BölmələrRU
Xidmətlər
 

Əsl depressiyanın əlamətləri, niyə yaranır? – MÜTƏXƏSSİSLƏR DANIŞIR


Son zamanlar ölkəmizdə psixoloq, psixoterapevt və psixiatrlara müraciət edən insanların sayı artır. Hələ kifayət qədər inkişaf etməsə də, bu sahə insanların marağını özünə cəlb edə bilib. Təəssüf ki, ölkəmizdə psixoloqa müraciət etmək birmənalı qarşılanmır. Yalnış olaraq psixoloqa müraciət edən insanların psixi problemlərinin olduğu düşünülərək, onlara ağıl xəstəsi kimi baxılır. Lakin bu fikir həqiqətə uyğun deyil.
 
İnsanlar düşdükləri çətin vəziyyətə, keçirdikləri psixoloji gərginliklərə baxmayaraq, psixoloq dəstəyi almağın ətrafdakılar tərəfindən yaxşı qarşılanmayacağını düşünərək çətinliyin öhdəsindən tək başına gəlməyə çalışırlar. Lakin belə olduqda vəziyyət bir az da qəlizləşərək, depressiya kimi daha ağır fəsadlara  yol aça bilir.
 
Bəs depressiya nədir? Insan təkbaşına depressiyadan çıxa bilərmi? Yoxsa bu zaman medikamentoz müalicə, psixoloq və psixiatr yardımı şərtdirmi? 

Medicina.az bu mövzu ilə bağlı nevroloq Sevinc Heydərovadan açıqlama alıb.

Həkim bildirib ki, depressiya zamanı beyində kimyəvi dəyişiklik baş verir və serotoninlə dofamin hormonlarının balansı pozulur. Buna bağlı olaraq xəstədə özünə qapanmalar, ruh düşkünlüyü, həvəssizlik, iştahasızlıq, bəzən əksinə iştahanın artması, qorxu, həyəcan, panik-pozğunluq  və s. hallar yaranır. 

S.Heydərova depressiyanın müalicəsi zamanı əsasən serotonin tərkibli anti-depresantlardan və həyəcanı, qorxunu aradan qaldırmaq üçün neyroliptiklərdən istifadə edildiyini deyib:
 

 
"Müalicə dövrü uzun müddətli olur. Bəzi xəstələr isə hətta ömürlərinin sonuna qədər antidepressant istifadə etməli olurlar. Dərmansız ən yaxşı müalicə metodlarından biri NLT-dır yəni neyro-linqvistik proqramlaşdırma metodudur ki, bu metod vasitəsilə xəstələr tamamilə sağala bilirlər. Bu tip müalicə zamanı beynin qabıqaltı neyronlarına təsir edilərək, qorxuların, fobiyaların aradan qaldırılması mümkün olur. Bu metod gizli hipnoz da adlanır. Bu zaman xəstəyə sözlə təsir edilir. Nevroloqlar, o cümlədən mən özüm də bu metodlardan istifadə edərək xəstələrdə çox yaxşı, müsbət nəticələr əldə edirlər”. 

Həkimin sözlərinə görə, bəzi hallarda depressiyaya düşmüş xəstələri müəyyən metodlarla müayinə etdikdən sonra onların daha fərqli müalicəsinə ehtiyac duyulur:
 
"Bu zaman biz onları yüngül forma zamanı psixoloqlara, ağır formalarda isə psixiatrlara yönləndiririk. Psixiatrlar ağır formalı depressiya zamanı xəstələrə medikamentoz müalicə təyin edir. Lakin çox vaxt xəstənin vəziyyəti yüngül olduğu üçün antedepressant təyinatına gərək qalmır. Onu da qeyd edim ki, psixoloqlar xəstəni maslicə etmirlər, onlar sadəcə olaraq hər hansı bir sosial və psixololi problemlərin həllində köməkçi rolu oynayırlar”. 

Psixoloq  Gülşən Rüstəmova isə deyib ki, insanlar müxtəlif səbəblərdən depressiyaya düşüdüklərindən onlara yanaşma da individual olmalıdır:
 
"Depressiyaya girmiş insan özü bu haldan çıxa bilməz. Çünki insan bir müstəvidə düşünür. İnsan öz düşüncələri ilə depressiyaya düşdüyü üçün yalnız öz düşüncəsi ilə ordan çıxa bilməz. Buna görə də, depressiyaya düşən insan mütləq mütəxəssisə müraciət etməlidir”. 
Həkimin sözlərinə görə, elə insanlar var ki, onlar depressiyaya meyilli olurlar. Burda isə genetik faktorların da rolu böyükdür, çünki insan ayrıca fərd şəklində deyil, hansısa bir nəslin nümayəndəsi kimi doğulur və özünəməxsus genofonda malik olur: "Xarici görünüşdən tutmuş alkoqolizmə meylliliyə qədər bir çox xüsusiyyət genetik kodlarla müəyyənləşir. O cümlədən, depressiyaya meyllilik də genetik olaraq ötürülür. Depressiyaya düşmüş insanı incələsək, görərik ki, həmin şəxsin əcdad ağacında depressiya yaşamış insan var. Ona görə də mütləq bu kimi xarakterik xüsusiyyətləri araşdırırıq: "İnsanlar çox zaman yaşadıqları ruh düşkünlüyünü və hətta stressi depressiya ilə səhv salaraq, özlərinə yalnış diaqnoz qoyurlar. Və ya hava ilə əlaqədar olaraq yaşadıqları narahatlığı və yuxusuzluğu insan depressiya ilə qarışdırırlar. Çünki insanlar arasında maarifləndirmə çox zəifdir. Müasir zamanda  depressiya, panik-atak və fobiya anlayışları insanlar arasında daha populyarlaşıb. Bu sözlərdən istifadə edən insanlar özlərinə diaqnoz qoyaraq, internetdən bu barədə məlumat axtararaq özlərini müalicə ilə məşğul olurlar. Bizim ölkədə psixologiya anlayışı hələ ki, lazımı səviyyəyə qədər inkişaf etməyib. Halbuki diaqnozu xəstəyə  yalnız mütəxəssis onunla söhbət etdikdən sonra qoya bilər”. 

G.Rüstəmovanın sözlərinə görə, çox zaman qısa müddətli bir ruh düşkünlüyünü depressiya ilə səhv salınır, halbuki ruh düşkünlüyü müvəqqəti yaşanır və yüngül formada keçir:
 
"Bu vəziyyət əsasən işlə, ailə ilə bağlı və ya insanın həyatdan gözləntilərinin daha yüksək olması kimi səbəblərdən yarana bilir. Amma bunların heç biri depressiv situasiyaya aid edilə bilməz. Ruh düşkünlüyü yüngül formada inkişaf edir və insan özünü motivasiya etməklə  bu vəziyyətdən çıxmağa qadirdir”. 

Həkim-psixoloq depressiyanın əsas əlamələtlərini də açıqlayıb:
 
"İnsan gördüyü işlərdən bezərsə,  yaşamaq üçün həvəsi qalmasa, havaya, gün işığına çıxmaq istəməsə, yeməkdən və içməkdən imtina edərsə və bu hal aylarla davam edərsə, deməli, o, depressiya yaşayır. Bir insana depressiya diaqnozunun qoyulması üçün həmin insanın 6 ay monoton həyat tərzi keçirdiyini müşahidə etmək lazımdır. Depressiyaya düşən insan sanki "plonkton” həyat tərzi keçirir. Ətrafda baş verənlərə laqeyd qalır, sanki heç nəyi görmür və  eşitmir. Belə insanlara vaxtında mütəxəssis yardımı olmadıqda, hətta intihara təşəbbüs edə bilərlər”. 
 
Arzu
Medicina.az