Lakı asetonsuz necə təmizləmək olar? - Bu üsullar sağlamlığa ziyan vermir

  • 2018.11.13 12:02
  • 31339 Baxış
Lakı asetonsuz necə təmizləmək olar? -  Bu üsullar sağlamlığa ziyan vermir
Qadınlar bəzənməyə, görünüşlərinin hər zaman qaydada olmasına  xüsusi diqqət yetirirlər. Gözəl və baxımlı görünməyin ən vacib göstəricilərindən biri də baxımlı əllər və dırnaqlardır. Bütün dövrlərdə qadınlar dırnaqlarına qulluq etməyi, onu uzadaraq müxtəlif formaya salmağı və boyamağı çox seviblər. Müasir dövrdə isə kosmetologiya sənayesi çox inkişaf edib, buna bağlı olaraq da dırnaq boyalarının tərkibi dəyişib və çeşidi artıb. Lakin bir boyanı dırnaqda uzun müddət saxlamaq olmur və qopmuş boyanı təmizləyib, yenidən çəkmək lazım gəlir. Dırnaq boyaları isə adi aseton yardımı ilə tamamilə təmizlənir. 


Onu qeyd edək ki, dırnaq boyasını təmizləməyin ən asan və ucuz yolu asetonla silməkdir. Amma burda bir sıra məqamlar var. 


Medicina.az xəbər verir ki, aseton dırnaqlardan boya ilə yanaşı onun təbii qoruyucusu olan piy təbəqəsini də təmizləyir. Bundan əlavə, bu kimyəvi birləşmə kifayət qədər toksiki təsirə malikdir. Onun buxarı nəfəs yollarına təsir göstərək, bir sıra ciddi problemlərə, o cümlədən də allergiyaya yol aça bilər. Əgər dəridə çatlar və kəsiklər varsa, o zaman, asetondan istifadə etmək qətiyyən olmaz. Bu tip həlledicilər dərinin çatlarından qana keçərək toksik təsir göstərirlər. Buna görə də dırnaqlarınızdakı boyanı təmizləmək üçün əlinizdə olan çatların və kəsiklərin tam sağalmasını gözləməlisiniz. Bu isə kifayət qədər uzun zaman ala bilər. 


Amma narahatlığa heç bir əsas yoxdur. Asetonu hər bir evdə əl altında olan tqmamilə təhlükəsiz vasitələrlə də əvəz etmək mümkündür. 


Medicina.az bu gün ev şəraitində mətbəxdə olan vasitələrlə dırnaqdan boyanı təmizləmək üçün vasitələrin hazırlanması reseptini təqdim edir: 


1.Ətri və ya dezodorantı dırnağın üzərinə püskürdün və bir qədər gözləyin. Sonra isə boyanı pambıqla təmizləyin. 


2.Sirkə bu işdə sizə kömək ola bilər. Pambığı sirkədə isladaraq boyanın üzərində bir müddət saxlayın. Daha sonra isə yaxşıca sürtün.


3.Hər evdə olması vacib olan maddələrdən biri də hidrogen peroksiddir. Bu maddədən də dırnaq boyasını təmizləmək üçün istifadə etmək olar. Bu maddə asetondan fərqli olaraq toksik tərkibli deyil. 


4. Limon suyunu sıxın və pambığı həmin şirədə isladaraq dırnaq boyasını onunla təmizləyin.


Daha yaxşı olardı ki, aseton tərkibli olmayan hazır boya təmizləyicilərindən istifadə edəsiniz. Boyanı təmizlədikdən sonra isə dırnaqlarınıza və əllərinizə minerallar və vitaminlərlə zəngin krem çəkməyi unutmayın! 


Arzu

Medicina.az