BölmələrRU
Xidmətlər
 

Meyitdən uşaqlıq köçürülmüş qadın uşaq doğdu - Dünyada ilk dəfə

Braziliyada ölü donordan uşaqlıq köçürülən qadın uşaq doğub.

Medicina.az xəbər verir ki, 32 yaşlı pasiyentin anadangəlmə uşaqlığı olmayıb. Donor 45 yaşlı qadın seçilib. 3 uşaq doğan, beyninə qansızmadan ölən 45 yaşlı donorun uşaqlığı 2016-cı ildə 32 yaşlı pasiyentə uğurla transplantasiya edilib. 

Əməliyyatdan 35 gün sonra qadında aybaşı başlayıb, orqan tamamilə orqanizmlə uyğunlaşıb. 

4 ay sonra qadına süni mayalanma olunub və o, hamilə qalıb. 

Dünyaya sağlam uşaq gəlib. Daha sonra donor uşaqlıq qadından əməliyyatla çıxarılıb ki,  qadın ağır immunitet saxlayıcı dərmanlar qəbul etməsin.

Dünyaya gəlmiş qız uşağı hazırda normal şəkildə böyüyür, ana südü ilə qidalanır. 

Ananın da sağlamlığı qaydasındadır. 

Təcrübənin müəllifləri bildirir ki, meyitdən uşaqlıq köçürməklə sağlam hamiləlik və uşaq dünyaya gətirmək mümkündür. Bu metodla uşaq həsrətində olan bir çox qadını sevindirmək mümkündür.

Qeyd edək ki, əvvəllər bu hadisə yalnız canlı donordan uşaqlıq transplantasiyası zamanı qeydə alınıb. 

Belə ki, ilk dəfə 2014-cü ildə İsveçdə canlı donordan köçürülmüş orqandan sağlam uşaq doğulmuşdu. Bu üsulla dünyada cəmi 12 uşaq doğulub. Uşaqlıq orqanı müxtəlif səbəblərdən bu orqanı olmayan və ya itirmiş qadına canlı donorlar - rəfiqələri, qohumları tərəfindən könüllü olaraq köçürülürdü. 

Amma dünyada uşaqlıq orqanına ehtiyac duyan qadınlar çox olduğundan alimlər meyitdən orqan köçürülməsi barədə araşdırmalar və işlər aparırlar. Türkiyə də daxil olmaqla 4 ölkədə olunan bu cəhd bu vaxta kimi uğursuzluqla nəticələnmişdi. 

Aygün
Medicina.az