BölmələrRU
Xidmətlər
 

Evlilərin sağ qalma şansı subaylardan yüksəkdir... - 1 milyon xəstə üzərində araşdırma

Vüsal Vəliyev, kardioloq 
 
 
Kanada və Britaniyadan olan tədqiqatçılar 2000-2013-cü illərdə İngiltərədə xəstəxanaya qəbul olan 1 milyon xəstəni analiz etmişlər.
 
Xəstələr ailə vəziyyətinə görə evli, subay, dul və boşanmış olaraq qruplara bölünmüşdür. Ürək infarktı keçirmiş evli pasientlərin subay pasientlərə nəzərən infarktdan sonra sağ qalma şansı subaylardan 14% çox olmuşdur. Həmçinin yüksək xolesterol, şəkər xəstəliyi və yüksək təzyiqli evli xəstələrin həyatda qalma şansı subaylara nəzərən sırasıyla 16%, 14% və 10% çox olmuşdur. Həyatda qalma şansı ən az olanlar isə boşanmış olanlardır.

Evliliyin ürək-damar sağlamlığı üzərində müsbət təsirinin olması haqqında məlumatlar var idi. Amma bu qədər geniş bir tədqiqatın nəticələri ilk dəfə açıqlanır. Bu tədqiqatla evliliyin yalnız ürək infarktının deyil, ürək infarktına səbəb olan risk faktorlarının (xolesterol, şəkər xəstəliyi və yüksək təzyiq) da üzərində müsbət təsirə malik olduğunu öyrəndik. Müəlliflər evliliyin müsbət təsirini həyat yoldaşının verdiyi emosional, psixolojik dəstəklə əlaqələndirirlər.
 
Həyat yoldaşının "siqareti tərgit”, "həkimə müayinəyə gedək”, "bu dərmanı vaxtında iç” kimi xatırlatmaları, cəsarətləndirici çıxışları kömək edir. Evli olanlar sağlam həyat tərzi sürür, müalicəni vaxtında qəbul edir, həkimin məsləhətlərinə uyurlar. Əksinə tək yaşayanlar, boşanmışlar, dullar isə siqaretə, alkoqollu içkilərə, yanlış qidalanma rejiminə meyilli olurlar. Əlbəttə ki bu tədqiqatdan çıxan nəticələr "bütün evlilər üçün keçərlidir”, yaxud "bütün boşanmışlarda infarkt riski artır” mənasına gəlmir.

Evliliyin müsbət təsiri yalnız ürək-damar sistemi ilə bitmir. 2016-cı ildə "Cancer” jurnalında xərçəng xəstəliyi olan evlilərin evli olmayanlara nisbətən uzun yaşadığı yazılmışdır. Əsl səbəb bilinməsə də nəticə yuxarıda ürək xəstələri üçün qeyd etdiyimiz emosional və psixolojik dəstək, sağlam həyat tərzi sürmək və s. səbəblərlə izah olunmuşdur.

Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlər Azərbaycanda boşanmaların ildən-ilə artdığını deyir. ABŞ-da sosial izolyasiya və yalnızlıq gedərək yayılmaqdadır; məsələn, 1985-ci ildən 2004-cü ilədək əhəmiyyətli məsələləri müzakirə etmək üçün heç kimsəsi olmayan insanların sayı 3 dəfə artmışdır.
 
Bir şəxsin sosial əlaqələri, münasibətləri ürək sağlamlığına təsir edir. 2015-ci ildə yayınlanmış bir tədqiqata görə sosial izolyasiya, yalnızlıq, evdə tək yaşamaq erkən ölüm ehtimalını artırır (sırayla 29%, 26%, 32%). Sosial əlaqələrin sağlamlığa təsiri məsələn, fiziki hərəkətsizlik, şişmanlıq kimi risk faktorlarının verdiyi zərərlə müqayisə oluna bilər. Sosial izolyasiya fiziki hərəkətsizlik, siqaret, narkomaniya, alkoqol kimi zərərli vərdişlərə sürükləyir, immun sistemi zəiflədir, yüksək qan təzyiqinə yol açır və xəstəlik əmələ gəlməsinə şərait yaradır. Məsələn, 2016-cı ildə York Universitendə aparılan bir araşdırmada sosial izolyasiya ürəyin tac damar xəstəliyini 29%, beyin qan dövranı pozulmasını 32% artırmışdır.