- Özünü cəzalandırma, köməyə çağırış...İntiharların 4 əsas səbəbi

  • 2017.09.11 16:57
  • 15004 Baxış
 - Özünü cəzalandırma, köməyə çağırış... İntiharların 4 əsas səbəbi
Səhiyyə Nazirliyi intiharların əsas səbəblərini açıqlayıb.


BakuPost.az-ın APA-ya istinadən məlumatına görə, Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin direktoru Fuad İsmayılov bildirib ki, intiharların 4 əsas səbəbi var. Onun sözlərinə görə, bunlardan birincisi reallıqdan qaçmaq, ikincisi insanın özünə qarşı aqressiv olması, üçüncüsü özünü cəzalandırma, dördüncüsü köməyə çağırışdır.


Mərkəz direktoru qeyd edib ki, bəzən çox sakit, xüsusi bir problemi olmayan, xoşbəxt görünən adamlar da intihar edirlər: "Əfsuslar olsun ki, yeniyetmələr və uşaqlar arasında da intiharlar olur. Bu cür halların yaşanmaması üçün valideyinlərin üzərinə böyük məsuliyyət düşür. Dünya statistikasına görə, intihar edənlər arasında yeniyetmə və uşaqların sayı azlıq təşkil etsə də, belə hallar da olur. Yeniyetmə və gənclik dövründə insan çox sınaqlardan keçir - məktəb bitirir, universitetə daxil olur, işə girir, evlənir. Bunların hamısı stress yaradan faktorlardır. Bu səbəbdən də valideynlər daim bu hisslərini övladları ilə bölüşməli, onlarla söhbət etməlidirlər”.


F.İsmayılov əlavə edib ki, intiharların əksəriyyəti depressiya nəticəsində yaranır. Depressiyanın səbəbinin əksər hallarda stresslə əlaqəli olduğunu deyən F.İsmayılov vurğulayıb ki, stress olmadan həyat mümkün deyil: "Lakin stressin miqyası böyük olanda, həyat keyfiyyəti aşağı düşür. Yaxşı olardı ki, hər kəs ətrafındakı insanlara, ailə üzvlərinə qarşı diqqətli olsunlar. Yaxınlarının davranışında qəribə hallar müşahidə edəndə onları mütəxəssisə yönləndirsinlər. Belə hallar üçün Psixi Sağlamlıq Mərkəzinin nəzdində "İnam telefonu” Qaynar xətt nömrəsi fəaliyyət göstərir”.