BölmələrRU
Xidmətlər
 

Azərbaycanda səhiyyə sərgisi keçiriləcək - İlk konqres və vorkşop

Sentyabrın 28-dən 30-dək Bakı Ekspo Mərkəzində 23-cü Azərbaycan Beynəlxalq Səhiyyə "BIHE 2017” sərgisi keçiriləcək.

"BIHE” sərgisi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Stomatologiya Assosiasiyası (ASA), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) dəstəyi ilə keçirilir. Sərginin təşkilatçıları "Iteca Caspian” və onun Böyük Britaniyalı tərəfdaşı "ITE Group” şirkətləridir.

Səhiyyə sərgisi tibb müəssisələrinin əməkdaşları, müasir tibbi avadanlıqların təchizatçıları və əczaçılar arasında peşəkar əlaqələrin qurulması və təcrübə mübadiləsi üçün platforma olmaqla yanaşı, ölkəmizdə səhiyyə sisteminin daha da səmərəli olmasına xidmət edir.

Hazırda sərgiyə hazırlıq istiqamətində fəal iş aparılır. Tədbirə 100-dən artıq iştirakçının, o cümlədən Azərbaycan, Almaniya, Belarus, Çin, Hindistan, İtaliya, İran, İsveçrə, Litva, Polşa, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələri təmsil edən şirkətlərin qatılacağı gözlənilir.

Sərgidə xarici şirkətlərlə yanaşı, nəhəng dünya istehsalçılarının tərəfdaşı olan tibbi avadanlıqların aparıcı yerli distributorları da iştirak edəcək. Yerli distributorlar arasında "BTL Industries”, "Labservis”, "Planeta” və digər şirkətlər var.

Bu il iştirakçılar sərgidə tibb və laboratoriya avadanlıqları (cərrahiyyə əməliyyatı masası üçün tibbi avadanlıqlar, plastik cərrahiyyə üçün lazer avadanlıqları), dərman preparatları, tibbi alətlər, eləcə də əczaçılıq avadanlıqları təqdim edəcəklər.

"BIHE” sərgisi ilə paralel daha iki tədbir - 12-ci Azərbaycan Beynəlxalq "Stomatologiya” "Stomatology Azerbaijan 2017” və 11-ci Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb "Beauty Azerbaijan 2017” sərgiləri keçiriləcək.

Sərgi çərçivəsində ilk dəfə olaraq həkimlər üçün konqresin keçirilməsi planlaşdırılır. Konqres səhiyyənin müxtəlif sahələrində çalışan aparıcı həkimlərin iştirakı ilə bir neçə panel müzakirəsindən ibarət olacaq. Təşkilatçılar sərginin ikinci iş günündə eksponentlərlə yerli istehsalçı və distributorlar arasında vorkşop keçirəcəklər və həmin tədbir bazar iştirakçıları arasında birbaşa görüş və danışıqlar üçün əlavə və səmərəli işgüzar platformaya çevriləcəkdir. Vorkşopun keçirilməsində məqsəd sərgi iştirakçılarının yerli şirkətlərlə səmərəli işgüzar əlaqələr qurmasına, ziyarətçilərin isə öz distributor şəbəkələrini genişləndirməsinə kömək etməkdir.

”BIHE” sərgisi səhiyyə sahəsində çalışan peşəkarların ünsiyyəti üçün əsas tədbir olmaqla yanaşı, səhiyyə sahəsində ən son məhsullar, müalicə metodikası və aparıcı texnologiyaların nümayiş etdirildiyi ən əsas məkandır.