Azərbaycanda əsasən qadınların yoluxduğu xəstəlik haqda - Hər dəqiqə 2 insanı öldürür

  • 2018.11.06 16:12
  • 13938 Baxış
Azərbaycanda əsasən qadınların yoluxduğu xəstəlik haqda -  Hər dəqiqə 2 insanı öldürür
Vərəm yoluxucu xəstəlikdir. O hazırda dünyada ən təhlükəli infeksiyalardan biri olaraq qalmaqdadır və əsasən əhalinin əmək qabiliyyətli hissəsini sıradan çıxarır. Ümumdünya Səhiyyə Təşkilatının rəqəmlərinə əsasən, hazırda dünyada 20 milyondan artıq vərəm xəstəsi var və bunların 7 milyonu açıq formalı vərəmdir. Hər il 3.5 milyon insan vərəmlə xəstələnir və 1 milyon insan vərəmdən ölür. Hər dəqiqə təxminən 2 insan vərəmdən dünyasını dəyişir. XX əsrin əvvəllərində insan ölümünün 20 faizi vərəmdən baş verirdi.


Medicina.az xəbər verir ki, hazırda Azərbaycanda rəsmi statistikaya görə, 8 minə yaxın vərəmli xəstə var.


Vərəmi «tuberkulozis» də adlandırırlar. Bu sözün latın dilindən tərcüməsi qabarcıq deməkdir. Vərəmin törədicisi isə onu aşkar edən alimin şərəfinə «kox» çöpləri adlandırılır. 


Bu xəstəlik yalnız yaxşı qidalanmayan, qeyri-qənaətbəxş şəraitdə yaşayan, müxtəlif səbəblərdən immuniteti aşağı olan, digər xəstəliklər fonunda (şəkərli diabet, QİÇS və s.), çox siqaret çəkən və ya zərərli tozlarla daim nəfəs alan insanlarda və s. inkişaf edir.


Vərəmin klinikası onun formasından asılı olaraq müxtəlif ola bilər.


Uşaqlarda və yeniyetmələrdə vərəm infeksiyası zamanı bədən temperaturu periodik olaraq 37-38°S-yə qalxır, xəstənin iştahası pozulur, əsəbilik və ya süstlük, başağrıları, ürəkdöyünmə, periferik limfa düyünlərinin zəif böyüməsi, qaraciyərin, bəzən dalağın bir qədər böyüməsi, bədən çəkisinin artmaması, azalması, orta qulağın iltihabı, başqa xəstəliklərə meyillilik müşahidə olunur.


Ağciyərlərin vərəmi uzunmüddətli öskürək, subfebril temperatur, bəlğəm, bəzən qan hayxırma, döş qəfəsində ağrı və s. əlamətlərlə gedir. Bundan başqa əsəbilik, gecə tərləmələri, arıqlama, arterial təzyiqin enməsi, böyrəküstü vəzlərin fəaliyyətinin zəifləməsı kimi ümumi simptomlar xəstəni narahat edir.

 


Vərəmin gec, ağırlaşmiş mərhələlərində ürək, qan-damar sistemi, tənəffüs çatışmazlığı əlamətləri meydana çıxır. Xəstənin nəbzi tezləşır(taxikardiya), təngənəfəslik, periferik sianoz(dodaqların, barmaqların göyərməsi), tənəffüs prosesinə köməkçi əzələlərin qoşulması kimil əlamətlər əmələ gəlir. 


Vərəmin profilaktikası daha vacibdir. Bundan ötrü hər il uşaqlarda və yeniyetmələrdə Mantu sınağı aparılır, virajlı uşaqlar aşkar olunur və VI qrup dispanser uçot qeydiyyatına götürülür. Onlar 1 il müddətində ciddi müşahidədə qalırlar. 


Məlumat üçün bildirək ki, Səhiyyə Nazirliyinin ET Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova Azərbaycanda vərəm xəstələri ilə bağlı statistikanı açıqlayıb. Məlumata görə, Bu ilin 6 ayı ərzində Azərbaycanda ilkin vərəmlə xəstələnmə göstəricisi 1886 nəfər olub ki, onlardan 1016-sı bakterioloji olaraq təsdiqlənmiş ilkin xəstələr, 437-si kliniki təsdiqlənmiş ilkin xəstələr, 433-ü ağciyərdən kənar ilkin xəstələrdir. O bildirib ki, həmin müddətdə 251 nəfər ocaqlı vərəm xəstələri, 1145 nəfər infiltrativ xəstələr, 74 nəfər gecikmiş vərəm formaları ilə aşkar olunan xəstələrdir.


H.Qədirova qeyd edib ki, 237 nəfərdə vərəm plevriti, 81-də sümük oynağı vərəmi, 32-də döş qəfəsi daxili limfa düyünlərinin vərəmi, 52-də periferik limfa düyünlərinin vərəmi, 14-də sidik cinsiyyət sisteminin vərəmi, daha 14-də vərəm mezadeniti, 3 nəfərdə isə vərəm meningeti aşkarlanıb.


O həmçinin əlavə edib ki, vərəmli xəstələrin 1/3-i qadınlar, 2/3-i isə kişilərdir.


Arzu Mirzəyeva

Medicina.az