İcbari tibbi sığorta haqları müəyyənləşdi - 29 manatdan başlayacaq

  • 2018.12.27 11:32
  • 11611 Baxış
İcbari tibbi sığorta haqları müəyyənləşdi  - 29 manatdan başlayacaq

İcbari tibbi sığorta üzrə sığorta haqları məlum olub. 


Medicina.az-ın məlumatına görə, bu, Milli Məclisə təqdim olunan və sabah plenar iclasda müzakirəyə çıxarılacaq "Tibbi sığorta haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsində əksini tapıb. 


İcbari tibbi sığorta üzrə sığorta haqları aşağıdakı məbləğlərdə və dərəcələrdə müəyyən edilir:


İcbari tibbi sığorta xidmətləri zərfinin baza hissəsi üzrə  sığorta haqqı təqvim ili üçün adambaşına 29  manat olacaq. Xidmətlər zərfinin əlavə hissəsinə gəlincə, Milli Məclisi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təyin olunan şəxslər, həmçinin seçkili ödənişli vəzifədə işləyən şəxslər və neft-qaz sahəsində fəaliyyət göstərən və dövlət sektoruna aid edilən sığortalılarda Əmək Məcəlləsinə uyğun olaraq bağlanmış və hüquqi qüvvəyə minmiş əmək müqaviləsinə əsasən işləyən şəxslər  üzrə sığortalı tərəfindən hesablanmış əməyin ödənişi fondunun 2 faizi və sığortaolunan tərəfindən işçinin əmək haqqının 2 faizi sığorta haqqı kimi tutulacaq. 


Xidmətlər zərfinin əlavə hissəsinə münasibətdə aşağıdakı şəxslər təqvim ili üçün adambaşına 120 manat sığorta haqqı ödəyəcəklər: 


- Əmək Məcəlləsinə uyğun olaraq bağlanmış və hüquqi qüvvəyə minmiş əmək müqaviləsi və ya Mülki Məcəlləyə uyğun olaraq mülki-hüquqi müqavilə əsasında işləmədiyi və sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı hallarda:


- Azərbaycan  vətəndaşı olan 18 yaşınadək şəxslər;

- peşə təhsili, orta ixtisas təhsili və ya ali təhsil müəssisələrində əyani təhsilalma forması üzrə təhsil alan 23 yaşınadək olan Azərbaycan vətəndaşları; 


- "Əmək pensiyaları haqqında”  qanuna  əsasən növündən asılı olmayaraq əmək pensiyası alan şəxslər;


- "Sosial müavinətlər haqqında” qanuna əsasən sosial müavinət almaq hüququna malik olan əmək qabiliyyəti olmayan şəxslər; - "Ünvanlı dövlət sosial yardım haqqında” qanuna uyğun olaraq ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri;


-  ərazi poliklinikalarında və qadın məsləhətxanalarında qeydiyyatdan keçmiş hamilə qadınlar, habelə  Əmək Məcəlləsinə əsasən doğuşdan sonrakı dövr üçün ödənişli sosial məzuniyyətdə olan qadınlar;


- Əmək Məcəlləsinə əsasən qismən ödənişli sosial məzuniyyətdə olan qadınlar;


- sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər;


- mülki-hüquqi xarakterli müqavilələrlə əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər;

- digər şəxslər.

İcbari tibbi sığorta haqları müəyyənləşdi  - 29 manatdan başlayacaq