"Əlaqəyə girməmək intihara hazırlığın ilkin göstəricisidir"

  • 2018.04.10 13:21
  • 18599 Baxış
"Əlaqəyə girməmək intihara hazırlığın ilkin göstəricisidir"
"İntihar hadisələrinin artmasında iqlim dəyişikliyinin, fəsillərin bir-birini əvəzləməsinin də təsirləri var”.


Medicina.az xəbər verir bu, bu sözləri Sherg.az-a artmaqda olan intihar hadisələrinin səbəblərini izah edərkən psixoloq Narınc Rüstəmova deyib.


O vurğulayıb ki, xüsusilə yaz və payız aylarında hava dəyişkənliyi insanlarda ruh düşkünlüyü, depressiv vəziyyət yaradır:


"Çətinliklərin öhdəsindən gələ bilməmək problemi insanların stressə qarşı müqavimət hissini formalaşdırmasına imkan vermir. Ona görə, depressiya yaşayan şəxslərin əksəriyyəti intiharı seçir.


İnsanların ətrafındakılara, ailə üzvlərinə vaxt ayıra bilməməsi, aşırı diqqətsizlik onları bir-birindən uzaqlaşdırır. Bu səbəbdən böyük şəhərlərdə intihar hadisələri daha çox olur. İnsanlar yalnızlaşdıqca, problemlərini həll etməyə çətinlik çəkir. Ona görə, iş saatının çox olmasını, gərgin çalışma rejimini bəhanə etmədən ətrafımızdakı insanlara vaxt ayırmalıyıq. Onların əhval-ruhiyyəsindəki dəyişikliklərə reaksiya verməli, ruh düşkünlüyünün səbəblərini araşdırmalı və intihara meylli şəxsləri yalnız buraxmamalıyıq. İntihar edən şəxsin arxasınca həmişə heyfslənirik, amma vaxtında bunu duyub, gec olmadan tədbir görsək, narahatlığa əsas da qalmaz”.


İntihar etmək istəyən şəxsin əvvəlcədən buna hazırlaşdığını deyən N.Rüstəmovanın sözlərinə görə, əlaqəyə girməmək, özünə qapanmaq, ətrafdakılarla vida xarakterli danışıqlar aparmaq intihara hazırlığın ilkin göstəriciləridir:

 


"Həmin şəxslər internetdə intihara meylli musiqilərə qulaq asırlar.


Ölüm, intihar məsələləri ilə bağlı araşdırmalar aparırlar. Bütün bunlar intihara hazırlıq mərhələsinin bir hissəsidir. Şən, danışıb, deyən-gülən insan intihar etmir, bu qaydadır.


Orta yaşlı insanlar problemlərdən çıxış yollarını axtarırlar, daha gec intihar etmək fikrinə düşürlər. Bir gənc anidən qərar verib, özünü asa bilər. Halbuki 30 yaşında qadının həyatına normal davam etdiyi dönəmdə intihara əl atması daha faciəlidir. Bu yaşda hər bir insan artıq problemlərin həlli yolunu öyrənməlidir. Demək ki, onun ətrafındakı insanlar onun problemlərinə qarşı laqeyd olub, nəticədə belə faciə ilə üzləşmişik”.


Qeyd edək ki, 1988-ci il təvəllüdlü Nərmin Elman qızı Ağalarova yaşadığı F.Əhmədov küçəsi ev 1-in çardağında özünü asıb. Hadisə günorta saat 14 radələrində baş verib. Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib və ilkin müayinələrə başlayıblar. Məlumat üçün bildirək ki, N.Ağalarova Niyazi adına 22 nömrəli uşaq musiqi məktəbində tədris işləri üzrə direktor müavini vəzifəsində işləyib. Mərhumun 2 azyaşlı övladı var.