BölmələrRU
Xidmətlər
 

Hamilələrin məhəl qoymadığı bu test erkən düşük yaradır - Endokrinoloqdan XƏBƏRDARLIQ

Hamiləlik müddətində qadında bir sıra xəstəliklər baş qaldıra bilər. Bu hormonal dəyişikliklərlə əlaqəlidir. Bəziləri belə probləmlərə ciddi yanaşsa da, buna məhəl qoymayanlar da mövcuddur.

Hamiləlik zamanı ən çox rastlanan belə problemlərdən biri hipotireozdur, yəni qalxanabənzər vəzin funksiyasının aşağı olması (TSH yüksəkliyi). 
Bu problemə məhəl qoymadıqda isə istənilməyən nəticələr baş verə bilər.

Mövzu ilə bağlı Medicina.az-a açıqlama verən endokrinoloq Nadirə Ağazadənin sözlərinə görə, bu vəziyyətdə olan hamilələr müalicə olunmadığı təqdirdə preeklampsiya, erkən doğum riski ilə üzləşə bilərlər:

"Hipotireozlu analardan doğulan körpələrdə kəskin tənəffüs çatışmazlığı daha çox müşahidə edilir. Qalxanabənzər vəz hormonları mərkəzi sinir sisteminin və boyun inkişafına birbaşa təsir göstərdiyinə görə doğulan körpələrdə fiziki və əqli inkişaf geriliyi yaranır.

Ona görə də hamiləlikdə bu xəstəlik aşkarlanan kimi dərhal müalicəyə başlanılmalı, hər 4-6 həftədən bir TSH dəyərləndirilməli və trimesterlərə uyğun hədəf rəqəmlərə çatdırılmalıdır”. 

Mütəxəssis fiziki və əqli inkişaf geriliyinin ən ağır forması kretenizmin qarşısını almaq üçün erkən diaqnoz və erkən müalicənin mütləq olduğunu vurğulayıb:
"Əgər hamilə qadın öncədən bu səbəbə görə müalicə alıbsa, hamiləlik ərzində davam etdirməli və kəsməməlidir. 
Bəziləri düşünür ki, hamiləlikdə dərman qəbulu zərərlidir. 

Qeyd edim ki, bu növ dərmanların dölə heç bir zərəri yoxdur və ən əsası həkim göstərişi ilə qəbul edilməlidir”.

Bəs hansı hamilələr daha diqqətli olmalıdırlar?

Endokrinoloq hamilələrdə tiroid (qalxanabənzər vəz) xəstəliklərinin yaranmasına səbəb olan risk faktorlarını açıqlayıb:

1.Daha öncə qalxanabənzər vəz əməliyyatı keçirənlər;

2.1-ci tip şəkərli diabet və digər autoimmun xəstəliyi olanlar;

3.Düşük və ölü doğum hekayəsi olanlar;

4.Anemiya, xolesterini yüksək olan qadınlar daha da ciddi yanaşmalıdır.
 
Şəhanə Quliyeva