Qonşu ölkələrdə Azərbaycan təhlükədədirmi? - RƏSMİÖLÜMCÜL VİRUS:

  • 2018.01.12 15:09
  • 14023 Baxış
Qonşu ölkələrdə  Azərbaycan təhlükədədirmi? - RƏSMİ ÖLÜMCÜL VİRUS:
Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzi Azərbaycanda qızılca xəstəliyinin yayılması ilə bağlı açıqlama verib.

 

Medicina.az xəbər verir ki, Mərkəzin direktor müavini Afaq Əliyeva Publika.az-a açıqlamasında bildirib ki, ölkəmizdə illərdir qızılca qeydə alınmır və belə bir təhlükə yoxdur:


"2013-cü ilin iyul ayından sonra Azərbaycanda qızılca xəstəliyi qeydə alınmır. Bəzən allergik səpgilərlə bağlı müraciətlər olur, bu zaman müayinəsi aparılır və qızılca aşkarlanmır. Ölkəmizdə həm qızılca, həm də məxmərək xəstələliklərinin qeydə alınmaması Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiq edilib. Azərbaycanda profilaktiki tədbirlərin yüksək səviyyədə həyata keçirilməsi səbəbindən nəinki yerli, hətta gətirilmə qızılca hadisəsinin qeydə alınmamasına dair sertifikat verilib. Vəziyyət tam normaldır”.


A.Əliyeva bildirib ki, Ukrayna, Rumıniya kimi ölkələrdə bir neçə ildir qızılca xəstəliyi qeydə alınır:


"Bunun da səbəbi peyvəndləmə işinin zəif olmasıdır. 2006-cı ildə Azərbaycanda qızılcaya qarşı böyük kampaniya aparıldı. 35 yaşa qədər bütün əhali peyvəndləndi. Həmin prosesdən 10 ildən çox vaxt keçib, o zaman 35 yaşında olan indi 47 yaşındadır. Bu gün də işgüzar miqrasiyanı əsasən gənc və orta yaş qrupundan olanlar edir ki, onlar da peyvəndləmə kampaniyasında iştirak etdiklərindən immunitetləri var. 2016-cı ilə qədər miqrasiya edən əhali arasında da peyvəndləmə işləri aparıldı. Yəni əhalinin immun sistemi yüksəldilib. Bundan başqa, hər il planlı şəkildə uşaqların 1 və 6 yaşında vaksinasiya və revaksinasiyası həyata keçirilir. Bununla yanaşı 2014-2015-ci ildə əlavə immunlaşdırma tədbirləri görülüb. Ölkəmizdə əhalinin qızılcaya qarşı peyvəndlənmə vəziyyəti yüksək səviyyədədir. Hətta peyvənd yaşlı uşaqların 98 faizi bu prosesə cəlb edilir. Bütün bu tədbirlərlə qızılcaya qarşı profilaktiki tədbirləri gücləndiririk”.


A.Əliyeva onu da əlavə edib ki, əgər kənardan gələn şəxslər qızılca xəstəliyini ölkəmizə gətirsə belə, onlar vaxtında aşkarlanır:


"Çünki ölkəyə daxil olan səpgili, yüksək hərarətli şəxslərdən laborator nümunələr götürülüb, Moskvada müayinə edilir. Ümumiyyətlə, xarici vətəndaşların müayinəsinə daha diqqətli yanaşılır. Bu vaxta qədər qızılca və ya məxmərək diaqnozlu xəstə Azərbaycana gəlməyib”.


Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, qızılcadan ildə ortalama 150 min insan vəfat edir, onların əksəriyyəti 5 yaşına qədər uşaqlardır.


Statistikaya əsasən, qızılca xəstəliyinə tutulmuş beş yaşına qədər hər 10 uşaqdan biri həyatını itirir.