BölmələrRU
Xidmətlər
 

“Peyvəndi bəyənməmək anormallıqdır” - Baş pediatr ana və uşaq ölümlərindən, özəl xəstəxanalardakı bahaçılıqdan danışır

Tibb elmləri doktoru, professor K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyevin Medicina.az saytına müsahibəsi: 

- Nəsib müəllim, Azərbaycanda uşaqların müayinə və profilaktikası necə təşkil olunur?

- Hər bir dövlətin, cəmiyyətin ümumi inkişaf səviyyəsini xarakterizə edən bir sıra göstəricilər var. Həmin göstəricilərdən bir də ölkədəki mövcud demoqrafik göstəricilər, xüsusilə ana və uşaqların sağlamlığına dair göstəricilərdir. Bu, barometr kimi qəbul olunur. Bu nöqteyi-nəzərdən bizim ölkəmizdə ana və  uşaqların sağlamlığının qorunması Azərbaycan dövlətinin, səhiyyəsinin diqqət mərkəzindədir. Ölkəmiz müstəqillik əldə etdiyi ilk illərdə çox böyük problemlər vardı. 1992-1993-cü illərdə digər sahələrlə yanaşı ölkədə səhiyyə xidməti də dərin böhran yaşayırdı. O zaman dərman preparatları, vaksin, yəni peyvənd etmək üçün preparatlar çatışmırdı. Səhiyyənin maddi-texniki bazası demək olar ki, dağılmış vəziyyətdə idi. Yoluxucu xəstəliklər ölkədə uşaqlar arasında tüğyan edirdi. O zaman difteriya, polimerit və qızılca epidemiyaları nəticəsində çoxsaylı uşaqlarımızı itirirdik. 

Həmin vaxt bütün sahələrlə yanaşı, səhiyyəmizin strategiyasının da əsası mərhum prezident Heydər Əliyev tərəfindən qoyuldu və yaradıldı. Yaxşı xatırlayıram, o zaman Azərbaycanda vəsait olmadığı üçün onun aktiv fəaliyyəti, təşəbbüsü, böyük nüfuzu nəticəsində bank krediti hesabına Avropa ölkələrindən Azərbaycana çoxsaylı dərman preparatları, o cümlədən vaksin preparatları gətirildi. Həmin dərman preparatları və vaksinlərin tətbiqi nəticəsində biz o qorxunc epidemiyaların qarşısını kəsə bildik. 

Xatirimdədir, 1996-cı ildə Daşkənddə Ümumdünya Səhiyyə Təşkilatının müşavirəsində qeyd edildi ki, MDB dövlətləri arasında ilk dəfə olaraq Azərbaycanda difteriya və polimerit xəstəliyinin qarşısını almaq mümkün olub. 1996-cı ildə bu yoluxucu xəstəliklərlə epidemiya halında xəstələnmə halları minimuma endirildi. 2002-ci ildə də Azərbaycan polimeritdən azad ölkə statusu aldı. Halbuki 1992-1993-cü ildə bütöv Avropanın 53 ölkəsində rast gəlinən polimerit xəstələrinin yarıdan çoxu Azərbaycanda müşahidə olunmuşdu. O cümlədən difteriya xəstəliyindən çoxsaylı uşaqlar tələf olurdu. Çox şükürlər olsun ki, dövlətin uğurlu tədbirləri nəticəsində MDB ölkələri içərisində birincilər sırasında böhranlı vəziyyətdən xilas ola bildik. Bu, səhiyyənin tək ana və uşaq mühafizəsi deyil, digər sahələrini də əhatə etdi. 

1997-ci ildə Heydər Əliyevin fərmanı ilə "Azərbaycanda əhalinin sağlamlığının qorunması haqqında” qanun qəbul edildi. Bu qanunda ana və uşaqların mühafizəsi üçün ayrıca maddələr, güzəştlər nəzərdə tutuldu. O zamandan da bu vaxta qədər həmin qanun qüvvədədir və həmin qanun əsasında da biz fəaliyyət göstəririk. 

Azərbaycanda səhiyyənin inkişafı əslində o ağır böhran və stabilləşmə illərindən sonra 2003-2005-ci illərdən başlayıb. Ötən 15 il ərzində Azərbaycan səhiyyəsi, o cümlədən ana və uşaqların mühafizəsi işi yüksəliş mərhələsinə qədəm qoyub. Bu işin əsas başlanğıcı 2003-cü ilin noyabr ayında qoyulub. İlham Əliyev 2003-cü ildə ilk dəfə prezident seçildikdən sonra qəbul edilən ilk Dövlət Proqramı Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında oldu. Adından da göründüyü kimi Dövlət Proqramında sosial məsələlər ön plana keçmişdi. Bu Dövlət Proqramı uğurlu başlanğıc oldu və bu günə qədər də anaların və uşaqların sağlamlığının qorunması ilə bağlı bu işlər davam etdirilir.  Azərbaycan səhiyyə tarixində ilk dəfə 2006-cı ilin yazında Azərbaycanda ana və uşaqların sağlamlığının qorunması haqqında  Dövlət Proqramı qəbul edildi. Bu Dövlət Proqramının tətbiqi və həyata keçirilməsi nəticəsində ölkədə uşaq ölümünün çox hissəsini təşkil edən erkən yaş, xüsusən yenidoğulma və südəmər dövrdə ölümlərin ən çox rast gəlindiyi 7 bölgədə perinatal mərkəzlər yaradıldı. Yeni doğulanlara və körpələrə xidmət göstərmək üçün bu mərkəzlər yaradıldı. Mərkəzlərin yaranması prosesi 2010-cu ilin sonuna qədər davam etdi. Dövlət Proqramı 2006-2010-cu illəri əhatə edirdi. Əslində 2010-cu ilin sonuna qədər də Naxçıvanda, Bakıda, Gəncədə, Qubada, Şəkidə, Sabirabadda və Lənkəranda regional perinatal mərkəzlər yaradıldı.  Bu gün də həmin mərkəzlər uğurla fəaliyyətini davam etdirir. 

Bu Dövlət Proqramı başa çatdıqdan sonra növbəti Dövlət Proqramı qəbul olundu. Bu, 2014-2020-ci illəri əhatə edən ana və uşaqların sağlamlığının yaxşılaşdırılması haqqında Dövlət Proqramıdır. Bu Dövlət Proqramının da çoxsaylı fəaliyyət sahələri var. 

Azərbaycanın müstəqillik əldə etdiyi ilk illərdə cəmi 5 yoluxucu xəstəliyə qarşı ölkəmizdə peyvənd aparılırdı. Bu gün bu peyvəndlərin sayı 11-ə çatdırılıb. Yəni peyvəndlərin sayını 2 dəfədən çox artırıraq, inkişaf etmiş ölkələrdə aparılan peyvənd təqvimi səviyyəsinə çatdırmışıq. Polimerit xəstəliyinin ləğvindən sonra Azərbaycanda difteriya ilə xəstələnmə də sıfır səviyyəsindədir. 1996-cı ildən bu günə qədər ölkədə difteriyaya yoluxmuş xəstə uşaq tapmaq qeyri-mümkündür. Bu, məhz peyvəndin hesabınadır. 2015-ci ilin oktyabrında, yəni 3 il əvvəl Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosu Azərbaycan dövlətinə və səhiyyə nazirinə bir təşəkkür məktubu ünvanladı. Həmin məktubda göstərilirdi ki, 53 inkişaf etmiş Avropa ölkəsi arasında Azərbaycan qızılca və qızılca məxmərəyinin ləğvinə nail olduğu üçün ilk 10 Avropa ölkəsi sırasındadır. Diqqət yetirsəniz, qonşu ölkələrdə, hətta Avropanın mərkəzində yerləşən Rumıniyada, Bolqarıstanda, Niderlandda, Ukraynada, Gürcüstanda bu gün xəstəliklər baş alıb gedir, epidemiyalar mövcuddur. Bəs nə üçün Azərbaycanda qızılca ilə xəstələnən uşaqlar yoxdur? Bunun yeganə səbəbi uşaqların bu xəstəliklərə qarşı peyvəndə cəlb olunmasıdır. 

Keçən 15 il ərzində Azərbaycanda 650-dən çox tibb müəssisəsi ya yenidən tikilib, ya da tam bərpa olunaraq ən müasir avadanlıqlarla təchiz olunub. Belə bir maddi-texniki bazanın yaradılması bu gün bizim səhiyyəmizin inkişafında aparıcı rol oynamaqdadır. Həmin səhiyyə müəssisələri sırasında ana və uşaqların mühafizəsi işinə xidmət edən çoxsaylı tibb müəssisələri də var. Bu gün əslində Azərbaycanda elə bir tibb müəssisəsi tapmaq olmaz ki, təmirsiz, təminatsız, çətin durumda olsun. Son təmir-bərpa işləri ölkənin 5 rayonunda aparılır. Bu rayonlarda da mərkəzi klinik xəstəxanalar, rayon mərkəzi xəstəxanaları və digər tibb müəssisələrinin təmiri 2019-cu ildə tam yekunlaşıb başa çatacaq. Beləliklə, Azərbaycanda təmirsiz, bərpasız heç bir tibb müəssisəsi qalmır. Bu da böyük uğurdur. Çünki dünyada bu sürətlə inkişaf edən ikinci ölkə tanımırıq. Əslində, müstəqilliyimizin cəmi 27 yaşı var. Bu 27 il tarix üçün çox cüzi an kimi qəbul olunub. Amma ötən bu müddət ərzində 2003-cü ildən başlayaraq bu gün də səhiyyəmizin inkişaf mərhələsi uğurla davam etdirilir. Bəzən səhiyyə müəssisələrinin açılış mərasimlərində prezidentimiz deyir ki, dünyada səhiyyənin Azərbaycan standartının formalaşmasına çalışmalıyıq. Doğurdan da bu, bizi çox sevindirən bir ifadədir. Bizdə də böyük inam var ki, yaxın illərdə Azərbaycan dünyada özünə məxsus səhiyyə standartı olan bir dövlət kimi xarakterizə olunacaq.



- Valideynlərin peyvənd prosesinə münasibəti necədir?

- Bütövlükdə əhalimizin peyvəndə münasibəti çox yaxşıdır.  Ona görə də mən Azərbaycanın bütün vətəndaşlarına, valideynlərinə öz minnətdarlığımı, təşəkkürümü bildirirəm. Çünki dünyanın elə ölkələri var ki, orada dini qurumlar, dini axınlar, qruplar peyvəndə qarşı çıxırlar. Əslində, hər kəs bilməlidir ki, peyvənd 14 əsrdir ki, mövcuddur. İlk dəfə 7-ci əsrdə peyvənd Hindistanda, Çində, o cümlədən türklər tərəfindən Orta Asiyada tətbiq olunmağa başlayıb. Düzdür, peyvəndi 1799-cu il - Edurad Çernerin adı ilə bağlayırlar. Amma təsəvvür edin ki, bundan nə qədər öncə peyvənd mövcud olub. Maraqlısı da budur ki, elmin, texnikanın, təbabətin inkişafının bu səviyyəsində də bu gün peyvəndin alternativ üsulu yoxdur. 

Azərbaycanda 11 yoluxucu xəstəliyə qarşı peyvənd aparılır və peyvəndin əhatə dairəsi 95-97 faiz həddindədir. Ümumdünya Səhiyyə Təşkilatı bu göstəricinin 80 faizdən yuxarı olmasını istəyir. Ancaq ölkəmizdə bu göstərici 95 faizdən də yuxarıdır. Amma bu gün az faiz də olsa, bəzi valideynlər, jurnalistlər, hətta bəzi tibb işçiləri var ki, peyvəndə yanaşmada səhvlərə yol verirlər. Onların mövqeyi tam deyil, məsələni bütöv dərk etmirlər. Ona görə mən onlara da müraciət edirəm ki, peyvəndə alternativ olmadığını nəzərə alaraq, hər kəs dəstək versin. 2015-ci ildə Azərbaycan həm qızılca, həm də qızılca məxmərəyinin qarşısını almağa görə Avropada 10 inkişaf etmiş ölkə sırasına çıxdı. Bu nəyin hesabına oldu? Ancaq peyvəndə əhatənin hesabına mümkün oldu. Yaşlı nəslin nümayəndələri bilirlər ki, biz difteriya, qızılca və polimeritdən nə qədər uşaqlarımızı itirirdik. İndi bunlar məhz peyvəndin nəticəsində aradan qaldırılıb. Çox şükürlər olsun ki, bu gün bütün peyvənd materialları Azərbaycan dövləti tərəfindən alınır, bütün əhaliyə də pulsuz paylanır. Uşaqların peyvəndlənməsi dövlət tibb müəssisələrində pulsuz həyata keçirilir. Özəl tibb müəssisələri də var ki, bu işə dəstək məqsədi ilə peyvənd həyata keçirir, kimin arzusu var, uşaqlarını özəl tibb müəssisələrində peyvənd etdirir, pulun ödəyir. Amma dövlət uşaq sayına müvafiq olaraq hər il vaksin materiallarını alır, pulsuz peyvənd həyata keçirilir. Bu fürsətdən də hər kəs istifadə etməlidir. Hər valideyn bilməlidir ki, bu gün peyvənd qədər uşaqların sağlamlığının qorunmasına təsirli olan digər tibbi üsul, yaxud metod mövcud deyil. 

ABŞ-da XX əsrdə tibbin zəfərinin nədən ibarət olması ilə bağlı bir tədqiqat aparılıb. Antibiotiklər, cərrahi əməliyyatlar, kardioloji xidməti və digərlərini obrazlı desək, tərəziyə qoyaraq tutuşdurublar. Sonda məlum olub ki, XX əsrin tibdə zəfəri məhz peyvəndin tətbiqidir. Sübut etdilər ki, peyvənd yolu hər il ən azı 3 milyon uşağın həyatı xilas edilir. Tədqiqatda bir sual da qoymuşdular ki, görəsən, peyvənddən daha effektiv nə ola bilər? Araşdırma nəticəsində maraqlı bir nəticəyə gəlmişdilər ki, əgər Yer kürəsində yaşayan bütün insanlar ancaq təmiz sudan istifadə etsələr, onun effekti peyvəndi üstələyə bilər. Ona görə də peyvəndi bəyənməməyin özünü mən normal hal kimi qəbul edə bilmirəm.    

- Körpələrinə peyvənddən imtina edən 3 faiz valideynə cərimələr tətbiq olunubmu? 

- Biz cərimələrin statistikasını aparmırıq. Amma uşaq poliklinikalarında peyvənddən imtina edən valideynlərin hamısından yazılı izahat alınır. Əgər mən uşağı peyvənd etmirəm, yaxud tibbi müayinədən yayındırıramsa, o halda çağırıb izahat alırlar. Bildirilir ki, uşaq bir vətəndaşdır, cəmiyyətdə yaşayır, peyvənd olmasa, bir xəstəliyə tutulacaq, başqalarını da yoluxduracaq. Yazılı izahat tələb olunur ki, peyvənddən imtinanı əsaslandırsın. Bu yolla belə valideynlərin çoxunu başa salmaq, yola gətirmək olar. Amma insanlar özü də bu məsələlərdə aktiv mövqedə olmalı, hərəkətlərin mənasını dərk etməlidirlər. Yoxsa "mənim kefim belə istəyir” deməyi heç kim qəbul etmir.      
        
- Təcrübədə peyvəndin kənar, zərərli təsirlərinə rast gəlinibmi? 

- Bu gün peyvəndin hazırlanma texnologiyası o qədər təkmilləşib ki, bu gün demək olar ki, peyvəndə əks-göstəriş yoxdur. Yalnız iki xəstəlik zamanı uşaqlara peyvəndin vurulmamalıdır. Bunlardan biri İİV/QİÇS-ə yoluxmuş, digəri ağır onkoloji xəstə uşaqlardır. Digər heç bir xəstəlik peyvəndə qarşı əks-göstəriş sayılmır.   

- Nevroloji problemləri olan uşaqlara necə, peyvənd vurula bilər? Çünki belə uşaqlara peyvənd vurulan zaman autizm və digər xəstəliklərin yarandığı barədə fikirlər səslənir. 

- Nevroloji problemlər peyvəndə əks-göstəriş sayılmır. Nevroloji problemləri olan uşaqlar müalicə fonunda həm də xəstəliklərdən qorunmaq üçün peyvənd olunurlar. 
 


- Yeri gəlmişkən, özəl klinikalarla dövlət xəstəxanalarında vurulan peyvəndlərin tərkibi fərqlənmir ki? 

- Peyvəndlərin tərkibi eynidir. Bu gün peyvənd üçün vaksinlər hansı ölkədə istehsal edilməsindən asılı olmayaraq,  Ümumdünya Səhiyyə Təşkilatı onun keyfiyyətinə, tərkibinə xüsusi nəzarət edir. Ona görə də vaksinlərin istehsal edildiyi ölkədən asılı olaraq keyfiyyətinin fərqləndiyi barədə mülahizələr də tamamilə yanlışdır. 

Amma dövlət bunu pulsuz həyata keçirir, özəl xəstəxanalar isə bunu 10-15 dəfə baha edir. Özəl xəstəxanalar vaksini 10-20 ədəd alır. Dövlət isə bu vaksinləri istehsalçı ilə öncədən bağladığı müqavilə əsasında əhalinin tələbatına uyğun olaraq məsələn, 2 milyon doza alır. Dövlət bunu topdansatış qiymətinə alır və müqavilədə öncədən qiymət göstərildiyi üçün qiymətə dəyişiklik etmək mümkün deyil. Həm də dövlət peyvəndi bir dozalıq almır. Məsələn, 10, 20 dozalıq bir flakonda alır. Yəni qablaşdırmaya gedən pul da bu halda xərcdən çıxır. Nə zaman ki, vaksinin hər dozası bir şprisə yığılır, bu, qiymətə təsir edir. Özəl xəstəxanalar da bir dozalıq alır, çünki özəl xəstəxanaya uşaqlar çox gəlmir, çox halda bir uşaq gəlir. Əgər 10 dozalıq bir flakon açsalar, onu işlətməlidirlər. Bir uşaq olduğu üçün 9 dozanı atmalıdırlar. Ona görə də özəl xəstəxanalar vaksinləri topdansatış deyil, pərakəndə satış qiyməti ilə alırlar. Peyvəndin pərakəndə satış qiyməti ilə bərabər özəl xəstəxanalarda peyvəndin vurulması da çox bahadır. 

Onu da nəzərə çatdırım ki, Azərbaycandan fərqli olaraq bir çox ölkələrdə dövlət uşaqların sayına uyğun vaksinlər almır. Məsələn, Ukraynada uşaqların 60 faizi üçün dövlət peyvənd alır, çünki imkan yoxdur.

- Səhiyyənin inkişafı fonunda ötən dövrdə uşaq ölümü sahəsində statistika necə dəyişib? 
 
- Hər şeyin nəticəsi göstəricilərlə qiymətləndirilir. 1992-1993-cü illərdə ölkədə yeni doğulanlar və körpələr arasında ölüm göstəricisi çox yüksək olub. Həmin illərdə hər min nəfər diri doğulan uşağın bir yaşa çatanadək 30 nəfəri tələf olurdu. Bu, tibdə promille, yəni mində birlə ölçülür. Yəni 1992-1993-cü ildə bu göstərici 30 promille bərabər idi. Yaxşı xatırlayıram ki, Azərbaycanda il ərzində tələf olan uşaqların sayı 5-6 min nəfər həddinə çatırdı. Amma bu gün ölkədə doğulan uşaqların 1 yaşına çatana qədər həmin min nəfərindən cəmi 11-i tələf olur. Yəni ötən müddət ərzində uşaq ölümünün 3 dəfə azalmasına nail olmuşuq. Bu da son hədd deyil və bu göstərici bizim tam qane etmir. Çünki Avropanın elə inkişaf etmiş ölkələri var ki, bu göstərici min nəfərdə 5,6 nəfərə, yəni tək rəqəmli göstəricilərə gəlib çatır. Bizim də qarşımızda duran əsas məqsəd yaxın gələcəkdə  buna nail olmaqdır. Dövlət Proqramları ilə yanaşı Səhiyyə Nazirliyi ardıcıl əmr və təlimatlar da hazırlayıb tətbiq etməkdədir. Keçən ilin oktyabr ayında Azərbaycanda uşaq ölümünün azaldılması ilə bağlı səhiyyə nazirinin əmri imzalanıb. Əmrə müvafiq olaraq geniş tədbirlər planı mövcuddur. Bu tədbirlər də bu gün davam etməkdədir. Bizim məqsədimiz ölkədə ana və uşaqlar arasında xəstələnmə və göstəricilərini azaldaraq Avropanın ən inkişaf etmiş ölkələri ilə bir səviyyəyə çatdırmaqdır. 

Mən təəssüf edirəm ki, bəzən bu tədbirlər həyata keçirilərkən bu işi bilməyən adamlar, hətta iqtisadçılar belə proqnozlar verir, fikirlər söyləyir. Şayiə buraxırlar ki, guya, Azərbaycanda uşaq ölümü çox yüksəkdir, çoxlu problemlər var. Əslində, sadaladığım göstəricilərdən də aydın olduğu kimi burada məqsəd, məram xoşdur. Yəni biz ana və uşaq ölümü ilə bağlı göstəricilərimizi daha da azaldaraq birincilər sırasına çıxmaq istəyirik. Bu o demək deyil ki, ölkədə uşaq ölümü artıb, xəstələnmə çoxalıb. Bu, qətiyyən belə deyil. Məni narahat edən odur ki, belə məsələlər haqqında heç olmasa tibb mütəxəssisləri rəy söyləsin, fikirlər səsləndirsin, mövcud reallığı əks etdirsin. Mən bu yaxınlarda hansısa saytda bir yazıya rast gəldim. Guya Azərbaycanda doğulan uşaqların sayı ilə bağlı son 10 ildə göstəriciləri müqayisə ediblər. Göstəricidə 10 ildə doğulan uşaqların sayını iki dəfə azaldıb, ölüm, xəstələnmə göstəricilərini saxlayıblar. İddia edirlər ki, guya, Azərbaycanda əhalinin artımı yoxdur. Ancaq şahidik ki, müstəqillik əldə olunan ilk illərdə Azərbaycanda 7 milyon əhali vardı. 1999-cu il oktyabrın 12-də 1 saylı doğum evində 8 milyonuncu uşağın dünyaya gəlməsini izlədik. Beləliklə, ölkə əhalisi 8 milyon nəfər oldu. 2009-cü ildə biz artıq 9 milyon həddini keçdik.  Hazırda da Azərbaycanda 9 milyon 970 minə yaxın əhali var. Biz gələn ilin əvvəlində, ortalarında 10 milyonuncu uşağın dünyaya gələcəyini gözləyirik. Necə Azərbaycan vətəndaşı, iqtisadçı, siyasətçi olmaq olar ki, əhalinin artmadığını, guya, azaldığını söyləyəsən. Belə fikirlər bizi çox narahat edir. Yaxud uşaq, ana ölümünün artması barədə deyilənlər əsassızdır. Bu fikirləri söyləmək əslində, öz millətinə qarğış etmək deməkdir. Hər kəs anlamalıdır ki, Vətən, ana və uşağı siyasətə qatmaq, siyasət alətinə çevirmək olmaz. Burada müxalifət ola bilməz. Kim övladını istəmir? Hər kəs istəyir. Kim istəyər ki, ana, uşaq ölsün, xəstələnsin? Bunu düşmən istəyər. Bu ölkənin vətəndaşı təbii ki, hamının sağlam olmasını istəyir. Vətənin bütövlüyünə kim qəsd edə bilər? Yalnız bu ölkənin düşməni.  Baş mütəxəssis olaraq o adamlara da tövsiyəm odur ki, bu işlərdən siyasət aləti kimi istifadə etməsin, xalq, əhali arasında sensasiya yaratmağa pis fikir formalaşdırmağa çalışmasınlar. Bu şeyləri edənlər insanlığı yaddan çıxartmasınlar. Ana və uşağı bu məsələlər qatmaq olmaz, reallıq nədir, onu söyləsinlər. Əgər bir adam doğulanların sayı ilə bağlı rəqəmi iki dəfə azaldıb, ölənləri olduğu kimi göstərirsə, deməli, bunu qəsdən edir. 

Tövsiyəm odur ki, insanlar bu məsələlərə həssas yanaşsınlar. Ana və uşağın sağlamlığının qorunması tək tibb işçilərinin yox, hər bir kəsin, dövlətin işidir. Qəbul edilən qanunlar, dövlət proqramları hər il, silsilə şəklində, fasilə olmadan davam etdirilir. Məsələn, 2003-cü ildə Azərbaycanda körpələrin və uşaqların qidalandırılması haqqında qanun qəbul edildi. 2013-cü ilin aprel ayında ölkədə uşaqların icbari dispanserizasiyası haqqında qanun qəbul olundu. Bu qanuna əsasən uşaqlar doğulandan bir yaşa qədər 10 dəfə kompleks tibbi müayinədən keçirilir. Bir yaşdan iki yaşa qədər hər rübdə bir dəfə, iki yaşdan üç yaşa qədər hər altı aydan bir, 3 yaşdan sonra da hər ildə bir dəfədən az olmayaraq kompleks tibbi müayinəyə cəlb olunur. Qanuna görə uşaqların sağlamlığının qorunması işinə görə valideynlər məsuliyyət daşıyırlar. Əgər valideyn peyvənddən imtina edirsə, o halda valideyndən yazılı izahat tələb olunur. Peyvənddən imtinaya əsas olmayanda valideyn cərimələnir. Çünki dövlət uşağa ölkənin bir vətəndaşı kimi baxaraq onun haqqının, hüquqlarının qorunmasını təmin edir. Ölkəmiz 1992-ci ildən Beynəlxalq Uşaq Hüquqları Konvensiyasına qoşulub. Hər 5 ildən bir biz dövlət olaraq BMT qarşısında uşaqların qorunmasının təminatı haqqında hesabat veririk. Bütün bu işlər dövlət tərəfindən uğurla aparılır. Məsələn, uşaqların icbari dispanserizasiyası haqqında qanun ətrafımızdakı ölkələrin heç birində mövcud deyil. Üstəgəl, icbari dispanserizasiyanın dövlət hesabına aparılması təmin olunub. Bu ilin yayında artıq icbari dispanserizasiya ilə bağlı İkinci Dövlət Proqramı qəbul edildi. Birinci Dövlət Proqramı qanunun reallaşması 2013-cü ilin dekabrından 2018-ci ilə qədər dövrü əhatə edirdi. İkinci Dövlət Proqramı isə 2018-2022-ci illəri əhatə edir. Bütün bunları görməmək, qeyd etməmək olmaz.   

- Göstəricilər azalsa da, Azərbaycanda müəyyən səviyyədə uşaq ölümləri var. Bu uşaq ölümlərinin səbəbləri araşdırılıb, uşaq ölümlərinin əsas səbəbləri müəyyənləşdirilibmi? 

- Bu araşdırmalar Səhiyyə Nazirliyinin Statistika İdarəsi və müvafiq qurumlar, o cümlədən bizim tərəfimizdən daim aparılır. Bu gün ölkədə 5 yaşına qədər uşaqlar arasında ölüm göstəricisi 13,2 promilledir. Bunun 11,2 promillesi 1 yaşına qədər olan uşaqlardır. Bir yaşdan beş yaşa qədər uşaqlar arasında ölüm göstəricisi çox cüzidir, cəmi 2,2 promille təşkil edir. Araşdırma zamanı da məlum olur ki, 1 yaşına qədər uşaqlar arasında ölüm göstəricisinin  ¾-ə yaxını yenidoğulma,  çağalıq dövrünə təsadüf edir. Bununla bağlı da dövlətimiz, səhiyyəmiz mümkün olan bütün vasitələrdən istifadə etməklə bu problemi aradan qaldırmaq istəyir. Bu, təkcə Azərbaycanda belə deyil. Dünyanın əksər inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrində belədir. Körpə ölümünün böyük hissəsi yenidoğluma, perinatal dövrə təsadüf edir. Bununla əlaqədar da Azərbaycanda silsilə tədbirlər davam etdirilməkdədir. Mən əminəm ki, biz yaxın gələcəkdə bu sahədə də böyük uğurlara nail olacağıq.   
  
Yeri gəlmişkən, yenidoğulma dövründə baş verən xəstələnmə, ölüm halları sırasında cərrahi doğuşların, qeysəriyyə əməliyyatlarının sayının artması və uşaqlarının ana südündən mərhum edilməsi də çox ciddi rol oynayır. Halbuki biz bunlardan uzaqlaşa bilərik. Əgər ana öz körpəsinə süd verərsə, bu problemin biri həll oluna bilər. Yaxud doğuş prosesi təbii yolla aparılarsa, süni yolla aparılmazsa, bu problem də aradan qaldırılar. Təəssüf ki, bu, tək tibb işçilərinin gücü çərçivəsində deyil. Bütün analara hökm edə bilmirik. Təbiətin elə qanunu var ki, onu pozanda təbiət cəza verir, qisas alır. Məsələn, insandan başqa elə canlı tapmaq olmaz ki, dünyaya bala gətirsin və ona başqasının südünü versin. Biologiyada belə bir qanun var. Orada göstərilir ki, hər bir canlının öz balası üçün hasil etdiyi qida maksimum spesifik və maksimum adekvatdır. Yəni həmin qida öz balasından başqa heç bir canlının balasına uyğun gəlmir və bu qida qədər öz balasını qoruyan ikinci qida mövcud deyil. Bir canlının öz balası üçün hasil etdiyi qidanın başqa canlının balasına verilməsi bioloji fəlakət deyirlər. İndi bu gün biz övladımıza ana südü əvəzinə inək südü, yaxud onun bazasında hazırlanmış süni qida qatışıqları veririksə, günahı kimdə axtarmaq lazımdır?! Günahı insanların özündə axtarmaq lazımdır. Qəribəlik, paradoksallıq da ondan ibarətdir ki, dünyada öz övladını hamıdan çox istəyən ana öz övladına süd verməməklə hamıdan da çox öz övladına qəsd etmiş, pislik etmiş olur. Müqəddəs kitabımız Quranda da Bəqərə surəsi var. Həmin surənin 233-cü ayəsində yazılıb ki, müsəlman ana öz övladına əmizdirməni baş çatdırmaq üçün iki il, yaxud 24 ay ana südü verməlidir. Çox təəssüf olsun ki, indi bu haldan uzaqlaşan, ona məhəl qoymayan analar da mövcuddur. Mənim onlara məsləhətim  budur ki, bu çox təhlükəli yoldan uzaqlaşsınlar. Övladının sağlamlığını, gələcək inkişafını, cəmiyyətdə normal mövqe tutmasını istəyirlərsə, körpələrini ana südü ilə qidalandırmalıdırlar. Bizim xalqımız müdrik xalqdır, görün ana südü ilə bağlı nə qədər deyimlər var. Bir insan çox yaxşı əməl edəndə, deyirlər ki, bu, ona ana südü kimi halaldır. Yaxud ana südünün həyat mənbəyi olduğu bildirilir. "Dədə Qorqud”da da ana südü, dağ çiçəyi yaralanıb həyatını itirməkdə olan döyüşçünü sağaltmaq üçün məlhəm sayılır. Belə misalları saysız-hesabsız söyləmək olar. Bütün bunları valideynlər nəzərə almalıdırlar, biz valideynlərə güc tətbiq edə bilmərik. Ana dərk etməlidir ki, körpəsini südü ilə qidalandırmırsa, uşağı çox böyük risklər, xəstəliklər qarşısında qoymuş olur.   

- Bu problemin səbəbi həm də KİV-də, xüsusən telekanallarda süni körpə qidalarının geniş reklamı deyil ki?

- "Körpələrin və erkən yaşlı uşaqların qidalandırılması haqqında” qanunun üçüncü bölməsi bütövlükdə ölkəyə gətirilən süni qida qarışıqlarının satılması və yayılmasına dövlət nəzarətinin təmin olunmasından bəhs edir. Azərbaycanda bu gün demək olar ki, dövlət tibb müəssisələrində, dövlət telekanallarında bu məsələyə riayət olunur. Amma çox təəssüf ki, özəl telekanallarda, digər KİV-lərdə bu qanunu pozmağa cəhdlər olur. Bunun üçün də Nazirlər Kabineti qanunda göstərildiyi kimi tədbirlər görməlidir. Lakin indiki ədalət naminə bir məqamı da qeyd etmək lazımdır. İndi Bakı və respublikanın digər yerlərində süni uşaq qidaları ilə bağlı heç bir reklam lövhəsinə rast gəlmək mümkün deyil. Lakini1990-cı illərdə hər yerdə böyük reklam plakatları asmışdılar ki, filan süni qida belə yaxşıdır. Hətta SSRİ zamanında da belə reklamlar var idi. İndi həmin reklamlar yığışdırılıb. Ancaq təəssüf olsun ki, bəzi özəl telekanalları, KİV-lər bu sahədə pozuntulara yol verirlər. Təbii ki, Səhiyyə Nazirliyi bununla bağlı xəbərdarlıq edir, lakin bu reklamların tam kökünü kəsmək mümkün deyil. Dünyada da mümkün deyil. Çünki süni qidalar istehsal edən şirkətlərin imkanları geniş, maliyyə vəsaitləri çoxdur və bundan da istifadə edirlər. Ona görə də hər şey insanın öz əlindədir. Əgər ana uşağı döşdən ayırıb süni qida vermək istəyirsə, bunun qarşısını kim almalıdır? Ana özü bunu dərk etməlidir. Cəmiyyətin ümumi təsiri, birgə fəaliyyəti nəticəsində bu problem aradan qaldırıla bilər. 
 


- Bu gün müqayisəli yanaşsaq, uşaqlar arasında hansı xəstəliklər daha geniş yayılır?     
      
- Bu gün Azərbaycanda uşaqlar arasında heç bir xəstəliyin epidemiyası mövcud deyil, yalnız mövsümi xəstəliklərə rast gəlinir. Payız-qış mövsümündə virus yoluxma hallarından söhbət gedir. Biz ona tibb dilində soyuqdəymə xəstəlikləri deyirik. Soyuqdəymə xəstəlikləri qrup şəklində xəstələnməklə müşahidə olunur. Heç kim deyə bilməz ki, son illərdə Azərbaycanda konkret hansısa xəstəliyin epidemiyası baş verib. Qrip, paraqrip, odinaviruslar, renaviruslar, rotaviruslar, ümumiyyətlə, minlərlə belə viruslar mövcuddur ki, mövsümi xəstəliklər sırasında uşaqların bu və digər belə viruslara yoluxması halları olur. Bunun da qarşısını almaq üçün gərək uşaqların orqanizmi ilin yaz, yay mövsümündə möhkəmləndirilsin. Gərək həm də körpələr ana südü ilə qidalandırılsın. Belə olan halda xəstəliklərin də sayı minimuma endirilmiş olur. Amma dünyada elə ölkə tapmaq olmaz ki, orada körpə yaşlı uşaq ildə azı iki dəfə xəstələnməsin. Bu gün dünyada bütövlükdə o xəstələnmənin qarşısını almaq, kökünü kəsmək mümkün deyil. Dünyanın ən inkişaf etmiş ölkəsində də xüsusən 3 yaşa qədər uşaq ildə ən azı iki dəfə, xüsusən də soyuqdəymə xəstəlikləri ilə xəstələnir.  

- Hansı yoluxucu xəstəliklərin anadan uşağa keçməsi ehtimalı daha böyükdür?

- Biz tibdə hamiləliyin ilk 3 ayına orqanogenez dövrü deyirik. Bu ilk 3 ayda ana bətnində bütün üzvlərin və toxumaların mayası qoyulur. O zaman viruslarla xəstələnmək  böyük risk sayılır. O halda orqanogenez prosesi pozulur, doğulan uşaqlarda da qüsurlar, anomaliya əlamətləri görünür. Orqanogenez mərhələsindən sonra ana bətnində inkişaf başlayır və orqanogenez mərhələsindən sonra bu xəstəliklərin ciddi fəsadı görünmür. Məsələn, niyə biz qızılca məxmərəyinin kökünü kəsməyə doğru getdik və bunu ölkə miqyasında ləğv edə bildik? Çünki ana hamiləliyin ilk aylarında qızılca məxmərəyinə yoluxursa, uşaq ciddi qüsurlarla doğula bilər.  

- Yeri gəlmişkən, rəsmi statistika son illər ölkədə doğulan uşaqlarının sayının azalmaqda olduğunu ortaya qoyur. Bunun səbəbləri nədir?  

- Allaha şükür ki, bu gün də Azərbaycanda əhalinin artım indeksi müsbətdir. Hər il əhalimiz 1 faizə qədər artır. Mən o dinamikanı izləmişəm. 1992-1993-cü illərdən başlayaraq 2001-ci ilə qədər doğulan uşaqların sayı hər il azalmaqda davam edirdi. 2001-ci ildə Azərbaycanda ən az uşaq – 110 min nəfər dünyaya gəldi.  2001-ci ildən 2011-ci ilə qədər doğulan uşaqların sayında artım tendensiyası davam etdi, 110 mindən 174 min 600-ə çatdıq. 2011-ci ildən indiyə qədər isə 174 mindən 145 minə qədər azalma var. Bunun səbəbləri nədir? Birincisi, hesab edirəm ki, bu, stabilləşmə ilə bağlıdır. Artım sonsuzluğa qədər ola bilməz, müəyyən həddə çatanda stabilləşmə gedir. İkincisi, bu fenomen dünyada mövcuddur. Qəribədir ki, ölkə nə qədər çox inkişaf edirsə, doğuşun sayı bir o qədər azalır. ABŞ-ı istisna etməklə, Avropa ölkələrinin heç birində bu sahədə inkişaf yoxdur. Almaniya istisna olmaqla, Avropa ölkələrinin hamısında əhalinin artım indeksi mənfidir. Qonşu Rusiyaya baxsaq, SSRİ parçalananda Rusiyanın əhalisi 153 milyon nəfər idisə, indi 147 milyon nəfərə düşüb. Gürcüstanda əhalinin artım indeksi sıfıra bərabərdir.  Bədnam qonşumuz Ermənistanda bu sahədə iki dəfə azalma var, əhalinin artım indeksi mənfidir. 

Hesab edirəm ki, yeni doğulan uşaqlarla bağlı Azərbaycanda 150-160 min səviyyəsində stabilləşmə gedəcək. Proqnozuma görə, gələcək 10 ildə də əhalinin sayı artdıqca doğulanların sayı 200 min nəfərə qədər artacaq. 

- Yəni Azərbaycanda demoqrafik böhran gözləmirsiniz? 

- Müstəqilliyimizdən keçən 26 il ərzində 3 milyon nəfər artmışıqsa, bu, böyük nailiyyətdir. 153 milyon əhalisi olan Rusiya 6 milyon nəfər azalıb. Bizim bu gün demoqrafik göstəricilərimizdə həyəcan təbili çalmağa bir əsas yoxdur. Azərbaycanda əhalinin sayı artır və gələn ilin ortalarında da siz də, biz də şahid olacağıq ki, 10 milyon həddini keçdik. Əgər keçən müddət ərzində bir xalq 3 milyon artırsa, bu, çox yaxşı göstəricidir. Kim bəyənmirsə, dünyanın statistikasına baxsın. 

- Mətbuatda ana və uşaq ölümlərinə görə tez-tez həkimlər günahlandırılır? Siz necə düşünürsünüz?

- Mən insan, tibb işçisi olaraq qəti şəkildə nə ana, nə də uşaq ölümünün baş verməsini istəmirəm. Bu, doğurdan da faciədir. Ümumiyyətlə, ölüm hər bir ailə, onun əhatəsi, cəmiyyət üçün bir fəlakətdir. Amma statistika ilə maraqlansaq, ABŞ-da son 3 ildə ana ölümünün səviyyəsi 1,5 dəfə artıb. Ana ölümü daha çox qaradərililər arasında artıb. Baxmayaraq ki, ABŞ kifayət qədər qüdrətli bir dövlətdir. 

Azərbaycanda ana ölümü göstəricisinə gəlincə, 1990-cı illərin sonlarında, 2000-ci illərin əvvəlində hər yüz min nəfərə 45-46 nəfər olub. Yəni o illərdə  hər yüz min nəfər doğan qadından 46-ı tələf olurdu. İndi bu rəqəm 14-ə düşüb. Burada da 3 dəfədən çox azalma var. Amma bu göstəricini sıfıra endirmək dünyada da mümkün deyil. Elə bir ölkə tapmaq olmaz ki, ana ölümü sıfıra bərabər olsun. Təbii ki, Azərbaycanda səhiyyə sahəsində aparılan tədbirlər ana ölümü göstəricisinin dünyada ən qabaqda gedən ölkələr səviyyəsində azaldılmağa yönəldilib.

"Ana ölümlərinin günahkarı hamilə qadınlar və onların ətrafıdır”

- Ana ölümlərinin əsas səbəbləri hansılardır?

- Günahın çox böyük hissəsi hamilə qadınlarda və onun əhatəsində olan insanlardadır. Müşahidələr göstərir ki, bu hadisələrin baş verməsinin əsas səbəbi bu anaların qeydiyyatdan kənarda qalması, hamiləliyini heç kimə bildirməməsi, ucqar kənddə hamilə olub heç bir tibbi xidmət almaması ilə əlaqədardır. Bu işə məsuliyyətsiz və etinasız yanaşmanın nəticələri olur. Təbii ki, qadın hamilə olduğu ilk gündən qeydiyyatda durursa, həkim nəzarətində olursa, o halda fəsad və ölüm halları da kəskin azalmış olur. Bu, reallıqdır. Ona görə də məsləhətim odur ki, o insanlar daim həkimlərin, tibb mütəxəssislərinin nəzarəti altında olsunlar.    

Çingiz Əliyev
Medicina.az