Biz uşağı düzgün müalicə edirdik, 1-2 sutkaya evə buraxacaqdıq-Almaniyaya təyyarə ilə aparılan uşaq barədə Toksikoloji şöbənin müdiri Azər Maqsudov

  • 2018.08.15 16:27
  • 15523 Baxış
Biz uşağı düzgün müalicə edirdik, 1-2 sutkaya evə buraxacaqdıq- Almaniyaya təyyarə ilə aparılan uşaq barədə Toksikoloji şöbənin müdiri Azər Maqsudov

Ötən həftə Azərbaycanda zəhərlənən və Almaniyadan göndərilən ambulans təyyarə ilə ölkəsinə aparılan 5 yaşlı alman uşaqla bağlı yeni məqamlar üzə çıxıb. Məsələ ilə bağlı Medicina.az saytına uşağın qəbul olunduğu Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib ki, baş verən hadisə həddindən artıq şişirdilib və bəzi həqiqətə uyğun olmayan informasiyalar yayılıb.  


Həkimin sözlərinə görə, uşağın həyatı üçün heç bir təhlükə olmayıb: "Uşaq alman yox, Almaniya vətəndaşı olan azərbaycanlıdır. 5 yaşlı Nicat Samiroğlu ailəsi ilə Hacıqabulda qohumlarıgildə bit dərmanından zəhərlənmişdi. Doza çox deyildi, ona görə həyati təhlükə olmadı. Uşağa yerində rayon təcili tibbi yardımı ilkin yardım göstərib, daha sonra bəzi müayinələr üçün bizdən həkim göndərildi. Həmin həkim belə qərara gəldi ki, uşaq Bakıya gətirilsin.


Toksikoloji şöbədə uşaq müayinə olundu, bütün yardım və müalicələr göstərildi. Yenə deyirəm, ciddi təhlükə yox idi. Uşaq bizdə qalsaydı, 1-2 günə evə yazacaqdıq.


Sadəcə ailəsi çox narahat idi, onların sığortası vardı. Sığorta xətti ilə Almaniyadan həkim gəldi, konsilium oldu, axşam uşağı bizim şöbədən çıxardılar. Bizdən çıxanda uşağın vəziyyəti stabil idi”.


A.Maqsudov alman həkimin bizim xəstəxananın vəziyyətini görüb şoka düşüb, şəraiti bəyənməməsi ilə bağlı deyilənləri cəfəngiyyat adlandırıb:

 

" Bizim şöbə təmirli, təmiz, hər cür müayinə avadanlıqları olan şöbədir. Alman həkim elə münasibət göstərməyib. Əksinə bizimlə də məsləhətləşmələr apardı, bizə təşəkkür etdi. Düzdür, Almaniyanın səviyyəsi ayrı, bizim ayrı. Amma bizim xidmət də pis deyil.

 

İnternetdə bu məsələ çox şişirdilib və yanlış şəkildə təqdim olunub. Almaniyaya aparıldıqdan sonra uşağın vəziyyəti ilə bağlı sorğu göndərmişik, amma hələ ki, bir xəbər yoxdur. Ümid edirəm, hər şey yaxşıdır”.