Həkimlər niyə xaricə qaçır?

  • 2018.06.01 13:18
  • 8482 Baxış
Həkimlər niyə xaricə qaçır?
Azərbaycanda həkimlərin və orta tibb işçilərinin sayı azalıb. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi rəsmisinin dediyinə görə, 2005-ci ilə kimi ölkənin tibbi kadr potensialı yetərincə olub. Hazırda Azərbaycanda həkimlərin sayı Avropa İttifaqı ölkələrindəki orta həkim sayından aşağıdır. Orta tibb işçilərinin sayı da azdır: "Əgər lazımi tədbirlər görülməsə, müəyyən müddətdən sonra ölkə tibbi kadr çatışmazlığı ilə üzləşə bilər".


Bu açıqlama artıq çoxdan müşahidə olunan reallığın ilk rəsmi etirafıdır. Bəli, Azərbaycanda adambaşına düşən həkim və orta tibb işçisi sayı azdır. Ötən ilə aid məlumata görə, Tibb Kadrlarının Vahid Registrində 42573 ali təhsilli, 75458 orta təhsilli tibb işçisi qeydiyyatdan keçib. Ötən il avqustun 1-nə olan məlumata görə, 26339 ali və 40869 orta tibb işçisinə sertifikasiya şəhadətnaməsi veriib. Məlumat üçün qeyd edək ki, sertifikasiyadan keçməyən işçilərin praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmalarına yol verilməməlidir. Amma yenə rəsmi statistikadan aydın olur ki, Azərbaycanda çalışan ali təhsilli həkimlərin sayı 32 min civarındadır. Bu isə hardasa 6 min nəfərədək həkimin qanunsuz fəaliyyət göstərdiyi anlamına gəlir. Müqayisə üçün qeyd edək ki, əhali sayı bizdən 5 dəfə aşağı olan Gürcüstanda sertifikasiyadan keçən həkimlərin sayı 37 min nəfərdir. 

 


Yüksək inkişaf etmiş ölkələrdə əhalinin hər 100 min nəfəri hesabı ilə ümumi həkim sayı 300-400 nəfər təşkil edirsə, Azərbaycanda bu rəqəm 35 nəfərdir. Bu qədər az sayın üzərinə peşəkarlığın ürəkaçan olmayan səviyyəsini də əlavə etdikdə Azərbaycan əhalisinin hansı keyfiyyətdə səhiyyə xidməti aldığını təsəvvür etmək elə də çətin deyil.


Ölkəmizin peşəkar tibb kadrları ilə bağlı əsas problemlərindən biri son illərdə gənc həkimlərin Almaniya, Türkiyə kimi ölkələrə getdikcə artan miqrasiyasıdır. Belə ki, 2017-ci ildə təkcə Almaniyada bir ildə 100-dən yuxarı azərbaycanlı həkimə iş icazəsi verilib. Dil baryerinin minimum olduğu Türkiyəyə gedənlərin bundan qat-qat yüksək olduğunu söyləməyə ehtiyac yoxdur.


Dünyada mövcud olan qaydalara görə, xarici ölkələrdə tibb universitetlərinin diplomları yalnız sınaq imtahanı verildikdən sonra tanınır. Bu qayda bütün ölkələrdə tətbiq edilir. Bir sıra ölkələrdə iş icazəsi almaq üçün əlavə prosedurlar da tətbiq olunur. Lakin bu çətinliklərə baxmayaraq, Azərbaycanın gənc həkimləri onları aşaraq xaricə üz tuturlar. Bu ondan irəli gəlir ki, Azərbaycanda cavan həkimlərin inkişafı sual altındadır. Çünki daha təcrübəli həkimlər "xəstəm əlimdən çıxmasın" ritorikası ilə gənc həkimlərə öz bildiklərini aşılamırlar, onları maarifləndirmirlər, kifayət qədər öyrətmirlər. Gənc həkimlər rezidenturanı bitirdikdən sonra kadr olaraq xəstəxanalara təyin olunmalıdırlar. Azərbaycanda isə maaş çox aşağıdır. Ən böyük problemlərdən biri budur ki, gənclərin rezident kimi təyin edildikləri həkim kifayət qədər bilgili və savadlı olmur. Bilgisi və savadı olanların isə heç də hamısı ona tapşırılan gənc həkimi lazımi qaydada yetişdirmir. 


Azərbaycanda rezidenturanı bitirdikdən sonra yüksək maaşla işə düzəlməyin qarantiyası yoxdur. Dövlət xəstəxanalarında şərait  ürəkaçan deyil, buna görə də yaxşı iş şəraiti və yüksək maaş istəyən həkimlər özəl klinikalara üz tuturlar. Özəl klinikalar da daha çox xaricdə təhsil almış və işləmiş həkimlərə üstünlük verir. Beləliklə də gənc həkimlər məcbur olurlar çətinlikləri aşaraq xaricə getsinlər. Çünki orada yüksəlmək, inkişaf etmək, ən əsası isə yaxşı qazanmaq imkanları var.


Reallıq tələb edir ki, Azərbaycan hökuməti bu prosesi dayandırmaq üçün təcili addımlar atmalı, gənc həkimləri ölkədə qalmağa təşviq edən stimullaşdırıcı tədbirlər müəyyənləşdirməlidir. Bundan əlavə, xaricdə təhsil üzrə dövlət proqramının bərpa olunması, orada iştirak üçün tibb ixtisaslarına imtiyazlar müəyyənləşdirilməlidir. Əks halda, nə həkimlərin, nə də xəstələrin  xaricə axınının qarşısını almaq mümkün olmayacaq…(Qafqazinfo)