biz neyrocərrahiyyə üzrə Ege Universitetində ixtisaslaşmışıq. Türkiyədə pasiyentlərə diqqət etmişik, onlar erkən mərhələdə gəlməyə meyillidir. Bel ağrısı varsa, heç ayağa yayılmadan həkimə gəlirlər. Bu Avropada, Amerikada da belədir. Amma bizdə isə insanlarda uyuşma, keyləşmə olur, əlil arabasına düşəndən sonra həkimə gəlirlər. Gec mərhələdə həkimə müraciət etməyə meyilliyik. Artıq buna alışırıq, amma biz istər televiziya verilişlərində, istərsə də müsahibələrdə insanları maarifləndirməyə çalışırıq ki, bu şikayətləriniz varsa vaxtında həkimə müraciət edin. Sonra bunun müalicəsi uzun vaxt almasın.


Aygün