BölmələrRU
Xidmətlər
 

Qıcqırmanın səbəbləri və müalicəsi - Yaratdığı ağır xəstəliklər


Qastroezofaqeal reflüks xəstəliyi dünyada ən geniş yayılmış qastroenteroloji  xəstəlikdir. Qastroezofaqeal reflüks xəstəliyi (QERX)  mədə və 12 barmaq bağırsağın möhtəviyyətının qida borusuna  müntəzəm geri qayıtması və bunun nəticəsində  qida borusunun distal (aşağı) hissəsinin zədələnməsi və iltihabın (reflüks ezofaqit) inkişafı deməkdir. Belə bir hal eroziv ezofaqit, peptik xora, qida borusunun peptik daralması, qanaxmalara səbəb ola bilər. Lakin, ən ciddi və təhlükəli ağırlaşmalardan biri olan Barret qida borusudur, yani bağırsaq metaplaziyası (qida borusunu epitelisi bağırsaq epitelisi ilə əvəz olunur).   Bu xəstəlik xərçəngönü vəziyyət sayılır və qida borusunun aşağı hissəsində adenokarsinoma (xərçənq) inkişafı üçün böyük risk hesab olunur. 

 QERX-in risk faktorları
 - Stress;
 - Köklük;
 - Hamiləlik;
 - Müəyyən dərmanların, alkoqolun qəbulu;
 - Siqaret çəkmə;
 - Yağlı və ədivalı yeməklər;
 - Kofe, şokolad, nanəli məhsullardan istifadə;
 - Diafraqmanın qida borusu dəliyinin yırtığı;

QERX-in simptomları
 - Döş sümüyünün arxasında yanğı hissi (qıcqırma);
 - Turşulu və ya acılı möhtəviyyət ilə qəyirmə;
 - Ağızda turş dad və turş dadlı suyun yığılması;
 - Disfaqiya - udmanın çətinləşməsi, xususi ilə sulu yeməyin qida borusundan çətinlik ilə keçməsi hissiyatı;
 - Döş sümüyünün arxasında ağrı, boyuna, alt cənəyə,qola, kürəyə yayilma ehtimalı ilə;
 - Xroniki öskürək, uzananda töyşümə;
 - Gecə zamanı boğulma tutmaları;

QERX-in diaqnostikası:

 - Rəqəmsal rentgen vasitəsilə qida borusunun vəziyyətini, qida borusuna mədədən reflüksun olub-olmamasını, qida borusunun şişlərini, QERXin müəyyən fəsadlarını və s.təyin etmək olar;

 - Ezofaqoskopiya (zond udma) qida borusunun zədələnməsinin olub olmadığı, reflüks ezofaqitin inkişaf səviyyəsini, ağırlaşmaların təyin edilməsi və göstəriş olarsa məsələn, Barret qida borusuna şübhə  zamanı histomorfoloji müayinə üçün selikli qişadan hissəciklərin qötürülməsi üçün təyin edilir;

 - Turşuluq səviyyəsini (pH), sutka ərzində reflüksun təkrarlanmasının sayını oyrənmək üçün qida borusunun 24 saatlıq pH-metriya və impedansometriya vasitəsi ilə monitorinqi (yoxlanılması);

QERX-in müalicəsində qeyri medikamentoz tövsiyələr

 - Artıq çəkini azaldmaq;
 - Siqaret çəkməkdən, müəyyən dərmanların qəbulundan imtina etmək;
 - Dar paltar geyinməmək;
 - Ağır yüklərin qaldırılmasına, qarın əzələlərinin gərginləşməsinə yol verməmək;
 - Yatağın başını qaldırmaq;
 - Gün ərzində az miqdarda 4-5 dəfə yemək, yatmazdan isə üç saat əvvəl qida qəbulunu dayandırmaq;
 - Spirtli və kofeinli (enerji) içkilərdən, qazlı sulardan, yağlı, qızardılmış, istiotlu, pomidorlu, nanəli çox isti və ya soyuq yeməklərdən, şokoladlarardan imtina etmək;

Medikamentoz müalicənin məqsədi

 - Mədə şirəsinin turşuluğunun azalması və onun neytrallaşması;
 - Qidanın mədədən vaxtında evakuasiyası və qeri qida borusuna qayıtmaması;
 - Konservativ (dərman vasitəsilə) müalicə 4-8 həftədən az olmamalıdır. Altı ay ərzində bu üsul effektiv olmasa, xəstəliyin kəskinləşmə epizodları çoxalsa və ciddi fəsadlar (təkrarlanan qanaxmalar, qida borusunun daralması, Barret qida borusu) qeydə alınsa cərrahi müalicə göstərilir.

Müəllif: Qastroenteroloq İlhamə Əmiraslanova