Kişiyə prostat xərçəngi diaqnozu qoyduq, gecə beyinə qan sızmasından vəfat etdi – Uroloq Fikrət Əhmədovdan uroloji onkologiya barədə açıqlamalar

  • 2018.09.10 18:09
  • 11329 Baxış
Kişiyə prostat xərçəngi diaqnozu qoyduq, gecə beyinə qan sızmasından vəfat etdi –  Uroloq Fikrət Əhmədovdan uroloji onkologiya barədə açıqlamalar

Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasının Urologiya şöbəsinin müdiri , həkim uroloq, tibb üzrə fəlsəfə doktoru Fikrət Əhmədov Modern.az saytının suallarını cavablandırıb. Qeyd edək ki, Fikrət Əhmədov Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədovun oğludur. 


Medicina.az həmin müsahibəni təqdim edir:

 


 Qadınların sidik kisəsinin divarları daha incə olduğundan, 

siqaret çəkən qadınlar kişilərə nisbətən daha tez sidik kisəsi xərçənginə tutulurlar.




- Həkim, son dövrlərdə uroloji xəstəliklərin statikstikası nə yerdədir? Əsasən hansı regionlarımızda böyrək xəstəliklərindən əziyyət çəkənlərin sayı daha çoxdur?


- Böyrək xəstələrini regionlara ayırmaq doğru deyil. Hər bir insanın böyrəyi, sidik kisəsi, sidik yolu olduğu üçün uroloji xəstəliyə tutulma ehtimalı da mümkündür. Xüsusilə, genetik meyllilik, qidalanma, yaşam tərzi və digər orqanlarda mövcud olan xəstəliklər uroloji xəstəliklərə gətirib çıxara bilər. Bundan başqa, uroloq olduğumuz üçün kişi cinsiyyət xəstəliklərini də müalicə edirik.

 

Sonsuzluq, cinsi problemləri olan kişi xəstələr bizə müraciət edir. Uroloji xəstəliklər dedikdə ilk ağıla gələn böyrək daşı xəstəlikləri olur. Kişilər daha çox  prostat problemi, xüsusilə xoşxassəli hiperplazeya ilə bizə müraciət edirlər. Adətən xəstələr buna  adenoma deyirlər. Həmçinin, 50 yaşına çatan kişilərdə sidiyəgetmədə çətinliklər, gecə tez-tez sidiyəgetmə, sidiyi tam boşalda bilməmə kimi prostata bağlı problemlərlə bizə müraciət edirlər. Bununla yanaşı olaraq, hər yaşda istər qadın, istərsə də kişi cinsində böyrək və sidik yolları daşı problemləri çox görülür. Əlbəttə, daş xəstəlikləri orta yaş insanlarda rast gəlinir.


 Qadınlara nisbətən kişilərdə iki dəfə daha çox görürük. Bu, artıq kişi cinsi olmanın bir riskidir. Bundan başqa kiçik yaşlı uşaqlarda anadangəlmə sidik yollarının və cinsiyyət orqanlarının patoloji problemləri, qadınlar menopauzadan, yaxud da 50 yaşdan sonra çoxsaylı doğuş ediblərsə sidik qaçırma prosesi kimi problemlərlə bizə müraciət edirlər. Müraciət edən xəstələrin çeşidləri çoxdur. Bunların içində ən çox daş və prostat vəzi xəstəlikləri üstünlük təşkil edir.


- Kişi sonsuzluğuna  toxundunuz. Əksər Azərbaycan ailələrində sonsuzluqla bağlı problem aşkarlananda dərhal qadınlar həkimə göndərilir. Sonsuzluqla bağlı kişilərin həkimə müraciət etməsində irəliləyiş nə qədərdir?


- Doğru deyirsiz. Sonsuzluq aşkarlanan zaman səbəbi qadında axtarırlar. Bu zaman qadın da səsini çıxartmır və məcbur olub ginekoloqa müraciət edir. Amma sonsuzluqla bağlı son illərdə kişilər də açıq şəkildə bizə müraciət edir. Burada bəzi məqamlar var. 


Qidalanma tərzi, ətraf mühitin zərərli təsiri həm  qadınlarda hamilə qalma prosesini nisbətən aşağı salır, həm də kişilərdə sperma keyfiyyətinə az da olsa təsir edir. Hazırda zərərli vasitələr də az deyil. 


İstər spirtli içkilər, istərsə də siqaret, narkotik vasitələr olsun, bunların hamısı öz mənfi təsirini göstərir.


- Sadaladığınız zərərli vərdişlərdən  başqa son illərin brendinə çevrilən Hell, Redbull kimi içkilər də evlərimizə ayaq açıb. Spirt və nikotinin böyrəyin funksiyasına nə kimi zərərli təsiri var?


- Bura qəlyanı da əlavə etmək istərdim. Azərbaycanda əksəriyyət qəlyandan istifadə edir. Adını çəkdiyiniz içkilərin daxili orqanlara təsiri var. Hell və digər zərərli içkilərin sonsuzluqda rolunun nə qədər olması barədə  elmi araşdırma yoxdur. Amma onların zərərli olması birmənalıdır. 


Siqaretin sidik yollarına, cinsiyyət orqanlarına, böyrəyə mənfi təsiri çoxdur. Məsələn, siqaret böyrək şişlərinin əmələ gəlməsində müəyyən risk faktoru kimi özünü göstərir. 


Xüsusilə, sidik kisə xərçənglərinin 40%-i siqaret çəkən insanlarda görülür. 


Siqaret sidik kisəsi xərçəngi üçün birinci risk faktorudur. Ağ ciyərdən sonra siqaret ən çox sidik kisəsinə zərər verir. Bir önəmli məqamı da qeyd etmək istədim. Qadınların sidik kisəsinin divarları daha incə olduğundan,  siqaret çəkən qadınlar kişilərə nisbətən daha tez sidik kisəsi xərçənginə tutulurlar.


- Pasiyentlərinizlə bu barədə diskussiya aparırsızmı?


- Əlbəttə. Siqareti tərgitməyən  sidik kisəsi xərçəngi olan xəstənin müalicəsi mənasızdır. Biz ancaq siqareti tərgidərək müalicəni davam etdiririk. Sonsuzluq problemi olan xəstə siqareti tərgitmirsə,  müalicəsində aparılan nəticə yarıbayarı azalır. Bu məsələdə siqaret çəkən pasiyentə ciddi xəbərdarlıq edirik. Əgər pasiyent müalicəyə tabe olmazsa, məsləhətlərimizi eşitməzsə, biz də onun müalicəsini dayandıra bilərik.


 - Mənimlə razılaşarsız ki, "siqaret çəkmə, içki içmə” tövsiyəsi edən həkimlər özləri ən yaxşı istifadəçidirlər. 


- Əlbəttə razıyam. Hər kəs zaman-zaman siqaretdən, spirtli içkidən istifadə edir. Adətən həkimlərin belə bir devizi var. "Həkimin elədiyini etmə, dediyini et”. Siqaret çəkən həkimlər var. Siqaret çəkən həkim xəstəsinə "çəkmə” deyərkən  dərhal  həkimin etdiyinə yox, dediyinə əməl etmək lazımdır.


- Bəs siz özünüz necə siqaretdən, içkidən istifadə edirsizmi?


- Siqaret çəkən deyiləm. Amma spirtli içkidən  ayda-ildə bir dəfə istifadə etməli oluruq. Bu da bayramlarda, ad günlərində baş verə bilər.


- Bir qədər də orqan transplantasiyasına  toxunmanızı rica edərdim.  Bununla bağlı qanunda hələ də nələrsə çatışmır. Həmçinin, böyrək transplantasiyasını həyata keçirmək üçün hansı mərhələləri keçməli olursuz?


- Fikrimcə, Avropa ölkələri  ilə müqayisə etdikdə transplantasiya ilə bağlı qanunlarımızda müəyyən qədər çatışmazlıqlar mövcuddur. Bunun da aradan qaldırılması istiqamətində Səhiyyə Nazirliyi tərəfindən işlər aparılır. Protokolların yenilənməsi məsələsi gündəmdədir.

 

Biz də böyrək transplantasiyası ilə məşğul oluruq. Əlbəttə bizim transplantasiya olunmuş xəstə sayımız bir qədər azdır. Çünki cərrahiyyə  klinikamızın da yaşı azdır. Aktiv şəkildə məşğul olmasaq da, biz bu işlə məşğul oluruq. Artıq xəstəxanalar insanlar üçün əlçatan olub və insanlar hər bir məsələ barədə məlumatlıdırlar.

 

Böyrək çatışmazlığı olan xəstələr  dövlət tərəfindən nəzarətə götürülür. Vaxtaşırı onlar rutin dializ dediyimiz homodializ proqramına alınır. Nefroloqlarımız, homodializ aparan  komanda xəstələrə uyğun donor tapırlarsa, biz uroloqlara müraciət edirlər. Bu zaman  transplantasiya haqqında xəstəyə məlumat verilir. Çünki xəstə və donor  buna hazırdırsa, transplantasiya haqqında qərar qəbul edilir və transplantasiya həyata keçirilir.

 


 Uşaqlarda uroloji orqanların, sidik yollarının infeksiyalarına rast gəlinirsə,

bu, gələcəkdə ciddi böyrək çatışmazlığına gətirib çıxara bilər.



- Böyrək çatışmazlığı xəstələrinin sayı artıbmı?


- Bəlkə də artıb. Artıq çəki, hipertenziya xəstəliyinin artması, sağlam qidaların azalması kimi problemlər böyrək çatışmazlığına gətirib çıxarır. Amma ciddi dərəcədə artdığını demək çətindir. Sadəcə, nisbətən artdığını deyə bilərəm. Çünki müalicə vasitələri də təkmilləşib və insanlar daha kiçik problemlər olduğu zaman həkimə müraciət edirlər. Bu zaman daha tez sağlamlıqlarına qovuşurlar.

 



- Uşaqlarda da böyrək xərçəngi xəstəliklərinə rast gəlmək mümkündür. Bunun səbəbləri nədir? 


- Əsasən anadangəlmə genetik problemlər varsa, xəstəlik özünü göstərir. Proqnozu çox da yaxşı olmasa, müalicə vaxtında aparılarsa, yaxşı nəticə əldə etmək olur. Xromosomlarda olan defektlər, anadangəlmə patologiya zamanı xəstəlik baş verə bilir. Təəssüf ki, hazırda onkoloji xəstəliklərin səbəbi tam olaraq bilinmədiyi üçün dəqiq səbəb demək çox çətindir.

 

Eləcə risk faktorlarını söyləyə bilirik. Uşaqlar arasında daş xəstəliklərinə rast gəlmək olur. Qəribədir ki, ilk 3-6 aylıq uşaqlarda belə, sidik yolları daşı xəstəliyi görülür. Xüsusilə, sidik yollarında anadangəlmə patologiyalar olduğu  zaman orada sidik axınının qarşısı əngəllənirsə, axın pozulursa, orada sidik yolu infeksiyasına meyllilik yaranır və daş əmələgəlmə prosesi sürətlənə bilir. Valideynlər diqqətli olmalıdırlar.

 

Uşaqlarda uroloji orqanların, sidik yollarının infeksiyalarına rast gəlinirsə, bu, gələcəkdə ciddi böyrək çatışmazlığına gətirib çıxara bilər.


- Doktor, tibb sahəsi  çətin və mürəkkəb sahə olduğundan ən çox tənqid olunan insanlar da həkimlərdir. Hər hansı əməliyyat masasında xəstə ölümü baş verirsə, dərhal həkim səhlənkarlığının olması söylənilir. Bu barədə siz necə düşünürsüz?


- Həkim səhlənkarlığı bütün dünyada mövcuddur. Məsələn, tibb ən çox Amerikada inkişaf edib. Ümumi statistikaya nəzər saldıqda Amerikada həkim səhlənkarlığından ölən xəstələr birinci, ya da, ikinci cərgədə dayanır. Sadəcə, ölüm faktının arxasınca gedib əsl səbəbi tapa bilirlər və bundan bir nəticə çıxarırlar. Bir  həkim səhlənkarlığının baş verməsi digər həkim yoldaşları üçün dərsdir. Əlbəttə, həkim səhlənkarlığına yol verilməməlidir. Amma hər bir xəstəliyin ağırlaşma riskləri var.

 

Bu proses zamanı bəzən həkim nə edir-etsin xəstəlik, gedişatı zamanı ağırlaşa bilir. Bu ağırlaşmalar da tibb tərəfindən qəbul olunub. Məsələn, xəstəliyin gedişatında ağırlaşma riski olan xəstəliklər var. Bilinən ağırlaşma riskləri var ki, həkim bacardıqca onların qarşısını almağa çalışır. Bəzən bunları xəstə ilə paylaşır.

 

Məsələn onkoloji xəstəliyi götürək. Bunun yayılma riskləri var. Bunun yayılmaması üçün həkim gərək zamanında cərrahi müdaxilə etsin, kimyaterapiyaya başlasın. Nə edirsən et, bəzən həkimin əlində olmayan proseslər gedir və bu zaman ağırlaşmalarla üzləşə bilirsən. Adi sidik yolu infeksiyası belə ağırlaşıb xəstənin itirlməsinə səbəb ola bilər. Amma vaxtında müdaxilə və düzgün taktika xəstəni zamanında sağaldır.

 

 


"Bu xəstəliyə görə həyatını itirməyəcəksən. Bu xərçəng səninlə həyatın boyu yaşayacaq.

Çox az irəliləyən xəstəlikdir” deyib rahatlaşdırmağa çalışsam da, faydası yox idi.


- Təcrübənizdə ağırlaşma riski olan xəstələr olurmu?


- Zaman-zaman olur. Yaxın zamanlarda prostat xərçəngini müşahidə etdiyimiz yaşlı xəstə vardı. Erkən mərhələdə prostat xərçəngi aşkarlanmışdı. Yaşlı insanlarda bu xəstəlik yavaş irəlilədiyi üçün xəstəni arxayın etmişdik. Həmçinin məlumatlı və təhsilli biri idi. Bizim yanımıza gələnə qədər xərçəng olduğunu bilirdi. Amma xəstəliyi gərgin stress altında yaşayırdı. "Bu xəstəliyə görə həyatını itirməyəcəksən. Bu xərçəng səninlə həyatın boyu yaşayacaq. Çox az irəliləyən xəstəlikdir” deyib rahatlaşdırmağa çalışsam da, faydası yox idi. Üstəlik ailəsi də həkim idi.

 

Xəstə həm də yüksək təzyiq xəstəsi idi. Təsəvvür edin, xəstə evə gedib və təzyiqi yüksəlib. Həyat yoldaşının kardioloq olmasına baxmayaraq, xəstəni beyin qanaxmasından itirdilər.

 


- Gənc həkim olduğunuza görə, sizdən imtina edən pasiyentlər olurmu?


- Olur. Bu da normaldır. İki qrup xəstələr var. Yaşlı həkim istəməyib gənc istəyənlər və yaxud da əksi. Bəzi xəstələr gənc həkim görən zaman sevinərək deyirlər ki, "aha, bu gəncdirsə, müasir təbabətdən daha çox məlumatlıdır”. Daha dünyagörüşlü, ağsaqqal olmasını istəyənlər yaşlı həkimlərə üz tutur. 40% xəstə cavanlara, 60% isə yaşlı həkimlərə üstünlük verir.


- Siz həm də tanınmış siyasətçi ailəsində böyümüsüz. Maraqlıdır, Əli müəllimin özü və çevrəsi həkim olaraq sizə müraciət edirmi?


 - Əlbəttə. Nəsə problem olanda atam mütləq soruşub məsləhətləşir. Amma atamın yaxın çevrəsi  əsasən telefon vasitəsilə müraciət edir. Ümumilikdə isə müraciət edənlər çoxdur.

 



Kişiyə prostat xərçəngi diaqnozu qoyduq, gecə beyinə qan sızmasından vəfat etdi –  Uroloq Fikrət Əhmədovdan uroloji onkologiya barədə açıqlamalar
Kişiyə prostat xərçəngi diaqnozu qoyduq, gecə beyinə qan sızmasından vəfat etdi –  Uroloq Fikrət Əhmədovdan uroloji onkologiya barədə açıqlamalar