BölmələrRU
Xidmətlər
 

"Elə düşünürdülər ki, mənimlə bir masada çörək kəssələr, onlar da hepatit C-yə yoluxacaqlar"- Qadınlar hepatiti neçə keçirir?


Kristina görüşə təxminən iki kilometrlik məsafəni piyada gəlib. Buna işarə edərək yorulub-yorulmadığını soruşuram.

Gülümsəyir, "yorulmadım, iki il bundan əvvəl nəinki gəzə, heç otura da bilmirdim. İndi, şükür, yaxşıyam", o deyir.

Medicina.az BBC Azərbaycana istinadən hepatitli qadının müalicə hekayəsini təqdim edir:
 
Otuz dörd yaşlı Kristina xəstəliyinə qədər restoranda işləyib. "Səhhətimdə problem yaranmışdı, həkimə getdim, analiz verdim. Məndə Hepatit C tapıldı. Şoka düşdüm, "artıq ölürəm!" düşünürdüm.

Hepatit haqqında heç bir anlayışım yox idi. Evə qayıdıb, vəsiyyətnamə yazmağa hazır idim.

"Halsız idim, güclə yeriyirdim, bədənim şişmişdi"

Sonradan bir az sakitləşib Facebookda tibb məsləhətləri üzrə qrup tapdım. Oradakı bir həkim hepatoloq aksiya elan edib, xəstələri pulsuz qəbul edirdi. O vaxt artıq səhhətimlə əlaqədar işləmirdim, imkanlarım məhdud idi. Ona görə pulsuz qəbulu fürsət bildim.

Qarşıma gənc, gülərüz, qaragöz həkim çıxdı. USM-dən keçirtdi, müayinə etdi və dedi: "Səni sağalda bilərəm, amma bu, pul tələb edir. Yeddi min manatın varmı?" O qədər pulum haradandır? Vidalaşıb getdim.

Bir ay yataq xəstəsi oldum. Anam özünü ora-bura vururdu ki, kömək tapsın. Müxtəlif yerlərə müraciət etdik, amma "bizdə buna görə vəsait nəzərdə tutulmayıb", cavabını aldıq. Bir yerdə yüz dollar məbləğində yardım təklif etdilər, amma özünüz başa düşürsünüz, bu məbləğ məni xilas edə bilməzdi.

Sonda düşdüm şəhər xəstəxanasının reanimasiyasına. Düzdür, iki həftə ərzində dava-dərman kömək elədi, amma tibb bacılarının, həkimlərin mənə münasibəti birmənalı deyildi… Diaqnozumu bilirdilər və elə düşünürdülər ki, narkoman, əyyaş, əxlaqsız bir qadınam. Onların aləmində yalnız əxlaqsız həyat yolu sürənlər bu xəstəliyə yoluxa bilərlər.

Açığı, heç özüm də bilmirəm, harada yoluxmuşam. Vaxt var idi, özümə yaxşı baxırdım: diş həkiminə, gözəllik salonuna, həkimə vaxtlı-vaxtında gedirdim. Ola bilsin, elə buralarda tutmuşam...

Oradakı həkimlər mənə heç vaxt sağalmayacığımı deyirdilər: "Müalicə etməsən, öləcəksən, get, vəsiyyətnaməni yaz".

Bir təhər pul tapıb yenə də qayıtdım ilk həkimimin yanına. İki müalicə kursu keçdim, üçüncüyə pulum çatmadı. Amma Zaur həkim məni darda qoymadı. İnternet vasitəsilə hekayəmi paylaşdı və ianə topladı. Qəbuluna görə isə məndən heç pul da almadı. Yad adamların köməyi ilə bütün müalicəmi bitirdim.

Mənim bəxtim gətirdi ki, yaxın dostlarım məni qəbul etdi, çəkinmədilər. Amma başqaları da var idi, düşünürdülər ki, mənimlə bir masada oturub çörək kəssələr, onlar da hepatit C-yə yoluxacaqlar.

Əslində, bu xəstəlikdən sığortalanmaq çətindir.


Həyatın keyfiyyəti tamamilə dəyişir. Öncədən ümidsiz idim, öləcəyimi düşünürdüm. Ən ağırı "mən bu dünyada olmayacam, anam, oğlum mənsiz qalacaq" fikri idi. İndi isə həyatın dəyərini bilirəm. Yad adamlar mənə qapı açdılar, kömək əlini uzatdılar, amma elə yaxın tanışlarım oldu ki, məndən üz döndərdilər.

Məhdudiyyətlər çoxdur. Ağır işdə işləyə bilmərəm, restoranda işləyirdim, indi o da olmaz: ayaq üstə dura bilmirəm, ağır əşyalar qaldırmaq olmaz. Pəhriz saxlamalıyam; qızardılmış, duzlu, ədviyyatlı, yeməkləri, şirniyyat və qazlı içkilərdən məhrumam. Qadağalar çoxdur, amma artıq öyrəşmişəm".


"Həkim dedi ki... hamiləliyi pozmalı olacam".

27 yaşlı, şirkətlərin birincə mühasib işləyən Validə hamiləliyə ciddi hazırlaşmışdı: "Uşağı planlaşdırırdıq, öncədən bütün müayinələrdən keçmişdim ki, sonradan problem yaşanmasın". Amma həkim Hepatit üçün analizin verilməsini önəmli hesab etmədi.

"Hamiləliyin ilk üç ayı bitəndə səhhətimdə problem yarandı - bərk qaşınma başlandı. Həkimim qaraciyərin göstəricilərini yoxlamaq və hepatitlərə analiz vermək təklif etdi. Məndə Hepatit B tapıldı, bu isə hamiləlik zamanı uşağa çox pis təsir edə bilər.

Həkim dedi ki, xəstəlik aktiv fazada olsa, hamiləliyi pozmalı olacam. Bu, mənə çox pis təsir etdi, üç aylıq döl mənim üçün artıq o qədər doğma idi ki, ondan ayrılmaq fikri məni dəhşətə gətirirdi".

Validənin bəxti gətirdi, hepatit aktiv fazada deyildi və o, vaxtında uşağı dünyaya gətirdi. Amma xəstəliyi haqqında heç kəsə demədi: "Valideynlərimin bilməyini istəmirdim ki, narahat olarlar, digərlərinə deməkdən isə çəkinirdim; insanların fikirləri müxtəlifdir, Allah bilir, mənim haqqımda nə düşünəcəkdilər.

Əslində isə harada yoluxmağımı heç indiyə kimi də bilmirəm".

"Virusa yoluxduqlarını gizlətmək istəyənlər var"

Terapevt-hepatoloq Zaur Orucov şərh edir: "Bu vəziyyət illər boyu heç dəyişmir, pasiyentlər yenə də xəstəliklərindən utanırlar. Hətta həkimə müraciət etməkdən çəkinirlər ki, ailələri bilməsin. Bu, həkimə xəstəni müalicə etməyə, hətta profilaktikaya mane olur.

Məsələn, biri həyat yoldaşına hepatitə yoluxduğunu danışmasa, yoldaşı da gedib peyvəndini vurmaz və gələcəkdə bunun fəsadları çox ciddi ola bilər".

Həkim danışır ki, Kristina da özü haqda məlumatların paylaşılmasını istəməyib: "Sosial şəbəkədəki tibbi məsləhət qrupunda xəstələrin müalicəsinə xeyriyyəçilik yolu ilə pul vəsaiti toplaya bilirik. Bu zaman xəstə haqqında epikriz, analizlərin cavablarınadək bütün məlumatları paylaşırıq ki, insanlar kimə və niyə ianə etdiklərini bilsinlər.

Amma bu dəfə alınmırdı, çünki həmin qadın hepatit C xəstəsi olduğunu gizlədirdi: "Xəstə olduğumu bilsələr, dərhal məni işdən çıxararlar". Təcrübəmdə bir necə dəfə bununla qarşılaşmışam. Halbuki hepatit xəstəliyi, serroz və fibroz dərəcəsində deyilsə, insan normal işləyə bilər və kollektivə heç bir təhlükə yaratmır.

"Qadın hepatitə yoluxarsa..."

Zaur Orucova görə, bu, çox vaxt qorxudan və məlumatsızlıqdan irəli gəlir: "Cəmiyyətimizdə hepatit xəstələrinə qarşı hələ də sterotiplər var: bəziləri düşünürlər ki, hepatit xəstəsi qadındırsa, mütləq fahişəliklə məşğuldur, kiçikdirsə, deməli, narkoman və ya homoseksualdır. Halbuki, pasiyentlərim arasında hepatitə tutulanlar arasında narkotik istifadəçiləri çox azdır, seks işçiləri isə heç yoxdur.

Əsasən hepatitə tibbi müəssisələrdə yoluxmaq olar: diş kabinetində, gözəllik salonlarında və s. Bu, bütün dünyada belədir, sadəcə yoluxanların statistikası ölkədən-ölkəyə fərqlidir. Xəstələr ailədə də çox vaxtı problemlərlə qarşılaşırlar - nənə-babaları nəvələrin yanına buraxmırlar, evdə hepatitli şəxsin paltarını, qab-qacağını ayırırlar.

Bu, təbii ki, xəstəyə pis təsir edir: yaxınlarından dəstək yerinə soyuqluq görmək yaxşı hal deyil axı".

Dövlət tərəfindən hepatitin müalicəsi üçün Səhiyyə Nazirliyinin proqramı var. Ancaq həkim bu proqram üzrə müalicəni köhnəlmiş üsul sayır: "Təmin elədikləri dərman vəsaitləri - yalnız İnterferon və Riboverindir. Bu müalicə az effektlidir, bir ilə yaxın davam edir, sağalma şansları azdır, fəsadları isə çox olur.

Amma imkanları effektiv müalicəyə çatmayan pasientlər üçün bu da çıxış yoludur. Müasir müalicə sxemləri hepatiti üç ay müddətinə 98 faiz zəmanətlə tamamilə sağaldır".

Müasir tibbi preparatların qiyməti çox baha olsa da, həkim çıxış yolu göstərir: "Dərman şirkətləri yeni dərman icad edəndə küllü miqdarda vəsait xərcləyir. Sonradan həmin şirkətlər dərmanın formulasını digər şirkətlərə satır və bu şirkətlər də dərman vasitələrinin istehsalına başlayır.

Belə dərmanlar cenerik adlanır. İri miqyaslı araşdırmalara, patentə, dərmanın ixtirasına artıq vəsait xərclənmədiyinə görə, cenerikin qiyməti aşağı olur".

"Bizdə vəziyyət pis deyil"

Səhiyyə Nazirliyinin viruslu hepatitlər üzrə komissiyasının sədri Murad Məmmədovun sözlərinə görə, Azərbaycanda hepatitlərlə vəziyyət, digər ölkələrlə müqayisədə o qədər də pis deyil: "Təxminən üç yüz min nəfər arasında aparılmış tədqiqat nəticəsində məlum oldu ki, Hepatit B və C-yə yoluxanlar ayrı-ayrılıqda təxminən 2 faizdir.

Buna görə də deyə bilərəm ki, bizdə hepatit problemi o qədər də deyil. Mənə bəzən hepatitlərlə bağlı Milli Proqramın mövcudluğu haqqında sual verirlər. Deyirəm ki, belə proqrama ehtiyac yoxdur. Artıq on min nəfər müalicə alıb. Düzdür, müalicə İnterferon və Riboverinlə keçirilir, amma daha bahalı dərmanların alınması haqqında da müzakirələr aparılır".

"Azərbaycanda Hepatit problemi ciddidir"

Azərbaycan Qastroenteroloq və Hepatoloqlar Assosiasiyasının prezidenti, tibb üzrə fəlsəfə doktoru Gülnarə Ağayeva deyir ki, onlar Bakı da daxil olmaqla, Azərbaycanın 9 regionunda 9 min adamdan çox hepatit üzrə seromarkerlərlə yoxlama aparıblar. Müayinədən keçmiş 16 yaşından yuxarı əhalinin təxminən 6 faizində hepatit virusu aşkarlanıb.

"Bu nəticə xəstəliyin mövcudluğunu təsdiq etmir, insan sadəcə daşıyıcı ola bilər, - həkim deyir, - həmçinin, sərhədyanı və iri şəhərlərdə bu göstərici kifayət qədər yüksək idi - 11 faizə yaxın".

Gülnarə xanıma görə, rəsmi qurumlar hesab etməsə belə, Azərbaycanda Hepatit problemi "ciddidir": "Bunun sübutu hər gün klinikalara gələn xəstələrdir".

Assosiasiya prezidenti əlavə edir ki, nadir hallarda rastlaşılan Delta (D) hepatit virusuna yoluxanların sayı iki yüzə çatıb. Gülnarə Ağayevə deyir ki, Avropada bu rəqəm 50-150 nəfər arasındadır.

"Bu, Azərbaycan kimi kiçik ölkə üçün böyük göstəricidir və problemin nə qədər ciddi olduğunu göstərir".

"Qorxurlar ki, evlilikdən imtina edərlər"

Gülnarə Ağayeva həmçinin xəstələrin özləri haqqında doğru məlumatların verməməsini də qeyd edir: "Biz adamların bu istəyinə hörmətlə yanaşırıq. Ancaq bütün maarifləndirmə işilərinə baxmayaraq, camaatın hepatit haqqında məlumatı qənaətbəxş deyil.

Məsələn, evliliyə hazırlaşan qız hepatitə yoluxubsa, ailəsi bunu gələcək qohumlardan gizlətməyə üstünlük verir ki, birdən evlilikdən imtina edərlər. Halbuki, söhbət Hepatit B-dən gedirsə, bir peyvənd vəziyyəti düzəldər. "Bu, xəstə insanın yox, xəstə cəmiyyətin əlamətidir", həkim deyir.

Müsahibimiz onu da bildirir ki, hepatitli xəstələrin xəstəlik haqqında susması digərlərinin yoluxmasına da yol aça bilər: "Məsələn, stomotoloqa gedəndə bu barədə sussa, stomatoloji alətlər ciddi-ciddi sanitarizasiyadan keçməsə, növbəti pasiyentin hepatitə yoluxması ehtimalı var".