“Elmed”də ölən xəstəni hansı həkim əməliyyat edib? - “Ölümünə 2 amil səbəb ola bilər...”

  • 2018.10.05 13:23
  • 10081 Baxış
“Elmed”də ölən xəstəni hansı həkim əməliyyat edib? -  “Ölümünə 2 amil səbəb ola bilər...”
"Elmed” klinikası xəstəxanada əməliyyatdan sonra baş verən ölüm hadisəsinə münasibət bildirib.


Klinikanın mətbuat xidmətinin rəhbəri Yusif Məhəmmədoğlu Medicina.az-a açıqlamasında 1963-cü il təvəllüdlü Əliyev Himayil Əli oğlunu əməliyyat edən həkimin adını açıqlayıb və əməliyyatla ölüm arasında 8 saat olduğunu deyib: "Xəstə dünən saat 13:30 radələrində öd kisəsindən əməliyyat olunub. Əməliyyatı həyata keçirən həkim Məhəmməd Niciyevdir. Proses 30-35 davam edib. Əməliyyatdan sonra pasiyent ailə üzvləri ilə ünsiyyətdə olub, danışıb, səhhətində hər hansı ciddi problem olmayıb. Xəstənin halı təxminən 20-21 radələrində pisləşib və çox qısa bir müddətdə, həkim müdaxilə etməyə çatdırmamış keçinib”. 


Y. Məhəmmədoğlu xəstənin ölüm səbəbi kimi 2 versiyanı nəzərdən keçirdiklərini bildirib: "Hazırda mərhumun nəşi Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizasındadır. Ölüm səbəbi ekspertizanın nəticəsindən sonra dəqiq bilinəcək. Amma biz klinika olaraq 2 versiyanı nəzərdən keçiririk.


Düşünürük ki, ölüm səbəbi ya infarktdır, ya da tromb emboliya deyilən xəstəlik. 


Hadisə xəbər saytlarının xəstəxanadan açıqlama almadan təqdim etdiyi kimi deyil. Burada xəstəxananın məsuliyyətsizliyindən, həkim səhlənkarlığından söhbət gedə bilməz. Bu barədə xəstənin yaxınlarına da məlumat verilib”. 


Mətbuat katibi faytonçu Nazimlə yaşanan problemdən də danışıb. O, müğənninin qaldırdığı iddianın əsassız olduğunu, məhkəmənin də xəstəxananın lehinə qərar çıxartdığını xatırladıb. 


Xatırladaq ki, Əliyev Himayil Əli oğlu dünən "Elmed” klinikasında əməliyyat olunub. Əməliyyatdan bir neçə saat sonra vəfat edib. 


Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsilə cinayət işi başlanıb.