BölmələrRU
Xidmətlər
 

Qadınlar niyə infarkt olmur? - Risk altında olan kişilər: 5 ƏSAS FAKTOR/ MÜSAHİBƏ

Son zamanlarda 30-40 yaş aralarında kişilərin miokard infarktı və insult keçirərək dünyasını dəyişməsi xəbərlərinə tez-tez rast gəlirik. Bu yaxınlarda məşhur prodüser Nahid Emiloğlunun da 40 yaşında qəfil infarkt keçirərək dünyasını dəyişməsi bu məsələni gündəmə gətirdi. 

Medicina.az bir çoxlarını maraqlandran bu mövzuda sualları tanınmış invaziv-kardioloq Rasim Məhərrəmliyə ünvanlayıb. 
 
-Rasim həkim, nə üçün qadınlardan fərqli olaraq 30 yaş üzəri kişilər daha çox miokard infarktı və insulta məruz qalırlar? 

-Miokard infarktı ürəyin işemik xəstəliyinin ağırlaşmış forması hesab edilir. Kişilərdən fərqli olaraq qadınlarda, qadın cinsi hormonu olan estorogenin sintezi səbəbindən qadın orqanizmi klimaks dövrünə qədər bioloji olaraq qorunmuş hesab olunur. Yalnız klimakterik dövrdən sonra (aybaşının birdəfəlik kəsilməsi) qadınlar da infarkt və insult keçirmə riski ilə üz-üzə qalırlar. Kişilərdə isə vəziyyət başqadır. Belə ki, onlarda 30 yaş və üzəri risk fakrotu sayılır. Son zamanlarda isə 20-30 yaşlı insanlarda da miokard infarktına çox rast gəlinir. 

-Bəs kişilərdən kimlərdə miokard infarktı keçirmə riski daha yüksəkdir?

-Burada 5 major risk faktoru var. Onlardan birincisi və ən əsası genetik risk faktorudur. Yəni kiminsə qan qohumlarından gənc yaşda miokard infarktı keçirən varsa, o zaman belə şəxsin miokard infarktından həyatını itirmə təhlükəsi var. Belə şəxsin əsasən 25-40 yaşlarında dünyasını dəyişmək ehtimalı böyük olur. Elə hal olur ki, araşdırdıqda xəstənin nəslində olan kişi qohumlarının 50 yaşadək çatmadığını görürük. 2-ci faktor şəkərli diabetdir. Diabet xəstələrinin də infarkt və insult keçirmə riskləri çox böyükdür. Əsas səbəbi isə şəkər xəstələrində ürək və beyin damarlarının zəifləməsidir. 3-cü risk faktoru arterial hipertoniya, yəni yüksək qan təzyiqidir. 4-cü faktor qanda xolesterinin səviyyəsinin yüksək olması yəni hiperxolestemiyadır. 5-ci faktor isə aktiv siqaret istifadəsidir. Sadalanan bu 5 risk faktorundan ikisinin və daha çoxunun olması insanın insult və infarkt keçirməsi riskini artırır. Bundan əlavə olaraq, radikal kombinə faktorlar da vardır. Məsələn, yalnız siqaret çəkən insanın qırtlaq və ağciyər xərçəngi olması riski daha çoxdur, nəinki infarkt olması. Ancaq bununla yanaşı əgər həmin insan şəkərli diabetdən və ya hipertoniyadan əziyyət çəkirsə, o zaman insanın infarktdan ölmə riski artır. 

Statistikaya baxdıqda miokard infarktından əziyyət çəkən kişilərin sayı sadalanan faktorlar səbəbindən qadınlara nisbətən daha çoxdur. Lakin buna baxmayara, işemik xəstəliklər səbəbindən xanımlarda ölüm halı daha çox yaşanır. Bütün dünyada hər 30 xanımdan 2-si süd vəzi xərçəngi diaqnozundan dünyasını dəyişirsə, hər 6 xanımdan 2-si də ürəyin işemik xəstəliklərindən dünyasını dəyişir. Bu da təbii ki, daha yaşlı  xanımlarda müşahidə edilir. 

Arzu Mirzəyeva
Medicina.az