Azərbaycanda şəkər xəstələri ilə bağlı qorxunc statistika - 8 aya 20 min artım var

  • 2018.12.17 09:52
  • 9476 Baxış
Azərbaycanda şəkər xəstələri ilə bağlı qorxunc statistika -  8 aya 20 min artım var
Azərbaycanda bu il 8 ay ərzində diabet xəstələrinin sayı 20 min artıb.


Bunu Medicina.az-a müsahibəsində Səhiyyə Nazirliyinin baş endokrinoloqu, deputat Rafiq Məmmədhəsənov deyib. Bildirib ki, il bitməmiş şəkərli diabetdən əziyyət çəkənlərin sayı 260 min olub:


"2016-2020-ci illəri əhatə edən şəkərli diabet xəstələrinə dövlət qayğısı proqramına bu il səhiyyə xərclərindən əvvəlki illərə nisbətən daha çox vəsait ayrılıb - 44,3 milyon. Həmçinin xronik böyrək çatışmazlığı xəstələrinə əlavə olaraq 15 milyon manat ayrılacaq. Bildiyimiz kimi, diabetin ağırlaşmalarından biri də böyrək xəstəlikləridir, xəstələr dializ almağa məcbur olurlar. Bu da əlavə problemdir. 


Düzdür, xəstələrin tam təminatı üçün hələ bir qədər də vəsait lazımdır. Çünki ilin əvvəlində diabet xəstələrinin rəsmi sayı 240 min nəfər idisə, avqustda, heç il bitməmiş 260 000 oldu. Bilirsiniz, diabet artıq tibbi yox, sosial problemə çevrilir. Bütün dünya üçün qlobal sosial problemdir. 


Şəkərli diabet özü yox, ağırlaşmaları bir qədər çətindir: gözdən əlillik, ayaqların amputasiyasına görə əlillik, hemodializ xəstələrinin çoxu diabetin payına düşür. 


Diabet müasir bəla deyil. Bu xəstəlik eramızdan əvvəl də var idi, Hippokratın əsərlərində də qeyd olunub.  Azərbaycanda da qədimdən var. Amma bu qədər çox deyildi”.