BölmələrRU
Xidmətlər
 

“Qanazlığı xərçəngin əlaməti ola bilər... Qiymətlər 3 dəfə şişirdilib” - Bakıda olan hindistanlı onkoloqla MÜSAHİBƏ

Qaurav Kharya pediatrik onkoloq, hematoloqdur. Hindistanda tanınmış klinikada çalışır. İstər uşaqlar, istərsə böyüklərin xərçəng xəstəliklərini müalicə edir. Artıq 2 ildir ki, Bakıya dəvətlə gələrək, anemiya, leykemiya, qan xəstəlikləri olan və ya bundan şübhələnən xəstələri qəbul edib müayinə edir, müalicə yazır, məsləhətlərini verir.

Mövzunun aktuallığını nəzərə alıb Medicina.az-ın əməkdaşı hind onkoloqla görüşərək, ondan müsahibə alıb.
 
"Eyni müalicələr bizdə 4-5 dəfə ucuzdur. Məsələn, 150 min dollarlıq müalicə bizdə 30-35 min dollardır”.

-Qaurav doktor, deyirlər, Hindistanda onkoloji xəstəliklərə çox az rast gəlinir. Bu da əhalinin çox istiot, ədviyyat, sarıkökdən istifadə etmələri ilə bağlıdır. Guya bu vasitələr şişlərin qarşısını alır. Bu həqiqətdir, yoxsa mif?

-Xeyr, doğru deyil. Hindistanda da onkoloji xəstəliklər var, ilbəil artır. Ədviyyatlar, sarıkök, qidalar xərçəngi müalicə etmir. Düzdür, bunlar sağlamlıq üçün vacibdir, faydası var. Müasir dövrdə insanın həyat tərzi zərərlidirsə, siqaret, alkoqol, qidalar, stress varsa, bunlar xərçəngi aktivləşdirir. Xüsusən indi uşaqlarda qan xərçəngi yaranır. Müsbət tərəf odur ki, uşaqları müalicə etmək daha asandır və bu uğurlu olarsa ömürlükdür. Yaşlı insanlarla isə çətindir, çünki orqanizm çox yüklənib. 

-Bir çox leykemiyalı uşaqların valideynləri deyir ki, xəstəlik aylar öncə özünü göstərmir. Uşaq 1 həftənin içində ağırlaşır. Bu həqiqətənmi belə sürətli baş verir, yoxsa xeyli əvvəldən hansısa simptomdan təyin etmək olar?

-Bəli, birdən gələ bilər. 1 həftə -10 günə yarana bilər. Əlamətləri qripə bənzər simptomlar, hərarət, antibiotiklərə reaksiya verməməkdir. O deməkdir ki, şiş hüceyrələri artıq əmələ gəlib. Leykemiya az riskli yüngül, orta və yüksək riskli olur. Yalnız genetik testlərlə öncədən təyin etmək olar. 

-Hindistanda çalışdığınız klinikanın hansı növlərini tam müalicə edə bilirsiniz?  100 faizlik müalicə mümkündürmü?

-İstənilən xərçəng üçün 100% zəmanət verə bilmərik. Amma qan xərçənginin az riskli növünü 80% tam müalicə edirik. Eyni zamanda biz istənilən orqan şişlərini müalicə edirik. Bu, bizim profildir. Həmçinin uşaqlarda erkən mərhələdə böyrək şişlərini 80-90% uğurlu müalicə edirik. 

-Anemiya sonda leykoza çevrilə bilərmi?

-Anemiya, qanazlığı leykemiyanın simptomlarından biridir. Amma hər anemiya leykoz  demək deyil.  Burada diqqətli olmaq lazımdır. Qanazlığını müalicə etmək lazımdır. 

-Çox valideynlər övladının xəstəlikdən öncəki halını analiz edəndə deyir ki, xəstəlikdən öncə uşaq çox möhkəm qorxmuşdu, travma yaşamışdı, stress keçirdi, sonra xəstələndi. Belə psixoloji halların, sarsıntının xərçəngi oyatmasına təsiri varmı? 

-Xeyr. Belə bir səbəb yoxdur. Ola bilər, təsadüfən üst-üstə düşüb. Leykozun əsas faktorları  xərçəng hüceyrələrini kontrol edən hüceyrələrin zəifləməsidir. Hər insanın orqanizmində yaradılışdan şiş hüceyrələri var. Onlara nəzarət edən hüceyrələr radiasiya, keçirilmiş xəstəliklər, infeksiyalar, stress və s. çox müxtəlif səbəblərdən zəifləyir, o zaman xərçəng hüceyrələri aktivləşir. 

-Telefon, kompüter, antenlər, texnika radiasiyası uşaqlarda xərçəngə səbəb ola bilərmi?

-Əvvəllər deyirdilər binaların üzərinə qoyulan telefon antenləri, qurğular beyin şişi yaradır. Amma indiki o qurğular çox zəif radiasiya verir. Həmçinin telefon, planşet və s.-nin uşaqlarda xərçəng yaratması sübut olunmayıb. Əsas səbəb bu deyil. 

-Hindistanda xərçəngin müalicəsində istifadə olunan dərmanlar, kimya terapiya müalicələri inkişaf edibmi, nə dərəcədə effektivdir?

-Bizim avantajımız budur ki, ən güclü müalicə, ən müasir dərmanlar bizdədir. Ən ucuz qiymətlər də bizdədir. 

-İsraildə, Türkiyədə, Almaniyada 150-200 min dollar olan leykoz, xərçəng müalicəsi Hindistanda neçəyədir?

-Onlar çox şişirdilmiş məbləğlərdir. Ola bilər, o klinikaların xidməti bahalıdır. Amma eyni müalicələr bizdə 4-5 dəfə ucuzdur. Məsələn, 150 min dollarlıq müalicə bizdə 30-35 min dollardır.

-Maraqlıdır. Bəs niyə pasiyentlər Hindistana müalicə üçün getmir?

-Burada təbliğatdan çox şey asılıdır. İnsanlara Hindistan uzaq gəlir, dil bilmirlər, yaddır. Amma bizə yaxın ölkələrdən xəstələr gəlir. Kanadadan, Afrika ölkələrindən, Avropadan, MDB dövlətləri, Türkmənistan, Özbəkistandan gəlirlər. Azərbaycandan da xəstə qəbul edə bilərik. Burda çətin bir şey yoxdur. Viza asandır.

Pasiyenti hava limanından qarşılayıb yerləşdirmək, müalicə edib yola salmağa kimi hər bir şey bizim öhdəmizdədir. Biz pasiyentlərimizin məsuliyyətini bütünlüklə üzərimizə götürürük. 

-Bəs burdan online olaraq, pasiyentlər sizinlə əlaqə saxlayıb, müayinə kağızlarını göndərib, məsləhət ala bilərlərmi? 

-Bəli, problem yoxdur. Mailimi, nömrəmi sizə verirəm, qeyd edin. Kimin sualı olsa, müayinə-müalicə ilə bağlı "Whatsapp”la əlaqə saxlaya bilər. Amma yalnız mən ingiliscə ünsiyyət qura bilirəm. Nə lazımdır, köməklik edəcəyəm. Telefonuma yazsınlar, e-mail göndərsinlər. Biz uyğun müalicənin qiymətini də hesablayıb deyə bilərik.

-Təcrübənizdə olubmu ki, pasiyent başqa ölkədən gəlib, baxmısınız ki, əvvəldən ya diaqnozu, ya müalicəsi səhv gedib?

-Çox olub. Gəlib bir diaqnozla, müayinə etmişik tamam ayrı xəstəlikdir və əvvəlcədən tamam başqa xəstəlikdən müalicə alıb. Biz düzgün diaqnoz qoyduqdan sonra müalicəyə başlamışıq. Bu da pasiyent üçün yaxşı deyil, çünki çox vaxt itirib. Belə bir xəstəmiz Türkmənistandan olmuşdu. 

-Ölüm faizi nə qədərdir? 

-Təəssüf ki, olur. Sonuncu dərəcədə gələndə ölüm olur. Amma 1-2-ci dərəcədə gəlsə 90% uğurlu müalicə alır. Olub ki, pasiyent 3-4-cü dərəcə və ya aqressiv leykoz xəstəsi olub, onu da müalicə etdik, indi də yaşayırlar. Bunları öncədən demək olmur. Xəstə bacardıqca tez gəlsin. Təəssüf ki, bizə son mərhələdə gəlirlər. 
 
Çalışın daha çox termiki işlənməmiş, bişməmiş, saf, çiy qidalar çox yeyin.

Çiy tərəvəz, meyvə, qidalar xərçəng hüceyrələrinə nəzarət edən hücumçu hüceyrələri qidalandırır.

-Bədəndə heç bir yerə toxunmadan göyərmələr, qançırlar, qanda trombositlərin düşməsi onkologiyaya işarədir deyirlər. Bu göyərmələr nəyin əlamətidir?

-Çox şeyin əlamətidir. Təhlükəlidir, onkologiyaya da gətirib çıxara bilər.  Onun səbəbini tez araşdırmaq lazımdır. Əgər çox nadir halda, ayda-ildə bir dəfə olursa, problem yoxdur. Əgər hər gün və çox göyərmələr baş verirsə, hematoloqa müraciət edib, qan analizi verilməlidir. 

-Mən bir şeyi müşahidə etmişəm. Adətən həkim onkoloqlar özləri xərçəngə tutulmur. Siz özünüz bu xəstəlikdən qorunmaq üçün nə edirsiniz və xərçəngdən qorxursunuzmu?

-Yox, elə deyil. Mən artıq iki həmkarımı onkoloji xəstəlikdən itirmişəm. Heç kim zəmanət olunmayıb. Xəstələrə başımız o qədər qarışır ki, bu barədə düşünməmişəm. Nəinki xərçəng, çox xəstəliklər var ki, qorxuludur.  Xərçəngi ya qəbul etməliyik, ya yox. O gəldim demir, gəlir.
 
Qorunmaq üçün yenə də dediyim kimi yaxşı qidalanmaq, siqaret, içkidən uzaq durmaq, idman, hərəkət lazımdır. Çalışın daha çox termiki işlənməmiş, bişməmiş, saf, çiy qidalar çox yeyin. Çiy tərəvəz, meyvə, qidalar xərçəng hüceyrələrinə nəzarət edən hücumçu hüceyrələri qidalandırır. Onlar ac qalanda orqanizmi müdafiə edə bilmir. 

- Xərçəngin müalicəsində tətbiq olunan kimyaterapiya, şüa insanın sağlam hüceyrələrini də öldürür, immuniteti zəiflədir. Kimyaterapiya almadan müalicə olunmaq mümkündürmü? 

- Təəssüf ki, bəli, kimyaterapiya insanın sağlam hüceyrələrini də məhv edir, eyni zamanda şiş hüceyrələrini də öldürür. Hələ ki, kimyaterapiyasız müalicə variantı yoxdur. Bundan imtina etmək düzgün olmazdı. Bu gün müalicənin şərti budur, istəsək də, istəməsək də.  Amma elə şişlər var ki, başlanğıcda kiçik olur, o zaman kimyaterapiya lazım olmur, əməliyyatla həll etmək olar. 
 
Azərbaycanda bu xəstəlikdən əziyyət çəkənlər çoxdur. Amma müalicədən qorxurlar. Yəqin bahalı olduğuna görə çəkinirlər. Bizim borcumuz onlarda əminlik yaratmaqdır ki, xərçəng müalicə olunur. Çəkinmədən Hindistan nə qədər uzaq olsa da gəlib, ucuz qiymətə müasir müalicə ala bilərlər. 

Aygün Musayeva