BölmələrRU
Xidmətlər
 

Sağlamlığa təhdid olan plastik qabların yaratdığı DƏHŞƏTLİ XƏSTƏLİKLƏR - Rəsmi qurumlar hərəkətə keçdi

Azərbaycanda addımbaşı plastik qab, stəkan, polietilen torbalardan istifadə halları artdığından dünyada bu gün qloballaşan plastik və polietilenin ekologiya və insan sağlamlığına ziyanı ölkəmizdə də aktuallaşır.

Az qala bütün kafelərdə çay, su, qəhvə, yemək insanlara plastik stəkan və qablarda verilir. 

İstifadə olunan bu məhsullar sonradan zibillə ətraf mühitə atılır. Zibilliklərdən toplanması çətin olan polietilen torbalar 100 illərlə xarab olmadığından torpağın keyfiyyətini pozur.
 


Əsasən yay fəslində zəhərlənmə hallarının səbəbi kimi elə plastik qablar göstərilir. 

Mütəxəssislər zəhərlənmə səbəbi kimi bu növ qabların tərkibində bisfenol adlı toksiki maddə və ağır metalların olmasını göstərirlər.
Medicina.az-ın əməkdaşı bir müddətdir, ölkəmizdə də aktuallaşan mövzu ilə bağlı pediatrdan açıqlama alıb. Pediatr Vaqif Qarayevin sözlərinə görə, plastik qablar qızdırıldıqda və isti günəş altında qaldıqda həmin toksiki maddələr insan orqanizminə daxil olur:

"Nəticələr isə ürəkaçan olmur. Bu, hiperaktivlikdən onkoloji problemlərə qədər bir çox fəsadlara yol açır”.

Mütəxəssis bir çox ölkələrdə belə qablardan imtina edildiyini, buna baxmayaraq Azərbaycanda hələ də istifadə edildiyini qeyd edərək, xüsusilə uşaqlar üçün böyük təhlükə olduğunu vurğulayıb:

"Hər bir qabın üzərində, içərisində rəqəmlər olan üçbucaq şəkilli işarələr var. PET və PETE(1) ağır metallarla daha zəngindir... HDP və ya HDPE( 2) ziyansız hesab olunur. Bu qablarda yemək qızdırmaq olmaz. İsti günəş altında olan qablardan qətiyyən istifadə etmək olmaz”.
 


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev isə Medicina.az-a açıqlamasında nazirliyin bu məsələ ilə bağlı daha aktiv fəaliyyətə keçdiyini bildirib:

"İaşə obyektlərində müştərilərə içki, qida təklif olunan plastik qabların tərkibi çox zərərlidir. Orda olan kimyəvi qatqılar istinin təsirindən aktivləşir, xüsusən uşaq orqanizminə düşərək, çox ciddi fəsadlar verir. Uşaq immuniteti hələ zəif olduğundan zəhərli, kimyəvi, yad maddəyə müqavimət göstərə bilmir”.
  
Nazirlik rəsmisi qeyd edib ki, marketlərdə ərzaq məhsulları yığılan birdəfəlik torbalar da çox ziyandır: "O torbaların yumşaq olması üçün xüsusi kimyəvi qatqılar vurulur.

Buna görə, polietilen torbalarda istifadə etdiyimiz meyvə-tərəvəzin açıq halda daşınması yolverilməzdir. Çünki torbadakı maddələr müəyyən reaksiyaya girərək ərzaq məhsuluna keçir. Sonra o ərzaqları yeyirik. Bu, bütün ailəyə ziyandır”.

O, alternativ variatlar da təklif edib: "Keçmişdə dədə-babalarımız zənbildən istifadə edirdi. Ən təbii, zərərsiz vasitə odur. İnkişaf etmiş ölkələrdə kağız torbalar var. Bu da insanların seçiminə qalır. Evdən bazar, market zənbili götürmək, daha sağlam, zərərsiz bir torba, çanta seçmək çətin deyil ki...”

Sektor müdiri yaxın gələcəkdə bu problemin qanunvericiliklə və məcburi qadağalarla həll oluna biləcəyi ehtimallarından da danışıb:

"Hələ ki, kütləvi informasiya vasitələrində maariflənmə ilə insanlardan təpki, təşəbbüs gözləyirik. İnsanlar özləri bunlardan imtina edib, daha az zərərsiz, sağlam vasitələrə keçsə, yeri gələndə sahibkarlardan tələb etsə, istehsalçı da tələbatın azaldığını görüb geri çəkilər. Ola bilər, sahibkarların işi ilə bağlı qanunvericilikdə gələcəkdə bəzi müddəalar əlavə olunsun. Marketlərdə kağız və digər torbaların olmasına nail olaq, sonra digər kəskin tədbirlərə keçilər. İaşə obyektlərində, marketlədə kağız və zərərsiz qablar, torbaların istehsalı, ölkəyə idxalı ilə məşğul olan sahibkarlara güzəştlər etmək olar. Bəlkə insanlar özləri öz sağlamlıqları naminə belə torbalardan getdikcə imtina etdikcə problem çözüləcək”. 

Mövzu ilə bağlı medicina.az saytının tibb üzrə eksperti Aygün Musayeva da məsələ ilə bağlı mövqeyini bildirib. O, plasmas qablarda bakteriya, göbələk və kifin asanlıqla yarandığını və yayıldığını deyib:
 
"Ərzaqlar polietilen torbada daha tez xarab olur. Əgər polietilen ərzağı korlayırsa, düşdüyü torbağı məhv edirsə, görün insan orqanizmini necə zəhərləyir. Temperatur dəyişdikcə bu qablardan zəhərli toksinlər çıxır. Bu maddələrdən biri formaldegid kanserogen maddədir və onkoloji xəstəliklər yaradır.
Plastika və polietilenin insanda yarada biləcəyi fəsadlar:

-Bakteriya və göbələklər

-Dəri problemləri, allergiya

-Bronxit 

-Qanın toksiki maddələrlə zəhərlənməsi

-Qaraciyərin zəhərlənməsi

-Göz xəstəlikləri

-Sinir, əsəb pozuntuları

-Uşaqlarda allergiya, boğulma, sinir zədələnməsi, qaşınma. 

-İllərlə və daha çox istifadə etdikdə isə onkoloji xəstəliklərin başlanğıcını qoya bilər.

Ümumiyyətlə, sivil ölkələrdəki kimi ərzaqların təmas etdiyi qabların nədən hazırlandığına önəm verməli, birdəfəlik qablardan imtina etməliyik. Bazar-market üçünsə hər ailənin zənbili və təbii materialdan torbaları olmalıdır”.

Şəhanə Quliyeva
Aygün Musayeva
MEDİCİNA.AZ