Başınız ağrıyırsa, səbəbini ağız boşluğunuzda axtarın - Diş probleminin verdiyi ağrı

  • 2018.12.16 21:48
  • 11540 Baxış
Başınız ağrıyırsa, səbəbini ağız boşluğunuzda axtarın -  Diş probleminin verdiyi ağrı
Adətən başı tez-tez ağrıyan insanlar təbii olaraq, nevroloqa müraciət edir. Mütəxəssislər isə bəzi hallarda baş ağrılarına ağız boşluğunda olan problemlərin səbəb olduğunu deyir.


Medicina.az xəbər verir ki, ağız boşluğunda olan problemlər səbəbindən meydana çıxan baş ağrılarını 2 kateqoriyaya bölmək olar: iltihabi xarakterli ağrılar və prikusun pozulması səbəbindən yaranan oynaq ağrıları.  


Ağız boşluğunda olan istənilən iltihabi proses baş ağrısına səbəb ola bilər. 


Bunu səbəbi iltihabi bölgədə olan sinir uclarının iltihab yığını tərəfindən sıxılmasıdır. 


Diş ağrısı orqanizmdə yaranan ən intensiv ağrı olduğu üçün dözmək çətin olur. Belə olduqda xəstə ağrıkəsici qəbul edir ki, nəticədə ağrı keçsə də onun ümumi vəziyyəti pisləşir. 


Bəzən isə baş ağrısının səbəbi iltihab deyil, prikus defekti olur. Bu zaman ağrılar əsasən çənə oynağı nahiyəsində toplanır və ağızı hərəkət etdirən zaman artır. 


Bəzi pasiyentlər isə yatarkən və ya stress zamanı dişlərini bir-birinə möhkəm sıxırlar. Belə olan halda da baş ağrıları, yuxusuzluq və qulaqda küy əmələ gələ bilər.  


Bir çox hallarda pasiyentlər breketlər və protezlər quraşdırıldıqdan sonra baş ağrılarının meydana çıxdığını vurğulayırlar. Bu zaman dişlərin və damaqların sıxılması baş verir ki, o da öz növbəsində baş ağrılarına səbəb ola bilər. Adətən orqanizm breketə və protezə uyğunlaşdıqdan sonra ağrılar tədricən azalmağa başlayır.  


Bəzən isə əksinə də olur, yəni nevroloji xəstəliklər diş ağrısına səbəb ola bilir. İş burasındadır ki, üz sinirləri dişlərlə əlaqəlidir. Bu sinirlərin soyuqlaması nəticəsində də pasiyentin sağlam dişlərində ağrılar meydana çıxa bilər.  


Buna görə də sinirləri dərman maddələrinin köməyi ilə müalicə etmək ağrıların yox olmasına səbəb olur.


Arzu

Medicina.az