BölmələrRU
Xidmətlər
 

Azərbaycanda azyaşlını səhv sünnət etdilər

Azərbaycanda daha bir pasiyent həkim naşılığının qurbanına çevrilib. Belə ki, valideynləri 3 yaşlı uşağın cinsiyyət orqanında əyrilik, sidik kanalının ucunun yerinə açılmaması şikayətləri ilə uroloqlardan birinə müraciət edib. Həkim isə ona penoskrotal hipospadiya (peyğəmbər sünnəti, anadangəlmə yarımsünnətli) diaqnozu qoyub və əyriliyi düzəltmək məqsədilə uşağı sünnət edib. Lakin əməliyyat uğursuz olub. Ailə ikinci dəfə uroloq cərrah Fuad Hüseynova müraciət edib.

Medicina.az-a əməliyyat barədə məlumat verən Fuad Hüseynov qeyd edib ki, bu durumda uşağı qətiyyən sünnət etmək olmazdı:
 
"İlk əməliyyat iki il öncə olub. Həkim əyriliyi düzəltmək məqsədilə aşağıdakı pərdəni kəsib və uşağı sünnət edib. Halbuki sünnət etmək olmazdı. Çünki sünnət dərisi bizim icra edəcəyimiz əməliyyatda bizə lazım idi. Üstəlik sidik kanalının ucunu da normal yerinə gətirməmişdilər. Sadəcə dəliyi genişləndirmişdilər ki, uşaq rahat sidiyə getsin, bu da bizim işimizi çətinləşdirdi, çünki çapıq toxuması inkişaf etdiyi üçün sidik kanalını tikmək prosesi çətinləşdirib, əməliyyatın effektivliyini azaldırdı. Həm də əməliyyatın nəticəsi arzuolunmaz idi. Uşağın cinsiyyət orqanında ciddi əyrilik və burulma mövcud idi. Sidik kanalının xarici dəliyi normal yerinə açılmadığı üçün oturub sidiyə getmək məcburiyyətində idi. Və gələcəkdə cinsi həyatında onu ciddi problemlər gözləyirdi”.

Həkim bildirib ki, təkrari cərrahi əməliyyatla sidik kanalının xarici dəliyi normal yerinə gətirilib, cinsiyyət orqanındakı əyrilik isə düzəldilib:
 
"Biz sidik kanalını tikməyə material olmadığında sünnət dərisindən istifadə edirik. Amma onlar uşağı sünnət etmişdilər. Əlacsız qaldığımız üçün ağız içinin selikli qişasından götürüb, yama qoymaq məcburiyyətində qaldıq. Əməliyyat uğurla keçdi və hazırda o, normal uşaqlardan fərqlənmir. Təkrari əməliyyat etməsəydik, balaca kişinin gələcəyi necə olacaqdı? Şükür ki, hər şey yaxşı nəticələndi. Bu haqda məlumat verməyimin məqsədi əhalinin, valideynlərin maariflənməsidir. Çünki belə hal dəfələrlə təkrarlanır”.