BölmələrRU
Xidmətlər
 

Serebral iflicli uşaqları masaj etməklə vaxt itirməyin, UZAY terapiyası vacibdir- Zehni və fiziki qüsurlu uşaqları ayağa qaldıran reabilitoloq

Müxtəlif səbəblərdən beyni zədələnən uşaqlar elə ilk yaşlardan gəzmək, əl-qol hərəkətləri, danışmaqda əziyyət çəkir. Bu uşaqların valideynləri onları az da olsa hərəkətə gətirmək üçün illərlə həkimlər, mərkəzlər gəzir. Azərbaycanda serebral iflicli uşaqlar az deyil. Onların rebilitasiyası lap başdan doğru düzgün aparılmalıdır. Bir yanlışlıq, vaxt itkisi artır çətin düzələn prosesə çevrilir.

Bioloji təbabət klinikasının pediatrik reabilitasiya bölməsinin həkimi Leyla Məmmədova 8 ildir ki, uşaqların ağır xəstəliklərdən ayağa qalxmasına yardımçı olub və öz metodikaları var. Medicina.az uşaqların müasir metodlarla reabilitasiyası mövzusundə həkimlə müsahibəni təqdim edir:
 

-Leyla xanım, Bioloji təbabət klinikanın pediatrik  hansı müalicələr üzrə peşəkarlaşıb, nə kimi problemləri olan uşaqları qəbil edir və hansı özəlliyi var?

-Bioloji təbabət pediatrik reabilitasiya şöbəsində 8 ildir serebral iflic, daun, autizm, skolioz, doğuşdan travma alan uşaqları, əzələ-sümük zəifliyi, əyripəncəlik, hipertonuslu uşaqlar, artritli uşaqları müalicə edərək, reabilitasiyası ilə məşğul oluruq.

Klinikamızda Avropa və Türkiyədə olan müasir Uzay terapiya deyilən Qəfəs terapiyası həyata keçirilir.  Qəfəs Terapiyası hər klinikada və poliklinikalarda yoxdur. Bu terapiyanın çox üstünlükləri var. Onun vasitəsilə iməkləməyən uşaqların iməkləməsinə, oturmayan uşaqların sərbəst otura bilməsinə, əlləri işləməyən uşaqların hətta rəsm çəkməsinə nail oluruq. 

Uşaq var ki, baş kontrolu var, oturmaq, iməkləməsi yoxdur. Bu zaman qəfəsdə müvafiq iplər uşağın ağırlığına uyğun taxılır, bağlanılır və iməkləmək öyrədilir. 

Bir hərəkəti bir neçə dəfə təkrarlayırıq, beyinə o refleksləri o qədər ötürürük ki, beyin onu yadda saxlayır.  10-20 gün sonra artıq dayaqsız, bağlanmadan həmin hərəkətləri sərbəst edir.
 
 
 Əgər uşaq  4-5aylıqda baş kontrolu yoxdur, boynunu saxlayan bilmir,
6-7 aylıqda əlini uzatmırsa, otura bilmirsə, 9-10 aylıqda iməkləmirsə, 1-2 yaş arası yerimirsə artıq həyəcan siqnalı vermək lazımdır.

-Bunları evdə, valideynlər özləri etdirə bilməz?

-Xeyr, ev şəraitində bu mümkün deyil.  Klinika şəraitində qəfəs terapiyasının evdəki idman, masaj, hərəkətlərlə müqayisədə çox fərqi , effekti var. Masajla müalicə olmur. Uşaq özü-öz hərəkəltərini görməlidir. Onun beyninə bu proqram kimi yazılmalıdır. 
-
Serebral iflicli uşaqlar valideyndən asılı olan, onlarsız  hərəkət etməyən uşaqlardır. Valideyn əini  çəkən kimi özlərini itirir, əzələlər sıxılır, hərəkət tam məhdudlaşır, müvazinət itir. 

Bunun da səbəbi  elə valideynlərdir. Onlar daim uşağı tutur. Mən həmişə valideynlərə deyirəm ki, uşaq seansa gələndə çıxın dəhlizdə gözləyin. Valideyn deyir, yox o mənsiz qalmayacaq, ağlayacaq. Anlamırlar ki, əksinə bu uşaqları maksimum ana-ata dəstəyindən uzaqlaşdırmaq lazımdır. Xaricdə kurslarda da professorların valideynlərə ilk sözü o olur ki, uşağı özündən uzaqlaşdır, uşağa azadlıq ver. Valideyn  ona dayaq olduqca uşaqda tənbəllik dərinləşir, əzələlər zəifləyir. Qucağa öyrəşir. 5-6-7 yaşı var, baxırsan ki, qucaqdan düşmür. 

Qəfəs terapiyasında uşaq artıq valideynsiz, heç kimin dəstəyi olmadan, o iplər onu tutur, hərəkət edir. İməkləyir, gəzir, elə bilir ki, özü iməkləyir, gəzir. Buna inanır. Beyinə də siqnal gedir. Artıq görür ki, heç kim onu tutmayıb. Deməli bunu bacarar. 

Xaricdə valideynlər maariflənir, başa düşür. Burda bizim valideynlər uşağı otaqda müstəqil qoyub çıxmırlar. 

-Belə qəfəslər poklinikalarda var? 

-Təəssüf ki, poliklinikalarda yoxdur. Hətta özəl klinikalara övladını reabilitasiyaya aparan valideynlər gəlir, soruşuruq, deyir orda belə qəfəsə qoymurdular. Dedilər, ehtiyac yoxdur. Bəzən həkimlər də yanlış yerə yönəldir. Necə ehtiyac yoxdur. Qəfəs terapiya 3 aylıqdan 10 yaşa kimii bütün uşaqlara hava-su kimi lazımdır. Sadəcə əziyyətli işdir, ola bilər heç o klinikada yoxdur. Uşağı qəfəsə qoyandan 3 gün sonra effekt artıq görünür. 
Serebral iflicli uşaqların validyenləri dərmana, masaja çox vaxt sərf edib qiymətli vaxtı itirirlər. Uşağı uzadıb açma bükmə hərəkətləri ilə uşaqda gəzmək, oturmaq vərdişi aşılamaq olmaz.

-O zaman neçə aylıqdan, neçə yaşdan artıq Qəfəs terapiyaya gəlməlidirlər? Ümumiyyətlə, valideyn vaxt itirməmək üçün nələrə diqqət verməlidir?

-İlk simptomları görən kimi.  Əgər uşaq  4-5aylıqda baş kontrolu yoxdur, boynunu saxlayan bilmir, 6-7 aylıqda əlini uzatmırsa, otura bilmirsə, 9-10 aylıqda iməkləmirsə, 1-2 yaş arası yerimirsə artıq həyəcan siqnalı vermək lazımdır. Elə baş kontrolundan bilinir. Başda əsmələr varsa, artıq problemə işarədir. 

Bəzən uşaq boynunu bir tərəfə döndərir, bir istiqamətdə saxlayır. Bu yaxında 3 aylıq körpə gətirmişdilər, əyri boyunluluq, bir tərəfdə əzələ qısalığı, gərginlik var idi. Sola baxa bilmirdi.  3 seansa əzələni açdıq, artıq boynunu çevirdi, düz saxladı.  Gec gəlsəydi əzələ bərkiyəcəkdi, əyriboyunluğun dərəcəsi daha da artacaqdı. Boyunda bir az əyrilik varsa, avtomatik onurğada əyriliklər əmələ gəlir. 

-Avropada bu uşaqların müalicəsi necədir, bizdə nələr çatışmır? 

-Bilirsiz, belə uşaqların müalicəsi səbr, diqqət, əziyyət, vaxt tələb edir.  Çoxları gələn kimi dərhal soruşur: həkim, neçə günə, neçə seansa uşaq gəzə biləcək? Uşaq 2 tərəfli parezdir, bu vaxta kimi heç bir irəliləyiş olmayıb, düzgün reabilitasiya getməyib, amma bir anda effekt istəyirlər. 
Valideynlərdən çox şey asılıdır. 

Avropa ölkələrində, Türkiyədə belə uşaqların müalicəsi komanda ilə olur: reabilitoloq, nevroloq, fizioterapevt, psixoloq. Bizdə təəssüf ki, bir həkimlə kifayətlənirlər, həkimi tez-tez dəyişirlər. Valideynlər həkimdən şübhələnir. 10 gün dərmanı verir, deyir uşaqda heç nə olmadı. Gedir ayrı yerə, yenə vaxt itir. Yəni bu xəstəlikdən bir günə möcüzə gözləmək olmaz. Bunlar hamısı maariflənmənin olmamasındadır. Serebral iflis elə ciddi dərin xəstəlikdir ki, valideyn daim öyrənməli, oxumalı, həkim qədər bilməlidir. 

-Hipertonuslu uşaq nə deməkdir?

-Əzələlərin həddən artıq sıxılması, yığılması. Bu beyindən gələn siqnaldır. Baxırsan normaldır, yerişi, oturuşu. Amma məktəbdə həyəcandan, ya müəllim söz deyir, ya yad adam gələndə, əsəbləşəndə əl-ayağı yığılır. Bu zaman nevrapotoloq da müalicə yazır, dərmanlar əzələrini boşaldır. Biz isə əzələləri masaj və hərəkətlərlə açırıq. Ondan sonra daha yığılmalar olmur. 

-Həkim, belə problemlər uşaqlarda nədən yaranır?

-Çox zaman ana bətnində anadan qaynaqlanan problemlər, viruslar, mikrovblar, doğuşda, hətta keysəriyyə zamanı. Hansısa prosesdə uşağın beyni zədələnir, yəni müəyyən hissələr tam formalaşmır və ya uşaq uzun müddət hipoksiya vəziyyətində qalır, doğuş yollarında oksigensiz qalır.  Təəssüf ki, onu öncədən təyin etmək olmur. 
 


-Son zamanlar pəncəsini əyib gəzən, barmağının ucunda gəzən uşaqlar barədə analar çox yazır?

-Bəli, yastıayaqlılıq çox yayılıb. Əgər uşaq gəzməyə başlayandan artıq 1 ay müddətində ayaqlarını yana doğru basıb gəzirsə, pəncəni düz yerə basmırsa və ya " balerina yerişi” ilə barmaqlarının ucunda gəzirsə, artıq müalicəyə başlamaq lazımdır. Bu, sinir sistemi ilə əlaqədar simptomdur. Ola bilər oynaqda deformasiyalar olur. Öz-özünə düzələn deyil, gözləməsinlər. 

Məktəbli uşaqlar arasında kifoz, skolioz geniş yayılıb. Yadımdadır, əvvəllər parta arxasında uşağın kürəyini düz saxlamasına müəllimlər diqqət edərdi, hətta əllərində çubuq olardı, belini əyənə vururdular da. Amma indi sinfə baxırsan, uşaqlar partaya sinələri ilə yapışıb. Buna heç fikir verən yoxdur. Valideynlər sonradan ayılır ki, uşağın çiyinləri aşağı düşüb, köks batıb, skolioz dərinləşib. 

Pediatrlar uşaqların sümük-əzələ sistemi üçün vitamin D və kalsium balansını tənzimləməlidirlər. 
Həmçinin autizmli, daun sindromu uşaqların əl-qol, gəzmək, yazmaq vərdişlərini yaradırıq. Elə autist uşaq var idi, bağçaya, məktəbə götürmürdülər, bizim müalicədən sonra xeyli düzəliblər, kursa da gedir. Uşaqla həkim reabilitoloqun münasibətinin də gözəl alınması vacibdir. BU uşaqlar hər həkimin də dediyini itmir. Burda hansı uşaqla necə davranmağını bilməlisən, uşağı özünə öyrəşdirməlisən. Reabilitoloqunu sevən uşaq müalicələrə də çəkinmədən gələcək, effekt də alacaq.


AYGÜN MUSAYEVA