Diabet bir sunamidir - İnsanların kənddən şəhərə axın etməsi problemi artırır

  • 2018.11.15 16:17
  • 9468 Baxış
Diabet bir sunamidir -  İnsanların kənddən şəhərə axın etməsi problemi artırır
Ümumdünya Diabet günü ilə bağlı tədbirlər insanlığın yaxın 10 ildə şəkərli diabetlə daha çox mübarizə aparacağını gündəmə gətirdi. Belə tədbirlərdən biri də Novo Nordiks şirkətinin təşkilatçılığı ilə baş tutub.


Azərbaycanda rəsmi sayı 240.000 nəfəri keçən diabet xəstələrinin yaxın illərdə daha da artacağı proqnozlaşdırılır. Hər il bu siyahıya 15-20. 000 yeni pasiyent əlavə olunur.


Diabetli xəstələr üçün dərman və insulin istehsalı üzrə dünyanın 6 şirkətindən biri olan Novo Nordiks şirkəti Azərbaycanda hər il 14 noyabr Ümumdünya Diabet günündə geniş tədbir təşkil edir.


Bu dəfəki tədbirə qatılmış əcnəbi mütəxəssislər, Danimarka, İtaliya, İranın fond rəhbərləri yaxın 10 il üçün diabetlə bağlı proqnozların heç də ürəkaçan olmadığını etiraf etdilər, amma müayinə və müalicə ilə bağlı da ümidverici xəbərlər çatdırdılar.


Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, millət vəkili Musa Quliyev bildirdi ki, 2019-cü ildə ən yüksək büdcə səhiyyə xərclərinə ayrılıb və 8,5 milyon manat məhz diabetlə mübarizə üçün nəzərdə tutulub ki, bu da ötən ildən 30% çoxdur. Eyni zamanda Azərbaycanda diabetli xəstələrə ayrılan insulin vahidinin 40-dan 60-a yüksəldilməsi məsələsi də Milli Məclisdə qaldırılıb.


Novo Nordiks şirkətinin vitse-prezidenti Emil Larsen diabeti Yer üzünə gələn sunamiyə bənzətdi. O, bir uğurlu dərman molekulunun hazırlanması üçün laboratoriya xərclərinin hər il artırılaraq, şirkət tərəfindən 3 milyard dollara çatdırıldığını bildirdi. Emil Larsen əslində, insulinin bir sevgi hekayəsindən yarandığını bildirərək, diabet kimi qlobal sunaminin də sevgi, diqqətlə qarşısını almaq üçün bütün dövlətlərin səylərini birləşdirməsini zəruri hesab edir. Yaxın 10 ildə diabetin müalicəsində  tamam yeni üsullar tətbiq olunacaq. 

 


 

Tədbirdə iştirak edən İtaliya Parlamentinin üzvü Roberto Pella isə  fikrimcə ən maraqlı fikri səsləndirdi. O, urbanizasiya və şəhər həyatının şəkərli diabetə birbaşa təsir etdiyini önə çəkib, əyalətlər və kəndlərdən daha çox insanın şəhərə axın etməsi, burda işləyib, yaşaması artıq diabetə zəmin yaradan həyat tərzi keçirməsinə gətirib çıxarır.  Şəhər həyatı diabet üçün riskdir. Artıq çəki, elektrik, enerji, az fiziki hərəkət, qidalanma, zərərli vərdişlər şəhər insanını diabet riski qarşısında qoyur.


Artıq İtaliya və Avropa dövlətləri şəhərlərin sağlamlaşdırılması, yeni ekoloji təmiz şəhər modellərinin salınması layihələrinə başlayıb.

Planetin əsas problemi sağlam və təmiz ətraf mühitdə yaşamar problemidir. Gələcək nəsillərdə diabet və bir çox xəstəliklərin qarşısını almaq, statistikanı azaltmaq üçün özümüzdən sonra daha təmiz şəhərlər verməliyik.

 


 

İranın "Xəstəliklər üzrə Xeyriyyə Fondunun” prezidenti Fatemeh Haşemi  bildirdi ki, İranda da diabet xəstələri artır. Hər il İran bu sahəyə 2 milyard vəsait xərcləyir. Fond olaraq əhali arasında testlər aparır, qan analizləri alırıq. Erkən diaqnoz qoyulması, maarifləndirmə işlərinin çox hissəsi bizim fondun üzərindədir. Statistikaya görə, xəstəlik 30-49 yaş arası insanlarda daha çox diaqnoz olunur. Həmçinin siqaret çəkməyin diabet yaranmasına təsiri sübut olunmayıb.


Ölkədə 10 xüsusi diabet klinikasını açmışıq, bu klinikaların sayını 1000-ə çatdırmaq məqsədimiz var. Bu klinikalarda diabetin yaratdığı fəsad və digər xəstəliklərin qarşısının alınması istiqamətində işlər aparılır. Diabetli xəstələrin dərman xərclərinin 70%-i bizim fond vasitəsilə ödənilir. Xəstələrə ən yeni, müasir dərman preparatları təqdim edirik. İran diabet xəstəliyinin müalicəsi üzrə araşdırmalar və yeni dərmanların yaradılmasına da öz töhfəsini verəcək. 


Bu tədbirdən əldə etdiyim informasiyalar Azərbaycanda da diabetin müalicəsi və profilaktikasında yeni layihələrin həyata keçirilməsinin vacibliyini göstərdi. Hesab edirəm ki, Azərbaycanda da bölgələrdə, əyalətlərdə, ucqar kəndlərdə əhali arasında testlərin, qan analizlərinin səyyar alınmasını təşkil etmək, yeni, müstəqil Diabet və xüsusi xəstəliklərlə mübarizə fondları yaratmaq, uşaqlar arasında diabetin yayılmasının qarşısını almaq üçün xüsusi mərkəz yaratmaq və diabetik klinikaların yaradılmasını təşkil etmək lazımdır.


 



 


 

 

Aygün Musayeva

Medicina.az 

Diabet bir sunamidir -  İnsanların kənddən şəhərə axın etməsi problemi artırır
Diabet bir sunamidir -  İnsanların kənddən şəhərə axın etməsi problemi artırır
Diabet bir sunamidir -  İnsanların kənddən şəhərə axın etməsi problemi artırır
Diabet bir sunamidir -  İnsanların kənddən şəhərə axın etməsi problemi artırır