Baş həkimin prezidentə müraciətindən sonra tikilən xəstəxanadan FOTOLAR

  • 2019.01.14 16:18
  • 8183 Baxış
Baş həkimin prezidentə müraciətindən sonra tikilən xəstəxanadan  FOTOLAR

Xəbər verdiyimiz kimi, bu gün Qaradağ rayonunun Qobustan qəsəbəsində Səhiyyə Nazirliyinin yeni inşa olunan 17 saylı birləşmiş şəhər xəstəxanasının açılışı olub.


Prezident İlham Əliyev xanımı Mehriban Əliyeva ilə birlikdə açılışda iştirak edib.


Dövlət başçısı çıxışında bildirib ki, bir neçə il əvvəl Qobustana səfər edərkən baş həkim yeni xəstəxananın tikilməsinin yaxşı olacağını deyib.


"Bir neçə il bundan əvvəl Qobustan qəsəbəsində olarkən mənə xəstəxananın baş həkimi müraciət etmişdi ki, yeni xəstəxana tikilsə yaxşı olar. Mən də dərhal göstəriş verdim, vəsait ayırdıq və bu gün bu gözəl xəstəxananın açılışında biz birlikdə iştirak edirik”, - deyə İ. Əliyev qeyd edib.


Məlumat üçün bildirək ki, Qobustanda xəstəxana 1955-ci ildən fəaliyyətə başlayıb. Xəstəxana binalarının yararsız vəziyyətdə olması nəzərə alınaraq Prezident İlham Əliyevin 2011-ci il 6 aprel tarixli Sərəncamı ilə Qobustan qəsəbəsindəki 17 nömrəli birləşmiş şəhər xəstəxanasının yenidən qurulması üçün maliyyə vəsaiti ayrılıb. Aparılan inşaat işləri zamanı köhnə xəstəxananın yerləşdiyi binalar tam sökülüb və onların yerində müasir standartlara cavab verən yeni xəstəxana binası inşa edilib.


60 çarpayılıq dördmərtəbəli birləşmiş şəhər xəstəxanasının ərazisində təcili yardım stansiyası və digər binalar inşa olunub, zəruri infrastruktur yaradılıb.