BölmələrRU
Xidmətlər
 

Azərbaycanda orqan transplantasiyası ilə bağlı yeni qanun - Deputat detalları açıqladı


Azərbaycanda orqan və toxuma transplantasiyası üzrə yeni qanun layihəsi hazırlanıb. 

Medicina.az Real TV-ə istinadən xəbər verir ki, bu barədə Milli məclisin deputatı Musa Quliyev məlumat verib. Deputat qeyd edib ki, bu il Azərbaycanda təxminən 100-120 böyrək və 15 qaraciyər transplantasiya olub: "Orqan transplantasiyaları hələ 20-ci əsrin 50-ci illərindən eksperiment şəklində tətbiq edilməyə başlanılıb. Azərbaycanda ilk dəfə 1971-ci ildə SSRİ məkanında Moskvadan sonra Akademik Cavadzadə tərəfindən həyata keçirilib. Baxmayaraq ki, bu haqda qanun 1999-cu ildə imzalanıb. Amma 10 il bundan əvvəldən artıq Azərbaycanda canlı donordan böyrəklərin, qaraciyərin, buynuz qişanın, sümük iliyinin köçürülməsi əməliyyatları kütləvi tətbiq edilməyə başlanılıb. Bu il Azərbaycanda təxminən 100-120 böyrək köçürülməsi və 15 qaraciyər köçürülməsi həyata keçirilib. Azərbaycan Cənubi Qafqazda bu işi ilk başlayan, ən yaxşı həkim heyəti, maddi-texniki bazası və klinikaları olan uyğun dövlətdir. Sevindirici haldır ki, bizə digər dövlətlərdən, həmçinin də Rusiya Federasiyasından da müraciət edənlər olub. 

Lakin mövcud qanun ehtiyacı olan bütün şəxslərin orqan və toxuma köçürülməsi üçün imkan vermirdi. Çünki bütün dünyada orqan və toxumaların köçürülməsinin əsas obyekti dünyasını dəyişmiş insanlardır. Canlı şəxsdən orqanın götürülməsi həmin insanın müəyyən travma alması, həyatının risk altına düşməsi və sonradan xəstələnməsi ehtimallarını artırır. Amma meyitdən orqan köçürülməsi işinin etik tərəflərini araşdırmaq və insanlara çatdırmaq üçün geniş hüquqi bazaya ehtiyac vardı. Bu bazanın yaradılması məqsədilə bu ilin əvvəlində Milli Məclisin Səhiyyə Komitəsində dinləmələr keçirildi. Bu sahədə məşğul olan həkimlər cəlb olunaraq işçi qrupu yaradıldı. Hazırda işçi qrup yeni qanun layihəsini hazırlayıb. Həmin qanun layihəsi parlamentin yaz sessiyasında komitənin müzakirəsinə təqdim ediləcək”.