Gözdə yara çıxanda sidik çəkmək absurd və cəhalətdir – Sidik türkəçarəsinin ziyanı

  • 2018.04.05 16:05
  • 55009 Baxış
Gözdə yara çıxanda sidik çəkmək absurd və cəhalətdir –  Sidik türkəçarəsinin ziyanı
El arasında belə bir üsul var ki, insanın gözdibinə " itdirsəyi” deyilən törəmə, şişkinlik çıxdıqda onu sidiklə " mundarlamağı” məsləhət görürlər. İnanca görə, bu zaman həmin yara geri çəkilir. 


Uşaqlıqda çox eşitdiyim və gözümüzə yara çıxanda sınadığımız bu üsulun kömək edib-etmədiyini deyə bilmərəm, amma hələ də bu metoddan istifadə edib, hətta gözünə kiçikyaşlı oğlan uşağının sidiyini çək deyənlər var. Guya uşaq sidiyi steril olur. 


Həkim oftalmoloq Nuridə Məmmədəliyeva gözə sidik çəkməyin, sidik damcılatmağın heç bir tibbi əsası olmadığını, əksinə insanın gözünə zərərli olduğunu bildirir.


" İtdirsəyi deyilən simptom tibbdə Xalyazion adlanan kiprik kisəsi və ya piy vəzisinin iltihabıdır. Bəzən insanlar gözdə yaranan istənilən şişkinliyi, iltihabı və daha ağır xəstəliyin başlanğıcını  " itdirsəyi” ilə səhv salaraq, sidiklə silməyə başlayırlar. Bununla da gözdə olan iltihabı daha da dərinləşdirib kəskinləşdirirlər. Dünyanın heç bir ölkəsində göz kimi vacib, zərif orqana sidik və başqa ifrazat maddələri vurmurlar. Azərbaycanda olan və hələ də bəzi ailələrdə tətbiq olunan sidiklə müalicə tamamilə yanlış, zərərlidir və cəhalətdən başqa bir şey deyil. Gözdə istənilən qızartı, şişkinlik, iltihab, gözdə qaşınma, yaş axma olduqda mütləq həkimə müraciət edib, virus, infeksiya əleyhinə müalicə almalıdır. Hətta gözdə olan problemlərdə aptekdə satıcının məsləhəti ilə özbaşına damcı alıb damcılatmaq da olmaz. Çünki xəstəliyin səbəbi, mənşəyi, tipi təyin olunmalıdır. Nə qədər tez oftalmoloqa müraciət etsələr, xəstəliyi daha asan və tez müalicə edərlər. Proses gecikdirilərsə, irinli ifrazat artır, göz yaş pərdəsinin tamlığı pozulur, həm də gözün buynuz qişasında yaralar əmələ gətirir, sonrada keratitə gətirib çıxara bilər. Bu da görməni ciddi şəkildə pozur. Bundan sonra da o gözdə cərrahi əməliyyat qaçılmaz olur”. 

 


Həkim konyuktivitin son zamanlar yayılmasının, xüsusilə uşaqlarda gözdə irinli proseslərin yayılmasının səbəbini konyuktivitin çox keçici olması ilə izah edir:

" Əgər məktəbdə, bağçada gözündə konyuktivit olan uşaq əllərini gözünə sürtüb, digər uşağa toxunsa, əlinə vursa, o uşaq da yoluxa bilər. Hətta öpüşüb-görüşəndə də, uşağı qucağa alanda da, əl-üz dəsmalları ilə belə yoluxa bilir. Ona görə ifrazatlı gözlə birbaşa təmasdan uzaq olmaq lazımdır”.