BölmələrRU
Xidmətlər
 

Həkim pasienti doğuşa məcbur edə bilər? – Professordan açıqlama

"Hamiləliyini sonlandırmaq istəyən pasienti həkim doğuşa məcbur edə bilər? Məcburi doğuş olmur axı. Bu insanların öz daxili hüququdur, bunu ailədaxili münasibətlər həll etməlidir. Hansısa qanun və ya qadağa ilə bunu tənzimləmək olmaz".

Medicina.az xəbər verir ki, bu sözləri axar.az-a professor Adil Qeybulla millət vəkili Musa Quliyevin Azərbaycanda selektiv abort edən ginekoloqların həkimlik adından məhrum ediləcəyi ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib.
 


A.Qeybullanın fikrincə, abort əməliyyatını həyata keçirəni həkimlik adından məhrum etmək ciddi məsələdir:

"Məsələn, 5 uşaqlı ailə var və təsadüfən arzuolunmaz hamiləlik baş verir. Ana bundan azad olunmaq istəyir. Bu necə əsaslanacaq? Buna qadağa qoyulursa, insan artıq başqa yollara əl atacaq. Məsələyə daha fərqli yanaşmaq lazımdır. Təbliğat aparılmalıdır. Qadağalarla belə məsələlər heç vaxt həll edilməyib.

Həkimlikdən məhrum etməyə gəlincə, insanı sənətindən necə məhrum etmək olar ki!? Həkimin lisenziyasını almaq olar, həkimliklə məşğul olmağa qoymamaq olar. Həmin həkim əlindəki diplomla başqa ölkədə də işləyə bilər. Həkim əgər xəstənin həyatına qəsdən zərər vurmuş olarsa, ancaq bu zaman onun həkimlik fəaliyyətinə qadağa qoyula bilər”.

Professor bildirib ki, pasientin istəyini reallaşdırdığına görə ginekoloqu həkimlikdən məhrum etmək absurd bir qaydadır:

"Əgər pasient öz arzusu ilə həkimə müraciət edir, hamiləliyi sonlandırmaq istəyirsə, bu, pasientin haqqıdır. Bu, arzuolunmayan hamiləlikdirsə, uşaq dünyaya gətirmək istəmirsə, həkim burada nə edə bilər ki? Həkim pasientin bu haqqını əlindən ala bilməz axı! Ailə durumunu, uşaqların sayını və başqa faktorları nəzərə alır insan. Hamiləliyini sonlandırmaq istəyən pasienti həkim doğuşa məcbur etməlidir? Bu məsələdə xəstə özü şəxsən razı olduğunu bildirməlidir, həkim də onu təsdiq etməlidir”.

A.Qeybullanın sözlərinə görə, qadağalar olan yerdə kriminal da olur və artır:

"Adminstrativ qərarlarla, hətta ölüm hökmü ilə cinayətlərin qarşısını almaq mümkün olmayıbsa, deməli, bu da mümkün olmayacaq. Daha fərqli, başqa və sivil bir yol seçilməlidir. Bu məsələyə daha tolerant yanaşılmalıdır”.

Qeyd edək ki, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev Azərbaycanda selektiv abort edən ginekoloqların həkimlik adından məhrum edilməsi ilə bağlı qanun layihəsinin hazırlandığını bildirib.