İctimai yerlərdə qəlyan çəkmək əslində qadağandır - Kimlər nə üçün riayət etmir?

  • 2018.06.18 14:31
  • 24918 Baxış
İctimai yerlərdə qəlyan çəkmək əslində qadağandır -  Kimlər nə üçün riayət etmir?
Prezident İlham Əliyevin "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun qüvvəyə minməsi ilə əlaqəli imzaladığı fərmana əsasən ictimai yerlər, ticarət obyektləri, məişət obyektləri, sosial xidmət müəssisələrdə tütündən istifadə qadağandır.


Ancaq buna baxmayaraq bəzi yerlərdə hələ də bu qanuna riayət edilmir. Siqaret qadağasına qismən riayət olunsa da, ailəvi məkanlarda insanların çəkinmədən qəlyandan istifadə etdiyinin də şahidi oluruq. 


Bəs nə üçün bu qanuna hələ də riayət edilmir?


Kimlər vəzifəsindən sui-istifadə edərək qanuna əməl etmir?


Mövzu ilə bağlı Medicina.az-a açıqlama verən millət vəkili Fazil Qəzənfəroğlunun sözlərinə görə, sözügedən qanun əslində qəlyanlara şamil edilir. O, qanunun tətbiq edilməməsini Azərbaycanda qanunlara riayət olunmaması problemi ilə əlaqələndirib:


"Yaxud da kiminsə imtiyazı var, ona görə də ona toxunulmur. Bunu eləmirlərsə deməli orqanlar öz funksiyalarını kifayət qədər yerinə yetirmirlər”.


Azad İstehlakçılar Birliyinin sədri Eyyüb Hüseynov isə Medicina.az-a açıqlamasında bir çox qərarların ictimai dəstək tapmadığı üçün şirin xəyal olaraq qaldığını bildirib:


"Tütünün azaldılması ilə bağlı ölkə başçısının iradəsi çərçivəsində çoxsaylı əhəmiyyətli qərarlar var. Hələ 10 il bundan öncə tütün və tütün məmulatları haqqında qanun qəbul ediləndə mən Milli Məclisdə radikal çıxış etdim. Elektron siqaretlərin məhdudlaşdırılması təklifini də verdim. 10 il öncə qəbul edilən qanunda siqaretlərin tək-tək satışı, təhsil müəssisələrində satışının qadağan olunması kimi məsələlər də yer almışdı. Ancaq bu qərarlar hələ də yerinə yetirilmir. Gözləyirdik ki, son dəyişikliklər ictimaiyyətdə fərqlilik yaradacaq. Lakin dəyişiklik getmir. Yenə də siqaretlər tək-tək satılır, lazımsız yerlərdə çəkilir. Ölkə prezidentinin dediyi kimi ictimai nəzarət, qınaq lazımdır. Nə qədər ki bu olmayacaq, düzəlməyəcək də. Kafe, restoran sahiblərini cərimələmək üçün Fövqaladə Hallar Nazirliiyinə səlahiyyət verilib, ictimai yerlərdə siqaret çəkən insanları cərimələmək isə  polislərə həvalə edilib. İnsanlar belə hallarda polisə xəbər verilməlidir. Təəssüf ki, belə vacib qərarların icra mexanizmi zəifdir”.


Xatırladaq ki, həkimlərin sözlərinə görə, siqaret, tütün, qəlyanın tüstüsü çəkən şəxs qədər tüstünü udan şəxsə də ziyandır.

 

Şəhanə Quliyeva