BölmələrRU
Xidmətlər
 

Doğulan körpədə sarılıq uzun müddət davam edərsə... - "Ana südü sarılığı" nədir?

Yeni doğulan körpələrdə bəzən sarılıq müşahidə edilir. Bu hal valideynləri narahat etsə də, həkimlər qorxulacaq səbəb görmürlər. Çünki əksər vaxtlarda sarılığın ciddi səbəbi olmur.

Ancaq bəzi hallarda sarılıq uzun çəkir. Tibdə buna uzanmış sarılıq deyilir.

Medicina.az xəbər verir ki, uzman pediatr Altay Abdullaoğlunun sözlərinə görə, uzanmış sarılığın çox sayda səbələri ola bilər:

"Valideynlər 1-1,5 aylıq uşaqlarda sarılıq şikayəti ilə tez-tez müraciət edirlər.

Bəzi səbəblər çox sadə olsa da, bəzən ciddi xəstəliklər də buna səbəb ola bilər. Uzanmış sarılıqlarda xüsusən ana südü sarılığını vurğulamaq istəyirəm. Ana südü sarılığı ana südü ilə qidalanan sağlam körpələrdə rast gəlinir ki, bunların müayinəsi zamanı körpədə heç bir problemə rast gəlinmir. Sadəcə olaraq sarılıq 2-3 ayına qədər uzana bilər və tədricən də öz-özünə keçib gedir. Ana südü sarılığı diaqnozu qoymaq üçün başqa ciddi xəstəliklərin olub-olmaması həkim tərəfindən inkar edilməlidir. Xüsusən vurğulamaq istəyirəm ki, ana südü sarılığında ana südünü qətiyyən kəsmək olmaz və heç bir dərman müalicəsinə ehtiyac yoxdur”.

Bəs bu vəziyyətdə valideynlər nə etməlidir?

Mütəxəssis uşaqları tez-tez bol miqdarda əmizdirməyin vacib olduğunu qeyd edib.
"Təbii ki, bəzi xəstəliklər də uzanmış sarılığa səbəb ola bilər. Bu zaman həkim tərəfindən müayinələr aparılmalı, xüsusi analizlər olunmalı və analizlərin nəticəsinə görə təyin edilməlidir ki, bu sadə ana südü sarılığıdır, yaxud hər hansı ciddi bir xəstəlikdir”, - deyə Abdullaoğlu vurğulayıb.

Həkim, valideynlərin sarılıq xəstəliyi zamanı etdiyi səhvlərdən də danışıb:

"Mənim xüsusən burada sizə çatdırmaq istədiyim odur ki, 1 -2 aylıq körpədə sarılıq olduğu zaman valideynlər bunun problem olduğunu və mütləq çoxlu sayda dərman preparatlarının verilməsinin gərək olduğunu düşünürlər və əksər hallarda da həkimlər tərəfindən çoxlu sayda müalicələrin aparıldığına da rast gəlirik.

Amma sizə çatdırmaq istədiyimiz əsas məsələ ondan ibarətdir ki, ana südü sarılığı deyilən bir vəziyyət vardır ki, bu hallarda sarılıq 2-3ayına qədər davam etsə də, heç bir müalicə tətbiq edilmir və bu sarılıq öz-özünə keçib gedir. Təbii ki, bu, ana südü sarılığı kimi sadə bir vəziyyətdir və yaxud da ciddi bir xəstəlikdirmi, buna həkim baxmalı və xüsusi analizlər edərək aşkar edilməlidir”.
 
Şəhanə Quliyeva