“Hepatit faciə deyil, yoluxanlar qorxmasın” - Səhiyyə Nazirliyinin rəsmisi / Müsahibə

  • 2018.11.23 14:33
  • 25551 Baxış
“Hepatit faciə deyil, yoluxanlar qorxmasın” -  Səhiyyə Nazirliyinin rəsmisi / Müsahibə
"C hepatitinə yoluxmuş qadının dişlədiyi almanı yedim, məəttəl qaldı – C hepatitinə görə boşanmaq çox mənasızdır” 


Səhiyyə Nazirliyinin nəzdində B və C hepatitlərinin müalicə və profilaktikası üzrə Komissiyanın sədri Murad Məmmədovun Medicina.az-a müsahibəsi:


- Murad müəllim, Azərbaycanda B və C hepatitlərinə yoluxma hansı səviyyədədir? 


- Hepatitlərin ölkədə geniş yayılması barədə deyilənlərin hamısı şayiədir. Respublikada son 3 ildə qan analizi vasitəsi ilə 18-60 yaş arasında 274 min insan yoxlanıb, statistik araşdırma aparılıb. Bu, ölkə əhalisinin 2 faizini təşkil edir. Bu araşdırma zamanı onların 1,99 faizinin hepatit B, 2,08 faizinin hepatit C-yə  yoluxduğu üzə çıxıb. Yəni həm B, həm də C hepatitinə yoluxanların sayının  təxminən 2 faiz olub. Bu araşdırmanın nəticəsinə əsaslansaq, ölkədə təxminən 200 min insan bu viruslara yoluxub. Müqayisəli yanaşsaq, Rusiyada bu göstərici Azərbaycandan 4 dəfə yüksəkdir. Gürcüstanda, Türkiyədə hepatitlərə yoluxma səviyyəsi Azərbaycandan çoxdur. İtaliyada yalnız C hepatitinə yoluxma ilə bağlı göstərici 8 faizə çatıb.    


- Dünyada ölkələr yoluxma səviyyəsinə görə necə qruplaşdırılır? 


- 2 faizə qədər yoluxmanın olduğu ölkələr mülayim, 2 faizdən 8 faizə qədər yoluxmanın olduğu ölkələr orta, 8 faizdən çox yoluxmanın olduğu ölkələr yüksək yoluxma səviyyəsinin olduğu qrupa daxil edilir. Azərbaycan mülayim, aşağı səviyyədədir.  

 

Картинки по запросу hepatit b


- İİV/QİÇS-lə bağlı xəstələr qeydiyyata düşür və bunun əsasında statistik göstəricilər açıqlanır. Hepatitlərə yoluxmuş xəstələrin belə qeydiyyatı aparılmır?  


- Bu formada qeydiyyat yoxdur. Ancaq hər il kəskin B və kəskin C hepatitinə  ayrı-ayrılıqda təxminən 300-ə qədər insan yoluxur və həmin xəstələrin sayı bizə məlumdur. Bu xəstələrin adları qeydiyyata alınmır. Çünki kəskin hepatit keçirən insanlar əksər hallarda tam sağalır. 


- Bu xəstələrin müalicəsi necə təşkil olunur? Dövlətin bu sahədə proqramı varmı? 


 - Səhiyyə naziri Oqtay Şirəliyevin şəxsi təşəbbüsü ilə 2014-cü ildə bu Komissiya yaradılıb. Səhiyyə Nazirliyi öz büdcəsindən pul ayırır və bu xəstələrə pulsuz dərman paylanır. Komissiyanın fəaliyyəti nədən ibarətdir? İstənilən insan Komissiyaya müraciət edə bilər. Biz o insanı yoxlayır, analizlərinə baxırıq. Həqiqətən o insanda hepatit aşkarlanıbsa, biz müalicəsini yazırıq və  dərmanları pulsuz verilir.  Bu xəstələr ambulator qaydada müalicə alırlar. Bütün dünyada belə xəstələr ambulator  qaydada müalicə alırlar.  


- İnsanlar hepatitə yoluxub-yoluxmadıqlarını öyrənmək üçün ilk növbədə hara üz tutmalıdırlar? 


- İlk növbədə qeydiyyatda olduqları poliklinkalara getməlidirlər. Bütün poliklinikalarda terapevt var. Hepatitləri müalicə edən həkimlər ya terapevt, ya da qastrentoloqdur. Hər poliklinikada qastrentoloq olmasa da, terapevt var. Tutaq ki, terapevt həmin insanda hepatit olduğunu üzə çıxarır. O halda həmin insan Komissiyaya müraciət edir. Komissiya o insanın sənədlərinə baxır, qərara gəlir ki, həmin şəxsin dərman qəbul etməsi lazımdır. Protokol tərtib edilir, xəstəyə dərmanlar verilir. Xəstə həmin dərmanlarla birgə poliklinikaya həkimin yanına qayıdır. Həkim də müalicəni yazır. Biz də bu həkimlərin hamısına müalicənin təyinatı üzrə necə aparılacağını izah etmişik. 

 

Картинки по запросу hepatit b


- Hepatitlərin müalicə proseduru üçün nə qədər zaman tələb olunur, hansı hallarda müalicə çətin olur?


- B və C hepatitləri bir-birindən tam fərqlənir. 5 il əvvəl biz orta hesabla C hepatitinə yoluxmuş insanların 70 faizini sağalda bilirdik. İndi isə biz yeni dərmanların hesabına bu xəstələrin 90 faizini müalicə edərək tam sağaldırıq.  İndi bu hepatitə yoluxanların müalicəsi asan bir şey olub. B hepatitinə yoluxanların təxminən 95 faizi sağalır. Ancaq B hepatitini müalicə etmək kifayət qədər çətindir. Xoşbəxtlikdən B virusu əksər hallarda sağlam virus daşıyıcıya keçir. O insanlara isə müalicə lazım deyil. Daşıyıcıların özü üçün heç bir problem yoxdur. Sadəcə, bu insanlar B hepatitini yaya bilərlər, problem bundadır.


B hepatitinə qarşı peyvənd də var.  Son 30 ildə peyvəndlə əlaqədar B hepatitinin intensivliyi  dünyada olduğu kimi Azərbaycanda da 2 dəfə azalıb. 


- Daşıyıcı olan insanların cəmiyyət üçün təhlükəli olmaması üçün nə edilməsi lazımdır? 


- Əgər ailə daxilindən söhbət gedirsə, ailə üzvlərini peyvənd etmək lazımdır. Həyat yoldaşlarını, uşaqları peyvənd etmək lazımdır. B hepatiti cinsi yolla keçir, C hepatiti isə cinsi yolla keçmir. Ancaq bu hepatitlərin hər ikisi qan yolu ilə keçir.  Hər iki virus hava ilə başqalarına keçmir. Hətta öpüşməklə də B və C hepatiti bir insandan digərinə keçmir.   


İnsanlar hepatitlərə yoluxmamaq üçün fərdi gigiyenalarına, təmizliyə riayət etməlidirlər. Həm də bir az ayıq olmaq lazımdır. Gözəllik salonlarında pirsinq, tatuaj, manikür edirlər. Mən gözəllik salonlarına gedən xanımlara nə tövsiyə edirəm? Gözəllik salonlarında pirsinq, tatuaj, manikür etmək üçün istifadə edilən alətlərin qiyməti təxminən 10 manatdır. Normal halda qadın bir dəfə o alətləri almalı, gözəllik salonlarına gedəndə ustadan həmin işləri aldığı alətlərlə görməsini istəməlidir. Daha sonra isə qadın o alətləri özü ilə götürməlidir. İşlədildikdən sonra evdə həmin alətlər qaynadılmalıdır. Yəni qadınların fərdi alətlərinin olması məsləhətdir. 


Stomatoloji prosedurlara gəlincə, stomatoloqların vicdanlı olması lazımdır. Ölkədə bu sahədə vəziyyətə gəlincə, Səhiyyə Nazirliyinin fəaliyyəti yüksək səviyyədədir. Dezinfeksiya işinin aparılması üçün avadanlıqlar bütün poliklinikalarda var, avadanlıqlar üçün steril aparatlarla təchiz ediliblər. Görülən bu işlər fonunda hepatitlərə yoluxma azalmalıdır. 


-  Ölkədə stomatoloji kabinetlər də geniş yayılıb. Həmin stomatoloji kabinetlərdə belə avadanlıqlar, aparatlar var?  


- Bu məsələ həkimin səviyyəsindən asılıdır.  Elə stomatoloji kabinetlər var ki, şəxsən mən özüm təəccüblənirəm, Avropa yox, Amerika səviyyəsində  sterilizasiya aparır.  Baxırsan ki, həmin stomatoloji kabinetdə bir həkim işləyir. Bu, savaddan və vicdandan asılı olan bir məsələdir. 

Bəzən poliklinikalara gedirsən, fərqli situasiyalarla üzləşirsən. Elə həkimlər var ki, bu məsələlərə diqqət yetirmir. Mən həmişə stomatoloqlardan xahiş edirəm ki, bir az diqqətli olsunlar. 

 



- Komissiyaya stomatoloji kabinetlər və poliklinikalarla bağlı şikayət xarakterli müraciətlər olubmu?


- Komissiyaya belə müraciət daxil olmayıb. 


- Ümumiyyətlə, stomatoloji kabinetlərə, poliklinikalara nəzarət hansı səviyyədədir?


- Bu istiqamətdə nəzarəti Respublika Gigiyena və Epidemiologiya Mərkəzi həyata keçirir. Çünki məsələ tək hepatitlə yekunlaşmır. Stafilakok, irinli infeksiyalar var. Bu baxımdan sterilizasiyanın əhəmiyyəti çox böyükdür. Hepatit təhlükəsi bu problemin bir hissəsidir.  


- Qanunvericiliyə əsasən nikahdan öncə cütlüklər tibbi yoxlamadan keçir. Tutaq ki, cütlüklərdən birinin hepatit B, yaxud hepatit C-y yoluxduğu aşkarlanıb. Bu halda həmin insanlar nə etməlidirlər? 


- C hepatiti müalicə ilə aradan qalxır. Müalicə müddətində evlənməyə gəlincə, elə hal olur ki, oğlan İİV/QİÇS-ə yoluxduğu halda qız oğlanla ailə qurmaq istədiyini bildirir və ailə qurur. Heç kəs bunu qadağan edə bilməz. Bax, bu kabinetə bir qadın gəlmişdi, kişidə İİV/QİÇS aşkarlanmışdı. Qadın dedi ki, kişini sevir və ailə quracaq. Bu, insanların özündən asılıdır.  


- Tutaq ki, cütlüklərdən birində C, yaxud B hepatiti aşkarlanıb. Siz həkim kimi o insanlara nə məsləhət görürsünüz?  


- Mən nikaha daxil olmağa hazırlaşan və hepatit C aşkarlanan şəxslərin 3 ay müalicəni gözləmələrini təklif edərdim. Bu insanların müalicəsi cəmi 3 ay çəkir. Müalicə olunduqdan sonra evlənmələrini tövsiyə edərdim. Ya da evlənsinlər, müəyyən müddət ərzində qorunsunlar, nikahdan sonra müalicə olunsunlar.  Ümumiyyətlə, hepatit C cinsi yolla keçmir. Hepatit C iki kateqoriyada cinsi yolla keçir. Birincisi, İİV/QİÇS-ə yoluxanlar arasında cinsi əlaqə zamanı C hepatiti keçir. İkincisi, homoseksuallar arasında C hepatiti keçir. Nikahda olan cütlüklər arasında normal cinsi əlaqə zamanı C hepatiti qarşı tərəfə yoluxmur. 


Cütlüklərdən birində B hepatit aşkarlandığı hala gəlincə, qarşı tərəfin yoluxmaması üçün peyvənd var. Peyvənddən sonra evlənə bilərlər. Peyvənd də nikahdan bir ay əvvəl olmalıdır. Bir aydan sonra və 5 aydan sonra da peyvənd edilməlidir. Tutaq ki, oğlan cütlük 3 dəfə peyvənd edilir və 5 il həyat yoldaşından hepatit B-yə yoluxmur. 


Əgər cütlüklərdən biri xəstə yox, daşıyıcıdırsa, yenə digər cütlüyün peyvənd olması lazımdır. 


Onu da deyim ki, şəxs daşıyıcı deyil, xəstədirsə, müalicə olunmalıdır. C hepatitli xəstələrin 40 faiz tam müalicə olunur. Əgər müalicə effekt vermirsə, dərman həbi yazırıq. Bununla bağlı da 5 cür həb var. Bu həbləri ardıcıllıqla veririk. Ümumiyyətlə, hepatit C-dən fərqli olaraq hepatit B-nin müalicə proseduru nisbətən çətindir. Hepatit B düzgün müalicə olunmadıqda, ciddi fəsad verir. B hepatitinin  müalicəsi ilə yüksək ixtisaslı həkimlər məşğul olmalıdırlar. Bəzən veb-saytlarda hansısa həkim elan verir ki, B hepatitini yüz faiz qarantiya ilə müalicə edir. Təəssüf ki, əsasən bunu bu sahədə yüksək ixtisasa malik olmayanlar edir.


Bəzən cütlüklər hepatit C-yə görə boşanır, belə hallarla rastlaşmışam. Bu, çox mənasız bir addımdır. Sizə bir situasiyanı danışacam. 2006-cı ildə qəbuluma 40 yaşlı bir kişi və qadın gəldi. Qadın dedi ki, həkim, mən C hepatitinə yoluxmuşam, ərimdən boşanmaq istəyirəm. Dedim ki, bacı, nə üçün boşanırsan? Cavabı bu oldu ki, iki övladımız var, öləcəyimi başa düşürəm, ərimi yoluxdurmaq istəmirəm. İstəyirəm ki, kişi uşaqlarımızı böyütsün. Dedim ki, hepatit C məişət yolu ilə keçmir, inanmırsız, qorunun. Kişiyə dedim ki, get, mənə bir alma gətir. İki saatdan sonra yenidən qəbuluma gəldilər. Qadından xahiş etdim ki, dişlərinin formasını öyrənməyim üçün bu almanı dişlə. Qadın almanı iki dəfə dişlədi. Mən həmin almanı götürüb yedim. Qadın məəttəl qaldı. Dedim ki, bacı, gördün, sən kişini yoluxdurmayacaqsan. Cinsi yolla da yoluxdurmayacaqsan. İki ildən sonra kişi yanıma gəldi. Dedi ki, həkim, siz ailəmizi xilas etmisiniz, hər şey yaxşıdır. Qadın o vaxt müalicə də olunmamışdı, çünki o zaman C hepatit i ilə bağlı müalicə elə də mümkün deyildi. Qadına dedim ki, pəhriz saxla, heç nə olmayacaq. 4 ildən sonra biz həmin qadını müalicə etdik və yaxşı oldu. 

 

Картинки по запросу hepatit b


-  B və C hepatitinin  doğuş zamanı anadan uşağa keçmək ehtimalı nə qədərdir? 


- Doğuş zamanı B hepatitinin anadan uşağa keçməsi rəsmi statistikada 3 faizə yaxındır.  C hepatitinin yoluxma ehtimalı isə daha aşağıdır. Ən yaxşısı odur ki, doğuş keysəriyyə kəsiyi ilə həyata keçirilsin. Bu halda praktiki olaraq risk sıfıra enir. 


- B və C hepatitinə yoluxmuş xəstələrin hansı mərhələdən sonra müalicəsi qeyri-mümkündür? 


- B hepatiti zamanı qaraciyərin serrozu olan halda müalicə demək olar ki, qeyri-mümkündür. Hepatit C zamanı qaraciyərin serrozu olarsa, müalicə çətin də olsa, mümkündür. Ancaq  bu halda yüz faiz müalicəyə qarantiya vermək olmur.  


Onu da deyim ki, hepatit Azərbaycanda hazırda o qədər də böyük problem deyil. İİV/QİÇS də böyük problem deyil. Vərəm kifayət qədər böyük problemdir və bu problem də yavaş-yavaş həll olunur.


Çingiz Əliyev

Medicina.az
“Hepatit faciə deyil, yoluxanlar qorxmasın” -  Səhiyyə Nazirliyinin rəsmisi / Müsahibə