Hamiləlik zamanı bu xəstəliyiniz varsa... - Baş mama-ginekoloq AÇIQLADI

  • 2018.04.20 10:18
  • 19203 Baxış
Hamiləlik zamanı bu xəstəliyiniz varsa... -  Baş mama-ginekoloq AÇIQLADI
"Respublikada ağırlaşmış hamiləliklərin sayında ildən-ilə azalma qeydə alınır. Respublika Perinatal Mərkəzinə son bir ildə 7 belə xəstə müraciət edib”.


Medicina.az xəbər verir ki, bu sözləri Respublika Perinatal Mərkəzin direktoru, baş mama-ginekoloq Sevinc Məmmədova jurnalistlərə açıqlamasında deyib.


S.Məmmədova bildirib ki, bu ilin üç ayında da Perinatal Mərkəzə ağırlaşmış formada daxil olan hamilələrə göstərilən tibbi müayinələr nəticəsində bu problemdə nisbətən azalma qeydə alınıb:


"Bu xəstələr əsasən üçüncü profilli xəstəxanalara daxil olur. Bu xəstələrin hər birinin vəziyyəti təhlil olunur”.


S.Məmmədova qeyd edib ki, hamiləlik zamanı ağırlaşmalar xanımların xəstəliklərini gizlətmələri səbəbindən baş verir:


"Qadınlar hamiləlik zamanı əsas xəstəlikləri barədə məlumatları mama-ginekoloqlara vermirlər. Doğuşa az qalanda stasionara ağır vəziyyətdə daxil olurlar. Onlar vaxtında müraciət etsəydi, göstərilən xidmət daha yaxşı olardı. Bundan başqa, hamilə qadının yaşı nə qədər çoxdursa, bu ağırlaşmalar daha çox olur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, yaşla əlaqədar qadının orqanizmində xroniki xəstəliklərin sayı artır. Xroniki xəstəliyi olan 25 yaşından sonra hamilə qalan qadınlar bu prosesi daha ağır keçirir. Respublikada ağırlaşmalara əsasən anemiyalar, böyrək, ürək xəstəlikləri səbəb olur. Bu zaman biz digər dar ixtisas həkimləri ilə birlikdə xəstəni müayinə edirik. Kliniki protokollarda bu xəstəliklər xəstəni risk qrupuna daxil etmə meyarı kimi qiymətləndirilir. Bəzən bu xəstəliklər hamiləlik zamanı ölümə də səbəb olur”.(Publika.az)