BölmələrRU
Xidmətlər
 

Həssas dönəmlərində övladlarımıza necə nəzarət edək...


Ekspert deyir ki, uşaqlara daha çox zaman ayırmaq, onlarla anlayışlı davranmaq lazımdır

Ailədə uşağın tərbiyəsi çox önəmlidir. Təbii ki, zaman-zaman ailədə baş verən problemlər, uşaqlara kifayət qədər vaxt ayrılmaması, onlara nəzarətin azalması müəyyən dövrdə özünü büruzə verir. Bəzən isə nəticələrinin çox ağır olduğunun şahidi oluruq. Məsələn, akademik Ziya Bünyadovu qətlə yetirdiyi üçün ömürlük məhbus həyatına məhkum olmuş Nizami Nağıyev bu günlərdə "Yeni Müsavat”ın əməkdaşına müsahibə verərkən bildirmişdi ki, zamanında atası Adil Nağıyev (YAP-ın o zamankı fəallarından biri, Abşeronun sabiq icra başçısı) başı işlərinə qarışdığından onu nəzarətsiz buraxıb, hətta əsgərliyə getməsindən çox sonra xəbər tutub. Təbii ki, bu cür kifayət qədər nümunələr qeyd etmək olar. Bu baxımdan ekspertlər qeyd edir ki, valideynlərin öz övladlarına vaxt sərf etməsi, birgə asudə zaman keçirməsi çox önəmlidir. Lakin məlum məsələdir ki, hazırda əksər ailələrdə hər iki valideyn işləyir və nəticədə uşaqlar nəzarət və diqqətdən kənarda qalır.

Araşdırmalara görə, dünyada daha çox yəhudi xalqı öz övladlarına zaman ayırır. Bu xalqın nümayəndələri övladlarına qarşı xüsusi həssaslıqla yanaşır, onların tərbiyəsi ilə hələ erkən yaşlarda məşğul olmağa başlayır. Xüsusən də yəhudi analar övladları ilə çox zaman keçirir. Nəticədə bu cür şəraitdə böyüyən uşaqlar gələcəkdə bütün sferalarda olduğqca böyük uğur qazanır.

Övladlarımıza necə nəzarət edək, tərbiyələndirək? Mövzu ilə bağlı psixoloq Ramil Nəcəfli "Yeni Müsavat”a danışıb:


"Hazırda apardığım müşahidələrə görə, valideynlərin öz uşaqlarından şikayət etməsinin əsasında düzgün tərbiyənin olmaması durur. Tərbiyənin özündə bir müəyyən qədər axsama var, bu anlayışı doğru anlamırlar. Çünki bildiyiniz kimi, adətən ”tərbiyəli" və yaxud "tərbiyəsiz uşaq” sözlərindən istifadə edilir. Bu sözdən istifadə edilməsinin özü bir səhvdir. Bir insanı terrorist, oğru, cinayətkar kimi və yaxud hansısa peşəyə yiyələnmək üçün tərbiyələndirmək olar. Yəni bu, neqativ və ya pozitiv ola bilər. Lakin biz tərbiyə sözünü ancaq pozitiv anlayırıq.

Mənə ünvanlanan şikayətlər əsasən bundan ibarət olur - niyə mənim uşağım əsəbidir, sözə qulaq asmır, yalan danışır?

Bütün bu sualları müxtəlif yaş qrupunda olan uşaqların barəsində səsləndirirlər. Amma gəlin görək uşaq niyə oğurluq edir və sairə. Diqqət edəndə görürük ki, həmin uşaqlar nəyi necə etməyin qaydalarını bilmir. Əslində uşaqların tərbiyəsi üçün valideynlərə düzgün "yol xəritəsi” vermək lazımdır. Bəzən şahidi oluruq valideyn deyir ki, "mən uşağın düzgün tərbiyə edilməsi üçün əlimdən gələni etmişəm, hər zaman ağıllı məsləhətlər verir, bəzi şeyləri qadağan edir, istədiklərini alıram, amma tutaq ki, harasa qonaq gedib gələndə görürəm ki, başqa uşağa məxsus olan oyuncağı və ya əşyanı özü ilə birgə gətirib”. Bu zaman mən valideyni qınayıram. Çünki araşdıranda məlum olur ki, evlərində hər şey ümumidir, uşaqlar bir-birinin əşyalarından istifadə edir, paltarlarını geyinir. Belə olan halda valideynə baş salıram ki, uşaq görəndə ki, əşyalar  ümumidir, başqasının əşyasını özü ilə aparır, bəzən də bunu oğurluq kimi qəbul etmir. Buna görə də uşaqlarda şəxsi mülkiyyət duyğusu yaratmaq lazımdır.

Tez-tez şahidi oluruq ki, ailələrdə uşaqlara qarşı çoxsaylı qadağalar qoyulur. Nəticədə görürük ki, məsələn, evdə şalvar geyinən qız kənarda mini ətək geyinir. Və yaxud oğlan evdə yalan danışır, amma kənarda siqaret də çəkir, spirtli içki də içir. Beləliklə, uşaqlarda daim tənbeh olunma qorxusu yaranır. Düşünür ki, etdiklərinə görə tənbeh, tənqid olunacaq. Nəticədə həmin uşaqlar nəzarətdən çıxır. Halbuki uşağı nəzarət altında saxlamağın ən düzgün yolu bu cür qadağaları, qınayıcı yanaşmaları yığışdırmaqdır. Əgər uşaq siqaret çəkirsə, bunu çəkinmədən valideynin yanında çəkməlidir. Onun bütün neqativlərinə o qədər də qorxulu, avtoritar davranmamaqla, başa salmaq, izahla uşağı rahat şəkildə nəzarətdə saxlamaq olar. Bunun üçün isə övladlarımıza kifayət qədər zaman ayırmaq gərəkir.

Bəzən görürük ki, uşaqlar tam şəkildə valideynlərinə açıla bilməyəndə gələcəkdə cinsi problemlərə rast gəlir, hətta zorakılığa məruz qaldıqda bunu cəsarət edib deyə bilmir. Çünki zamanında xırda-xırda bu cür gizlətmələr olur ki, daha betəri baş verir".