Menstruasiya vaxtınızı təxmin edə bilmirsinizsə, vəziyyətiniz qəlizdir - Aybaşı pozulmasına səbəb olan xəstəliklər

  • 2018.12.12 13:35
  • 17987 Baxış
Menstruasiya vaxtınızı təxmin edə bilmirsinizsə, vəziyyətiniz qəlizdir -  Aybaşı pozulmasına səbəb olan xəstəliklər
Qadın sağlamlığında ən vacib məsələlərdən biri menstruasiya dövrüdür. Aybaşı pozuntusu isə bu müddətdə qadınları ən çox narahat edən problemdir. İldə bir neçə günlük gecikmələr normal qəbul edilsə də, tez-tez yaşanan menstruasiya pozuntusu mioma, şiş kimi xəstəliklərə işarə edə bilər. Bu cür aybaşı pozuntuları zamanı mütləq mütəxəssisdən kömək alınmalıdır.


Medicina.az xəbər verir ki, hər qadının ayda bir dəfə menstruasiya olması vacibdir. Hər qadının aybaşı cədvəli isə fərqlidir. Əgər qadın hər ay menstruasiya olacağı tarixi təxminən bilmirsə, təxmin etdiyi vaxtdan gec və ya tez olursa, bu vəziyyət aybaşı pozuntusu kimi qiymətləndirilə bilər. 


Ən böyük səbəb: STRESS


Aybaşı pozulması ən çox yeni menstruasiya olanlarda və klimaks yaşayanlarda rast gəlinir. Bu da hormonlardakı dəyişikliklərlə bağlıdır. Bu cür vəziyyətlərdə hormon testləri edilməlidir. Təkcə hormonal pozulmalar da aybaşı problemi yarada bilir. Məsələn, tiroid və ya prolaktin hormonlarında pozulmalar menstruasiyaya da təsir edir. Bundan əlavə, tez-tez kökəlib-arıqlayanlar, həddən çox idmanla məşğul olanlar da bu problemlə qarşılaşır. 


Aybaşı pozulmasının ən böyük səbəbi isə stresdir. Qadınlar ən kiçik stresdə menstruasiya pozulması yaşayır. 


Aybaşı pozulmalarına səbəb olan problemlər


Aybaşı pozulmaları müxtəlif xəstəliklərin xəbərçisi ola bilər. Menstruasiyanı təşkil edən 4 faktordan hipotalamus, hipofiz, yumurtalıq və uşaqlıqdan birində yaşanan problem aybaşını pozur. Hipofizdəki şişlər, yumurtalıq və uşaqlıqdakı kista, mioma, şişlər aybaşı pozuntusu gətirir. Uşaqlıq toxumasının qalınlaşması, uşaqlıq və ya uşaqlıq ağzındakı poliplər, nadir hallarda xərçəng menstruasiya pozulması ilə müşayiət olunur. Heç bir problem olmadan da aybaşı pozula bilər.


Başqasının dərmanını içməyin


Aybaşı pozulması səbəbinə görə qadınlara müalicə tətbiq olunur. Bu səbəbdən başqasının istifadə etdiyi dərmanlardan qətiyyən atmayın. Çünki bəzən dərman yerinə əməliyyat göstəriş ola bilər. Aybaşı pozuntusu yaşayan hər bir evli və ya subay qadının həkimə getməsi lazımdır. Çünki aybaşı pozulmasına müdaxilə edilmədikdə, daha qorxulu nəticələr ortaya çıxa bilər.


Aybaşı pozulması yaşayan qadınlar da hamilə qala bilər


Aybaşı pozulması yaşayan qadınların ən çox maraqlandığı məsələlərdən biri də bu vəziyyətdə hamilə qalıb-qalmamaqdır. Menstruasiya pozulmasına səbəb olan amil ortadan götürülərsə, əlbəttə ki, qadın hamilə qala bilər. Bundan başqa, menstruasiya pozulmaları zamanı həddən çox qanaxma ola bilər. Bu qanaxmalar halsızlığa, yorğunluğa səbəb olur, həyat keyfiyyətini aşağı salır. Bu səbəbdən də menstruasiya pozulması yaşayan hər bir qadın mütləq həkimə müraciət etməlidir.