Azərbaycanda qadınların dərin bikini sevdası - Bu epilyasiyanın hansı fəsadları var? - ARAŞDIRMA

  • 2018.10.30 17:07
  • 133221 Baxış
Azərbaycanda qadınların dərin bikini sevdası -  Bu epilyasiyanın hansı fəsadları var? - ARAŞDIRMA
Bu gün az qala 17-18  yaşlı xanımların da üz tutduğu, "can rahatlığı" dedikləri bikini hissənin lazerlər epilyasiyası proseduru geniş yayılmaqdadır. Əvvəllər ciddi estetik klinikalarda olunan bu prosedur indi adi salonlarda da təklif olunan xidmətdir.  


Medicina.az dərin bikini epilyasiyasının qadın orqanizminə, xüsusən ginekoloji orqanlara zərərinin, əks gösrəşinin olub-olmamasını araşdırıb. 

Kosmetoloq Maya Məmmədova artıq 2 ildən artıqdır ki, şəhərdə daha çox xanımın bikini lazerə müraciət etdiyini, gün ərzində 5-7 dərin bikini lazeri etdiyini  etiraf etdi:


" Təzə-təzə bu metoda çox az xanımlar, qorxa-qorxa, daha çox çəkingənlikdən, utandığından  gəlmir, bir qədər neqativ, ayıbmış kimi münasibət bəsləyirdilər. Daha sonra toydan öncə gəlinlər bu prosedurdan keçməyə başladı. Çünki toydan öncə bikininin digər metodla, xüsusən ülgüclə depilyasiyası effektiv deyildi, qızartı, qaşınma verirdi, 1 günə artıq tüklər çıxmağa başlayırdı.

 

Daha sonra müxtəlif yaş qruplarından, hətta evdar qızlar, qadınlar da bikini nahiyəsinin lazerlə epilyasiyasını eşidib, bir-birinə bu üsulun daha yaxşı olduğunu çatdırdılar. İndi 17 yaşlı müştəri də olur, 55 yaşlı müştərimiz də olub. 


Çoxu dərin bikini üçün epilyasiyadan utanır. Amma mən həkim kosmetoloq olduğum üçün belə bir intim nahiyənin steril işlənməsi və düzgün işlənməsi problem deyil. Bir dəfə dərin bikini lazer epilyasiya etdirən, o qədər bəyənir ki, sonra özü tez-tez müraciət edir. İstər bikini, istər dərin bikini lazeri dəridə yanıq, izlər qoymur, xüsusi anestetik krem çəkildikdə ağrısızdır”.


Bir neçə seansdan sonra bikinidə artıq tüklərin getdikcə seyrəldiyini, azaldığını, gec bərpa olduğunu görən xanımlar illərdir bu nahiyənin depilyasiyası üçün əlləşdikləri zədəli, effektsiz metodlardan – ülgüc, mum, krem kimi üsullardan imtina edir.


Lakin nə qədər müasir, nə qədər peşəkar həkim olsa da, lazerlə epilyasiyasının əks göstəriş olduğu bir neçə qrup qadın var. Təəssüf ki, salonlarda, xırda gözəllik mərkəzlərində, hətta özəl, evdə açdığı aparat lazer xidmətində heç kim qadınlardan hansı xəstəliyinin olub-olmamasını soruşmur. 


Müxtəlif ginekoloji xəstəlikləri olan qadınlar bikini lazer etdirə bilərmi?


Bu barədə həkim ginekoloq Ramil Teymurov məlumat verdi:


" Genital bölgənin bir sıra dermatoloji xəstəliklərində, hamilələr, südverən xanımlara lazer epilyasiyası olmaz. Mioma, fibromioma, kistlər əks göstəriş deyil, edə bilərlər. Amma sidik kisəsi və ginekoloji infeksiyaları, məsələn sistiti olan qadınlara məsləhət deyil. Yaxşı olar ki, müalicə olunsunlar, sonra. 

Amma təbii ki, bu halları salonlar, mərkəzlər nəzərə almır.

 

Müştərinin arzusu və pulu daha önəmlidir. Xanımların kaprizləri isə sağlamlıqlarından da önə keçir. Ona görə lazer epilyasiyası az qala addımbaşı təklif olunur”.


Dermatoloq Rüfət Nəsibov isə bikini nahiyədə xallar varsa, epilyasiya zamanı onların üzərinin örtülməsini, xüsusi bandlar yapışdırılmasını  vacib saydı: 


" Əgər kosmetoloq və ya epilyasiyanı icra edən mütəxəssis bikini nahiyəsinin dərisində hər hansı zədə, qabıqlanma, dəridə ağ və ya tünd ləkələr, səpkilər görərsə, lazer etməməlidir. Bir çox lazer epilyasiyası avadanlıqları istehsal edən şirkətlər onların istifadə kitabçasına hər ehtimala qarşı bir sıra ginekoloji xəstəlikləri də əks göstərişlər siyahısına daxil ediblər. Həmçinin hamilə qadınlar hətta hamiləlik erkən və ya son mərhələdə olsa da, xüsusən doğum evinə getməzdən əvvəl də lazer epilyasiyasından uzaq durmalıdırlar.”

 


Beləliklə bikini, dərin bikini lazer epilyasiyasının qadağan edildiyi qadınların siyahısını təqdim edirik:


-Onkoloji xəstəlikləri olanlar

-Bikini nahiyədə açıq yaraları olanlara

-Hormonal və qalxanvarı vəz pozğunluqları olanlar

-Virus infeksiyalarına tutulanlar

-Ayaqlarında varikoz genişlənməsi olanlar

-HAmilə və südverən qadınlar

-Solyaridə qaralanlar

-Qan xəstəiyi olanlar

-Ağır psixi xəstəlikləri olanlar

-18 yaşı tamam olmayan qızlara

-Lazer şüalarına həddən artıq həssaslıq və allergiyası olanlar


Allergiyanı lazerdən öncə kabinetdə xüsusi testlə yoxlamalıdırlar.

 



Papiloma virusu təhlükəsi


Həkimlər qadınlarda daha çox cinsiyyət orqanlarının dərinliyində olan, ət xal kimi görünən papilommalar olduğu halda lazerin ziyanlı olduğunu bildirir. Çünki lazerdən papilommalar artıb yayılır, həmçinin virus lazer başlığı ilə sonrakı müştərinin cinsiyyət orqanlarına ötürülə bilər. Bir nov bikini lazer proseduru ilə papilomaların yayılma riski, təhlükəsi çoxdur.

 

Bu zaman kosmetoloq çox sayda qadını risk altında qoyur. Ona görə lazerdən öncə kosmetoloq həkim müştərini mümkün qədər ciddi vizual müayinə edib, dərin bikini nahiyəsində ziyil, xal, papiloma olmasını diqqətə almalıdır.


Təəssüf ki, az qala ginekoloji prosedura bənzəyən dərini bikini lazer epilyasiyası şəhərin əksər salonları və mərkəzlərində ciddi gigiyenik prosedurlar aparılmadan, müştərinin sağlamlığı təhlükə altına alınaraq icra olunur. Bu prosedurun zahirən gözəl effekti çox qadınları daxilən ciddi fəsadlarla üz-üzə qoyur. Xüsusən 15-17 yaşlı qızların bikini lazerinə alınması qadağandır.

 




AYGÜN MUSAYEVA

Azərbaycanda qadınların dərin bikini sevdası -  Bu epilyasiyanın hansı fəsadları var? - ARAŞDIRMA
Azərbaycanda qadınların dərin bikini sevdası -  Bu epilyasiyanın hansı fəsadları var? - ARAŞDIRMA
Azərbaycanda qadınların dərin bikini sevdası -  Bu epilyasiyanın hansı fəsadları var? - ARAŞDIRMA