BölmələrRU
Xidmətlər
 

İnternet ürəyə ziyandır, həyəcan yükünü artırır - Məşhur ürək cərrahı

Milli Məclisin deputatı, tanınmış ürək-damar cərrahı, Rəşad Mahmudov Modern.az saytının suallarını cavablandırıb. Medicina.az həmin müsahibədən bəzi hissələri təqdim edir. 

Dünyada və dünyanın bir parçası olan Azərbaycanda ürək xəstəlikləri artır. Gəlin, səbəblərindən söz açaq. Nədir axı ürək problemlərinə "stimul” verən amillər?

 
- Sadəcə çox geridə qalmış ölkələrdə ürək xəstəlikləri ikinci sıraya düşür. Çünki belə ölkələrdə insanların çoxu ürək xəstəlikləri qazanmadan başqa səbəblərdən həyatlarını itirir. İnkişaf etməkdə olan və inkişaf etmiş ölkələrdə birmənalı olaraq ürək-damar sistemi xəstəlikləri ölüm və əlilliyə səbəb olur. İkinci sırada isə onkoloji xəstəliklər gəlir, üçüncüdə isə digər xəstəliklər. Ürək-damar xəstəliklərinin artmasına səbəb olan amillər var. İllər keçdikcə, insanlar hərəkətdən uzaq həyat tərzi ilə yaşayırlar. İkincisi stress faktorudur. Stress təkcə almış olduğun məlumatın səndə yaradacağı həyəcan deyil. Stress həm də beyinə normadan çox informasiyanın daxil olmasıdır. 10-15 il bundan qabaq internetin olmaması bəlkə də insan sağlamlığı üçün ən faydalı şeylərdən biri idi. Bu gün isə hamı üçün əlçatan olan internet əsl stress qaynağıdır. Çünki biz bəzən lazım olmayan informasiyalar və onun həyəcanları ilə yüklənirik. Dünyada digər ən böyük problem qida çatışmazlığıdır. Qida çatışmazlığının həlli yönündə aparılan islahatlar daha çox süni və geni modifikasiya olunmuş məhsulları ön plana çıxarmaqla reallaşır. Bu da dünyada ürək-damar xəstəliklərinin gedişatına təsir edən amillərdən biridir.

Lakin tibbin imkanları artdıqca, bu xəstəliklərə qarşı mübarizədə uğurlar da qazanılır. Bu xəstəliklərə qarşı mübarizədə uğur olmasaydı, bu gün orta ömür 100 il içərisində 35-dən 75-80-ə yaxınlaşmazdı.

Gəlin, digər bir amilə diqqət çəkək. İnsan ömrü artdıqca, sağlamlıqda olan problemlərin də sayı artır. Əvvəllər bu problemi orta ömür 50 yaş olanda insanlarda çox az görürdük. İnsan yaşlandıqca problemləri çoxalır. Bu nisbi artım xəstəliyin çoxalması deyil.  Sadəcə insanın ömrü uzanıb. Yaşlı populyasiya dünyada artır, gənc populyasiya azalır. Yaşlı populyasiya ilə birlikdə xəstə sayının statistik dəyəri yüksəlir.

 
- Rəşad müəllim, aktiv həyat tərzi keçirib, gündəlik idmanla məşğul olanlar içərisində də ürəkdən vəfat edənlər olur. Söhbət aktiv həyat tərzindən gedirsə, o zaman belələri, hətta idmançılar niyə ürək tutmasından ölürlər?


- Çox maraqlı bir məqama toxundunuz. Əslində xəstəliyin çoxalmasının səbəbi risk faktorlarından əlavə onun üzəçıxarılma imkanlarının artmasından da ortaya çıxır. Əvvəllər bunların çoxundan xəbərimiz yox idi. Əvvəllər diaqnoz qoyulmadığına görə ani ölümlər olurdu və bu dünya statistikasında bir gün görsənirdi. Bu mənada 10-15 il əvvəllə müqayisədə diaqnostikanın və müalicənin imkanları 7-8 dəfə artıb.

İdmançılara gəlincə. Tam sağlam adamın ani ürək problemi olursa, bunun altında genetik xəstəlik faktoru dayanır. Avropada kimsə uşaq yaşlarından idmançı həyatına başlayırsa, o, xüsusi analizlərdən keçirilir və genetik analizlər aparılır. Bu gün 10 yaşında bir uşaq professional idman həyatına başlayacaqsa, o, analizə gedir. Onun ürəyində ola biləcək problemlər, risklər öyrənilir. Və yüksək idman hərəkətləri zamanı onun ürəyinin dözümlülüyü ilə əlaqədar testlər həyata keçirilir.


- El arasında çox eşidirik ki, qadınlardan çox kişilər infarkt olurlar. Belə əsaslandırırlar ki, qadınlar daha çox ağladığına görə, mənəvi aləmlərindəki problemləri azalda bilirlər, kişilər isə yox. İnfarkt nisbəti ilə bağlı fikirlərinizi almaq istərdik: Qadınlarda çoxdur, yoxsa kişilərdə?


- Qadınlarla kişilər arasında ciddi fərqlər var. Təbii ki, qadınlar menopoza girənə qədər. Yəni menopoza girənə qədər qadınlarda estrogen deyilən maddənin birmənalı olaraq ürək-damar xəstəliklərinə qarşı qoruyucu hormon olduğu bilinir. 50-55 yaşlarına qədər qadınlarda infarkt olma riski kişilərə nisbətən dəfələrlə aşağıdır. Ancaq 55 yaşlarından sonra qadınlarda estrogen hormonları azalmağa başlayır. Bundan sonra infarkt riski də çoxalmağa başlayır. 65 yaşda isə qadınlarla kişilərin infarkt olma riski bərabərə gəlib çıxır.

 

- Cəmiyyətdə, mediada Azərbaycandakı ürək əməliyyatların çox baha olması ilə bağlı fikirlər səslənir. Sizcə, dünya təcrübəsi ilə müqayisədə bahadırmı?


- Sadəcə bir hadisə, bir ölkə üzərindən fikirlər yürütmək doğru deyil. Yüksək texnologiyalı istənilən əməliyyatlarla bağlı ölkələrdəki statistikalara baxmaq lazımdır. Bu gün kriteriya, texnoloji imkanlar olaraq Avropanın ən güclü xəstəxanalarından bir addım belə geri qalmayacaq gücə sahib olan xəstəxanalarımız var. Bu gün Avropanın dövlət xəstəxanalarında və ya özəl xəstəxanalarda sığorta şirkətləri tərəfindən ödənilən maliyyəyə baxdığımız zaman görərik ki, qiymətlər Azərbaycandan dəfələrlə yüksəkdir. İnsanlarda bəzən belə düşüncə yaranır: Avropadır, ona görə bahadır. Xeyr, belə deyil. Avropa bir qəpiyini belə, lazımsız yerə dövlət sığortasından xərclətməz.

Xərclər, vergilər, ən yüksək texnologiyalı avadanlıqların, materialların istifadə olunması, tibb personalının davamlı üzərində işləmək imkanı, onların sosial problemləri istiqamətində normal əməkhaqqı sisteminin qurulması, bütün bunlara görə vergilərin verilməsi... Avropada belədir. Xəstəxanalar ciddi bir şəkildə yüksək xərc tələb edən və bahalı avadanlıqların olduğu yerlərdir. Yüksək servis xidməti istəyən xərclər üst-üstə qoyduğumuz zaman düşünürəm ki, Azərbaycanda var olan qiymətlər yüksək deyil.

Bu həftə ərzində Avropanın, İsrailin tibb assosiasiyalarının rəhbərləri Bakıya gələcək. 2018-ci ildə 50 ölkənin iştirakı ilə Avropa Tibb Assosiasiyaların Forumunun Azərbaycanda keçirilməsinə nail olacağıq. Bu mövzuda Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman müəllimlə və səhiyyə naziri cənab Oqtay Şirəliyevlə müzakirələr aparılacaq.

Bu gün qiymətin bahalılığından çox xidmətin əlçatanlılığından söhbət getməlidir. Optimal inkişafın qarşısını almayacaq və inkişafa təkan verə biləcək sığorta sistemi olmalıdır. Dövlətimiz də hazırda bunun üzərində çalışır. Bu sistem tətbiq olunandan sonra xəstə üçün tibbi xidmətin bahalı olub-olmamasının önəmi olmayacaq. Sığortalı olmayan bir xəstənin gedib özünün ödəmə etməsi çətinliklər yaradır.

Azərbaycanda xidmətə görə qiymətlər ucuzdur. Eyni xidmətin məbləği İstanbulda, Avropanın istənilən mərkəzində dəfələrlə bahadır. Bu gün ölkədə anjuqrafiyanın qiyməti 300-600 manat arasında dəyişir. Bu da ortalama olaraq 300 dolların altındakı rəqəmlərdir. Bu, Avropada 2-3 min dollardır və 12 min dollara qədər dəyişir.


- Azərbaycanda ürək-damar xəstəliklərindən ən çox hansı region əziyyət çəkir?
 
- 2 cür bilgi var: təcrübə ilə əldə olunan və elmi əsaslara dayanan bilgi. Elmi əsaslara söykənən bilgidə elmin altında doğru hesablamalar aparılmalıdır. Doğru bir şəkildə bütün parametrlərə biçilmiş düzgün statistika aparılmalıdır. Bu gün ölkə içərisində siz dediyiniz mövzu ilə bağlı geniş tədqiqatın aparıldığının şahidi deyiləm. Şəxsi düşüncəmə görə isə bölgələr arasında çox böyük bir fərq yoxdur. Ürək-damar xəstəliklərinin sayında demək olar ki, bərabərlik var. Amma xüsusiyyətlərində fərqlilik mövcuddur.

Mən Naxçıvanda bu günə qədər xeyli sayda açıq ürək əməliyyatı etmişəm. Naxçıvan dəniz səviyyəsindən yüksək olduğuna və atmosfer təzyiqi aşağı olduğuna görə, buranın insanlarında ürək damarlarının keyfiyyəti daha yaxşı görünür. Tibbi olaraq bunun izahı var. Dağlıq yerlərdə bu hal normaldır.