Cinsi əlaqə zamanı ağrı – Səbəbləri

  • 2019.01.21 16:35
  • 28044 Baxış
Cinsi əlaqə zamanı ağrı –  Səbəbləri

 

Cinsi əlaqə cütlüklər arasında yaşanan ən vacib münasibətlərdən biri hesab edilir. Bəzən bir çox qadınlarda ailə həyatı qurduqdan sonra problemlər meydana çıxır. Bu problemlərə cinsi əlaqədən qorxma - vaginizm, cinsi əlaqə zamanı ağrılar – disparoni, cinsi istəksizlik aid edilə bilər. 

 

Medicina.az sizə cinsi əlaqə zamanı meyadana çıxan ağrılar və onların səbəblərindən söz açacaq. 


Disparoni qadınların seks həyatından zövq ala bilməməsinə və partnyorlar arasında cinsi problemlərin yaşanmasına gətirib çıxarır. Qadınların təxminən 40%-i bu problemdən əziyyət çəkir.  


Bəzi insanların cinsi həyatla bağlı anlayışları tam fərqlidir. Seks dedikdə sevgi, ehtiras, istək, həzz əvəzinə onların ağlına ayıb, qadağan, günah, utanc, istəmirəm, ağrı kimi sözlər gəlir.

 

Bütün bunlar arasında "istəmirəm” və "ağrı” cavabı digərlərindən kəskin şəkildə fərqlənir.


Seks ağrılı bir proses deyil. Fiziki və ruhi sağlamlığı yerində olan şəxslər seks zamanı ağrı hiss etməməlidirlər. 

Halbuki bir çox qadın ya həyatının müəyyən bir dövründə, ya da cinsi həyata addım atdığı gündən etibarən seks zamanı ağrıdan əziyyət çəkir. Onların 90 faizi bu ağrının normal olduğunu düşünür. Çünki uşaqlıqdan, ilk gənclikdən etibarən seksin günah və qadağan olduğuna inandırılan qadın onun yaxşı bir şey olduğuna inanmaq belə istəmir. Onlar ağrı hiss etsələr də, cinsi bir problemlə üzləşdiklərini başa düşmürlər. Həyatlarına belə davam etməyə çalışırlar. Bir müddət sonra isə cinsi həyatdan soyuduqları üçün sekslə məşğul olmaq istəmirlər. Təbii ki, bu partnyorla əlaqələrin pisləşməsinə gətirib çıxarır.

Kişi cinsi orqanını vajinaya daxil olduğu zaman qadın həmin bölgədə, qasıqlarda, klitora yaxın bölgədə ağrı hiss edirsə, deməli disparonidən şübhələnmək olar.


Disparoninin növləri


Ağrılı cinsi əlaqə mənasını verən disparoni meydana gəldiyi vaxta və bölgəyə görə fərqli növlərə bölünür.

Seks zamanı ağrı əgər ilk cinsi təcrübədən etibarən müşahidə edilirsə, buna "primer disparoni” deyilir. Əgər əvvəllər normal seks həyatı olan qadın sonradan cinsi akt zamanı ağrı hiss etməyə başlayıbsa, bu "sekonder disparoni” adlanır.

Ağrı vaginanın girişində hiss edilirsə, "dayaz disparoni”, vaginanın içərisində hiss edilirsə, "dərin disparoni” hesab olunur.


Diaqnoz necə qoyulur?


Disparonini çox vaxt vaginizm ilə qarışdırırlar. Buna görə də ginekoloq çox diqqətli olmalıdır.


Disparoninin əsas əlamətləri bunlardır:


1. Penisin vaginaya daxil ola bilməməsi


2. Kəskin ağrı


3. Cinsi akt zamanı pelvik əzələlərinin həddən artıq sıxılması


4. Cinsi həyatdan soyumaq


Disparonidən əziyyət çəkən qadın təkcə cinsi əlaqə zamanı yox, tampon qoyarkən və ginekoloji müayinələr zamanı da ağrı hiss edir.


Disparoninin yaranma səbəbləri fərqlidir


Bu xəstəlik psixoloji problemlərdən də qaynaqlana bilər.


Disparoninin müalicə edilməsi üçün əvvəlcə qadının ağrı hiss etməsinin əsl səbəbi araşdırılmalıdır. Qadının şikayətləri nəzərə alınaraq onu psixoloqa və ya ginekoloqa yönəltmək lazımdır. Ancaq qadın bütün hallarda həkim müayinəsindən keçməlidir. Əgər müayinə zamanı vaginada hər hansı bir virus və ya pelvik əzələlərində bir problem aşkarlanmayıbsa, disparoninin səbəbini qadının ruhunda axtarmaq lazımdır.


Partnyora qarşı soyuqluq


Psixoloji disparoninin digər bir səbəbi də qadında cinsi həvəsin olmamasıdır. Seks zamanı qadın 5 mərhələdən keçir: istəmək, təhrik olmaq, həzz almaq, orqazm və rahatlaşmaq.


Qadın partnyorunu arzulamağa başlayanda beş duyğu üzvü və fantaziyaları hərəkətə gələrək onu erotik dəqiqələrə hazırlayır.


İkinci mərhələyə keçən, yəni təhrik olan qadının genital bölgəsinə qan axışı sürətlənir və əzələlər yumşalır, klitorun həcmi böyüyür, cinsiyyət orqanı nəmlənir və cinsi həyacan hiss edilir. Əgər qadın təhrik olmayıbsa, həzz ala bilmir və cinsi əlaqə zamanı ağrı hiss edir. Qadın müəyyən vaxtdan sonra cinsi əlaqədən soyuyur və sevişmək istəmir.


Seksə qarşı istəksizlik


Disparoninin səbəbi cinsi istəksizlik də ola bilər. Bu istəksizlik çox vaxt insanın ruhunda dərin yaralar açan hadisələrdən qaynaqlanır.

Qadın keçmişdə cinsi əxlaqsızlığa, cinsi istismara və ya təcavüzə məruz qalıbsa, bu qadının seksdən soyumasına və seks zamanı ağrı hiss etməsinə səbəb ola bilər.