Bərbərxana və qadın salonlarında QİÇS təhlükəsi - Hər an yoluxma ola bilər

  • 2018.11.19 10:07
  • 19039 Baxış
Bərbərxana və qadın salonlarında QİÇS təhlükəsi  -  Hər an yoluxma ola bilər
Bu günə qədər Azərbaycanda bərbərxanalarda, o cümlədən qadın salonlarında İİV infeksiyasına yoluxma faktı qeydə alınmasa da, bu məkanlar İİV və digər infeksiyalar baxımından təhlükə mənbəyidir. 


Bunu Medicina.az saytına müsahibəsində Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov bildirib. 


Şöbə müdiri deyib ki, əgər qadın salonlarında qanlı prosedurlar həyata keçirilirsə, tutaq ki, dırnaq təmizlənməsi, manikür, pedikür, pirsinq olursa, bu halda dərinin tamlığı pozulur: "Bu proseslər zamanı alətlərdən istifadə edilir. Bu alətlər birdəfəlik deyil, dəfələrlə istifadə edilir. Əgər bu alətlər antiseptika  qaydalarına riayət edilmədən yenidən istifadə edilərsə, sözsüz ki, bu halda virusun ötürülməsi, yoluxma ehtimalı var. Ancaq çox sevindirici haldır ki, QİÇS-lə mübarizə Mərkəzinin fəaliyyətə başladığı gündən indiyə qədər bizə heç kim belə bir fakt üzrə müraciət etməyib. Lakin biz heç vaxt kişi və qadın salonlarında yoluxma riskinin olmadığını deyə bilmərik. Hər an bu hadisə ola bilər. Ona görə də biz hər zaman çıxışlarımızda, təlimlərimizdə maksimum çalışırıq ki, geniş əhali kütləsi maariflənsin. Yəni pirsinq, tatu, manikür, pedikür edilən yerlərdə mütləq dezinfeksiyaedici sterilizatorların olmasına, onların işlək vəziyyətdə olub-olmamasına, istifadə edilən alətlərin təmiz olub-olmamasına diqqət yetirsinlər. İnsan özü-özünün həkimi olmalı, prosesə nəzarət etməlidir. Çünki burada söhbət insanın sağlamlığından gedir. Ola bilər ki, İİV infeksiyası olmasın, amma hepatit virusları olsun. Hepatit virusları hətta gözəgörünməz qan kütlələri ilə çirklənmiş alətlərdə bir şəxsdən digər şəxsə yoluxa bilər”.  


N. Zülfüqarov qeyd edib ki, gözəllik salonları, bərbərxanalar qismində fəaliyyət göstərən obyektlərə tibbi-gigiyenik nəzarət gigiyena-epidemologiya mərkəzlərinin ixtiyarına verilib: "Yəqin ki, mütəmadi olaraq bu obyektlər yoxlanılır. Həmçinin bu obyektlərdə işləyəni şəxslərin tibbi kitabçaları olmalı, onların vaxtaşırı tibbi müayinələrdən keçməsinə nəzarət edilməlidir.  O cümlədən həmin obyektlərdə dezinfeksiya işlərinin həyata keçirilməsinə nəzarət olunmalıdır. 

 

Düşünürəm ki, regionlarda fəaliyyət göstərən gigiyena-epidemologiya mərkəzləri bu məsələyə lazımi səviyyədə nəzarət edirlər. Digər tərəfdən, bu obyektlərdə sterilizatorlar mütləq, həm də işlək vəziyyətdə olmalıdır. Bioloji mayelərlə çirklənmiş avadanlıqlar mütləq sterilizasiya olunmalıdır”.