Kompüter oyunlarına aludəçilik artıq xəstəlik sayılır - RƏSMİ AÇIQLAMA

  • 2018.06.19 12:16
  • 10941 Baxış
Kompüter oyunlarına aludəçilik artıq xəstəlik sayılır -  RƏSMİ AÇIQLAMA
Dünya Səhiyyə Təşkilatı kompüter və video oyunlarına aludəçiliyi xəstəlik adlandırıb.

 

Medicina.az xəbər verir ki, bu gün təşkilatın mənzil-qərargahının yerləşdiyi Cenevrə şəhərində elan olunan yeni psixi xəstəliklər kataloqunda kompüter oyunları aludəçiliyi yer alıb. Təşkilatın verdiyi açıqlamada aludəçiliyin kataloqa daxil edilməsinin, eyni zamanda, elmi tədqiqatlara stimul xarakteri daşıdığı da bildirilib.

 

Təşkilatın məlumatına görə, dostlar və ailəyə qarşı biganə və etinasız münasibət, yuxu ritminin pozulması, qeyri-düzgün və qeyri-mütəmadi qidalanma və zövq almadan belə oyun oynama asılılığı bu xəstəliyin əsas əlamətləridir. Bu vəziyyətin azı bir ildən artıq davam etməsi tələb olunur ki, bu halı xəstəlik kimi dəyərləndirmək mümkün olsun.


Almaniyanın Münster Universitetinin kommunikasiya elmləri üzrə araşdırmaçısı Torsten Kvandt isə yaxın gələcəkdə mobil telefonlardan tutmuş sosial media asılılığına kimi bir sıra media aludəçiliyinin müstəqil media xəstəlikləri kimi sinifləşdirilməsini mümkün sayıb.