“Bu uşaqların həyatda qalması üçün bütün tədbirlər görülür” – Şöbə müdiri

  • 2019.04.13 12:17
  • 16367 Baxış
“Bu uşaqların həyatda qalması üçün bütün tədbirlər görülür”  – Şöbə müdiri

Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə klinikasının  neonatologiya şöbəsinin müdiri, eyni zamanda Səhiyyə Nazirliyi neonatologiya komissiyanın üzvü Aygün Rüstəmxanlı Asan radioda qonaq olaraq mövzu ilə bağlı sualları cavablandırıb: 

 

- Neonatologiya nədir və pediatriyadan nə ilə fərqlənir? 

- Neonatologiya əslində pediatriyanın bir qoludur, yəni uşaqlarla bağlı bir elmdir. Neonatoloqlar yenidoğulmuş dövründə uşaqların xəstəliklərini, patologiyalarını izləyən həkimlərdir. Bu elm əslində, 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərin başlayaraq pediatriyadan ayrılan bir bölmədir. Bu elm uşaq doğulandan 1 ay boyunca onların problemlərini izləyir və eyni zamanda da onların sağlamlıqlarının keşiyində dayanır.  

 

- Körpə dünyaya gəldikdən sonra neonatoloq ilk nə etməlidir? 

- İlk öncə neonatoloqun hamiləliyə nəzarət edən ginekoloqun bir ünsiyyəti olmalıdır. Doğulacaq körpə haqqında məlumatlı olmalıdır. Körpənin hansı risk qrupuna aid olduğunu bilməlidir. Hətta körpə hər hansı bir risk qrupuna daxil olmasa belə, doğulan anda sıxıntılarla qarşıla bilər. Bu səbəbdən də neonatoloqlar bir komanda şəklində doğum anında  körpəni qəbul etməli və vəziyyətini qiymətləndirməlidirlər. Körpənin risk qrupunda olan halını qiymətləndirir və sonradan bu körpənin tam adekvat, ana yanında izləminin davam etdirilməsinə əmin olduqdan sonra körpə anaya verilməlidir. Uşağın vəziyyəti neonatoloq tərəfindən Apqar şkalası üzrə qiymətləndirilir. Daha sonra körpənin vəziyyəti barədə anaya məlumat verilir. Əgər uşağın çəkisi normadan aşağıdırsa və ya müəyyən risk qrupuna daxildirsə, belə  körpələrin izlənməsi daha fərqli şəkildə aparılır.

 

- Yenidoğulmuşlarda hansı problemlərə daha tez-tez rast gəlinir və bu problemlər necə aradan qaldırlır? 

- Yeni doğulmuş körpələr var ki, normal fizioloji körpələrdir. Lakin bunların da həyata adaptasiya olunma dövrü var. Bu dövrdə bir sıra dəyişiklilər meydana çıxa bilər. Bu dəyişiklikləri ailəyə uyğun şəkildə çatdırmaq lazımdır. Ən çox körpə doğulduğu ilk 48 saatda fizioloji sarılıqla qarşılaşırıq. Bu patoloji bir hal deyil. Bu barədə ailəyə məlumat verib evə yola salınır. Daha sonra körpəni yenidən kontrol müayinəyə dəvət edilərək yoxlanılır. Bu vacib şərtlərdəndir.  Həmçinin də ana qidalanma ilə bağlı bilgiləndirilməlidir. Anaya körpənin ana südü ilə qidalanmanın əhəmiyyəti izah olunur. 

Həmçinin xəstəliklərlə doğulan körpələr də var. Bunlar fərqli problemlərdir. Ən çox rast gəlinən problem vaxtından əvvəl və ya az çəkili doğulan körpələrdir. Onların orqanizmləri və bədənlərində gedən dəyişiklikləri daha fərqli olur.  Biz bu prosesləri adekvat müalicə planı ilə izləyirik. Buna görə də neanotoloq fiziologiyanı və patologiyanı eyni zamanda müşahidə altında saxlamalıdır. 


- Son illərdə Azərbaycanda neonatologiya sahəsində hansı işlər görülüb? 

- Sevindirici haldır ki, Azərbaycanda neonatologiya sahəsində həkimlərin yetişməsi dünya standartlarına nəinki yaxınlaşır, hətta deyərdim ki, heç də geri qalmır. Həm həkimlərin savadından və səviyyəsindən, həm də atılan addımlardan və əldə edilən uğurlardan bu nəticəyə gəlmək mümkündür. Diri doğulma meyarları var, bu meyarlar artıq Azərbaycanda dünya standartlarına uyğun olaraq qəbul olunub. 2016-cı ildən Səhiyyə Nazirliyi tərəfindən diri doğulma meyarları dəyişdirilib. Yəni hazırda Azərbaycanda 22  hamiləlik yaşından etibarən doğulmuş, çəkisi 500 qr-dan yüksək olan həyat əlamətləri ilə doğulan körpələr diri doğulmuş yenidoğulmuşlar olaraq qiymətləndirilir. Bu uşaqların həyatda qalması üçün onlara yardımlar olunur. Və bu uşaqlara xidmətlər göstərilir. Bu, dünya standartlarına uyğun bir keçiddir. Ümumiyyətlə, isə yarımçıq doğulan uşaqların  sayının artması ilə yanaşı bəzi problemlərlə qarşılaşırıq. Əvvəllər 28 həftəlik hamiləlik yaşında doğulan körpələr diri doğulan uşaqlar idilərsə, hazırda bu yaş 22 hesab edilir. Nə qədər ki, hamiləlik yaşı kiçik olur, uşaqlarda olan bu problemlərdə daha sıx-sıx rast gəlinir. Onların sonrakı həyata reablitasiyası zamanı həm ailələr, həm də həkimlər bir çox çətinliklərlə qaşılaşırlar. Bunun üçün ixtisaslaşmış həkimlərin olması, ixtisaslaşmış həkim komandasının olması çox vacibdir. 


Bəzi hallarda uşaq cərrahi patologiya ilə doğula bilər. Qida borusunun, anusun atreziyası, diafraqmal yırtıq diaqnozları doğulan uşaqlara həyatlarının ilk günlərində müvafiq yardımlar göstərilməlidir. Bunun üçün isə uşaq cərrahiyyəsi bölməsi olmalıdır.  Neonatologiya elə bir sahədir ki, yenidoğulan dönəmində olan uşaqlarda olacaq patologiyalarla bağlı həm cərrahla, kardioloji problemlərlə bağlı uşaq kardioloqları ilə sıx əməkdaşlıq edən çox məsuliyyət tələb edən bir tibb sahəsidir. Körpələrdə qala biləcək izlərdə neanotoloqların məsuliyyəti çox böyükdür. 

 

- Körpələrin hansısa bir problemlə doğulacağını bilmək mümkündürmü? Bu halda xüsusi yanaşma olurmu? 

- Bu zaman ginekoloqlara əməkdaşlıq ön plana keçir. Azərbaycanda bu sahədə də çox gözəl işlər görülür. Verilən informasiyaya əsasən biz körpədə olan problemi tam olaraq görürük. Buna görə də doğum zalına tədbirli olaraq giririk. 70-80 faiz hallarda problemlə əvvəlcədən məlumatlı oluruq. 

 

- Sağlam doğulmuş körpə ilə bağlı ailələr sonradan hər hansı bir şikayət edirlərmi? 

- Sağlam doğulmuş körpələrdə də şikayətlər olur. Bəzən elə şikayətlərlə qarşılaşırıq ki, görünür, ailə doğru-düzgün bilgiləndirilməyib. Məsələn, anaya ana südü ilə qidalanan körpədən baş verə biləcək hallar haqda doğru məlumat verilməlidir. Normal halda körpə ilk 10 gündə çəkisinin 10 faizini itirməlidir.  Amma elə olur ki, 1 həftədən sonra uşağı müayinə etdikdə onun normadan çox çəki itirdiyini görürük. Bu zaman anaya qidalandırılma ilə bağlı məlumatlar verilir. Bəzi hallarda uşağın gün ərzində 6-8 dəfə böyük bayıra çıxmasını təlaşla qarşılayaraq bir problemin olduğunu düşünürlər. Tam əksinə, bu, normal bir haldır. Fizioloji sarılıq də valideynlərin həyəcanına səbəb olur. Bu mövzuda həkimlər də çox diqqətli olmalıdırlar. Bir çox hallarda heç bir müdaxiləyə ehtiyac olmur, sadəcə olaraq vəziyyət yaxından izlənilir. Körpədə həm də heç bir müalicə tələb etməyən səpgilərə də rast gəlmək mümkündür. Bu mövzularda da ailələr doğru məlumatlandırılmalıdırlar.