Autizmli insan oxuya, işləyə, evlənə bilərmi? - Autizmli uşaqlar üzrə mütəxəssisdən ilginc açıqlamalar

  • 2018.06.28 18:31
  • 48061 Baxış
Autizmli insan oxuya, işləyə, evlənə bilərmi? -   Autizmli uşaqlar üzrə mütəxəssisdən  ilginc açıqlamalar
İlham Osmanlı, psixoloq, Autizmlilərin idman klublari ictimai  birlyinin koordinatoru

 

 



Azərbaycanda autizm sindromlu uşaqların artması ilə bağlı həyəcan siqnalı verilib. Medicina.az olaraq bu problemi diqqətdə saxlayırıq. Qeyri-rəsmi statistikaya görə, hər 68 uşaqdan biri autist doğulur. Artıq dünyada bu məsələ istər dövlət, istər qeyri-hökümət təşkilatlarının diqqətindədir. Dünya autizmin səbəbini araşdırıb tapa bilməsə də, bu diaqnoz qoyulmuş uşaqların cəmiyyətə qatılması, normal yaşamı üçün metodikalar hazırlayır. Bu metodikaları tətbiq edənlər isə təlimçilərdir.


   Bakı Autizm idman ve yaşam klubunun baş koordinatoru, uzun müddətdir autizmli uşaqlarla təlimçi kimi çalışan İlham Osmanlının bu sindrom barədə öz fikirləri, müşahidələri, autist uşaqlarla davranış barədə məsləhətləri bu problemi yaşayan ailələrə çox gərəkli ola bilər. 

 

 

Çox ailələr bilmir, elə autist var idi, 19 yaşına çatmışdı, anası indi gətirmişdi seminara.

O nə müstəqil yeyə bilirdi, nə tualetə gedə bilirdi.



-İlham bəy, öz müşahidələrinizə əsasən autizmin səbəbini nədə görürsüz? Niyə bu sindrom yayılır? Valideynlər nə deyir: nədən sonra uşaq autist olur?


-Autizmin dəqiq səbəbi təəssüf ki, məlum deyil. Dünyada alimlər bunun üzərində çalışır. Bir ehtimala görə, beyinlə bağırsaq arasındakı vəhdətin pozulması göstərilir. Alimlər bu iki orqanın arasında qalıblar. Son elmi-tibbi araşdırmalar da bu orqanlar üzərində aparılır. Çünki bu uşaqların qəbizlik, ishal problemləri olur, bağırsaqlardan qida qana keçir, bu da beyinə təsir edərək, müəyyən qüsurlar yaradır.


1967-ci ildən İsrail və Amerikada Autizm Araşdırma institutu yaradılıb, mütəxəssislər bu sindromun yaranma və reabilitasiya yollarını araşdırır. Hələ ki, vahid bir müalicə protokolu, xüsusi dərman və reabilitasiya metodikası dünyada yoxdur. 


Autizm özü ümumi psixi inkişafın ləngiməsinin bir növüdür. Bu sindromun altında çox sayda sindromlar yatır. Bu səbəbdən autizmli uşaqların hər biri fərqlidir. Hardasa 2 il əvvəl 4 oğlandan bir   qızda rast gəlinirdi. İndi isə 5 oğlandan bir 1  qızda rast gəlinir. 


Autizmi nə ana bətnində, nə doğulandan sonra USM, dopler , analiz və aparatlar təyin edə bilmir.  Ən tezi 2-3 yaşında məlum olur. Proqressiv və reqressiv kimi 2 forması var. Bəzən ailə görür ki, uşaq 3 yaşına kimi sərbəst danışır, ünsiyyət qurur, lakin 3 yaşından sonra nitq, əqli inkişaf birdən-birə dayanır, geriləyir. Bunun da səbəbi bilinmir. 


Valideynlər çox fikirlər deyirlər: uşaq qorxdu, iynə vurdurdum, ya nəsə oldu birdən dəyişdi. Belə bir şey yoxdur. Ilkin olaraq simptomlar  harda, nədən başlayır  bilinmir. Ola bilər valideynlər diqqətli olmayıb, halbuki uşaq 1 yaşından o simprtomları biruzə verib. Ailə nə qədər ayıq olarsa, uşağı nə qədər tez mütəxəssisə gətirərsə, sindromun reabilitasiyası bir o qədər asan olar. 


1967- ci ildən Amerikada Autizm araşdırma insitutu yaradılıb. Hansı ki, Azərbaycanda hələ bu sindrom məlum deyildi. Deməli o vaxtkı autist insanlar sadəcə əqli xəstə kimi cəmiyyətdən təcrid olunurdu. Onların taleyini düşünəndə insan dəhşətə gəlir.

Düzdür o vaxt say da belə çox deyildi. Deyilənlərə görə, 2025- ci ildə orta hesabla hər ailədə bir autist olacaq. 


-Ailə autist övladı olduğunu bilən kimi nə etməlidir? Təlim mərkəzlərində uşağı nələr gözləyir? 


-Ailə ilk növbədə düzgün mütəxəssisə müraciət edib, övladını bir təlim mərkəzinə qəbul etdirməlidir. Çünki autist uşaqla ata-ana davrana bilməz, bu çox çətindir. 


Autizmin yüngül sindromu olanlar var, onlar cəmiyyətə asanlıqla qatılır. Məsələn məşhur futbolçu Messi, dahi Şopen, Eynşteyn autizm olublar. Zamanla bu sindromdan çıxıblar. Bəziləri var ki, vaxtında düzgün təlimlərlə vəziyyətdən çıxırlar, irəliləyiş olur, bəziləri isə həyatı boyu cəmiyyətə normal isteqrasiya edə bilmirlər. Bu uşaqlara gündəlik şəxsi həyatında bəzi vərdişləri öyrədərək, ailədə, evdə normal davranması üçün və ailə üzvlərinə yük olmasın deyə təlim verə bilirik: soyunub-geyinmə, yemək yemə, yuyunma, tualet, yerini yığışdırma və s.  


Bizim mərkəzdə başlıca xətt idman, fiziki sağlamlıq və hərəkətlədir. Bunun altında digər metodikalar tətbiq olunur. Uşaqlara parkda gəzmək, nəqliyyatdan istifadə etmək, insanlarla ünsiyyət, kafedə yemək yeməyi öyrədirik. Bizdə Əmrah adlı uşaq var, o artıq mərkəzə özü gedib gəlir. Kamal var, uzaqdan müşahidə altında özü gedib gəlir. Metrodan istifadə edirlər. 


Dünyada müxtəlif terapiya formalarından – su ilə, oksigen müalicəsi,  idman, delfinlər, atlarla terapiya,pəhrizdən istifadə olunur. 


-Elə ailələr var ki, övladının autist olduğunu bilmir. Əqli qüsurlu, şikəst uşaq kimi evdə saxlayır, yatağa məhkum edir


-Bəli, biz bölgələrdə seminarlarda olduqda bu halları çox görürük. Ailələr bilmir, elə autist var idi, 19 yaşına çatmışdı, anası indi gətirmişdi seminara. O nə müstəqil yeyə bilirdi, nə tualetə gedə bilirdi. Belə insanlara daimi baxıcı olmasa çətin olur. Halbuki vaxtında gətirsəydi, özünə qulluq hərəkətlərini öyrənə bilərdi.



-Autizmli uşaqlar arasında ölüm faizi çoxdurmu? Uzun yaşayırlar, ya qısa?


- Dəqiq deyə bilmərəm, amma yaşayırlar. Türkiyədə 32 yaşlı autist görmüşdüm. Bizdə də 28-30 yaşına kimi var. 

Autizm xəstəlik deyil, sindromdur. Autistlər kifayət qədər fiziki normal insanlardır. Əgər təlim almazlarsa, heç nə bacarmayacaqlar. Ölməyəcək, yaşayacaq, amma daim kimdənsə asılı olacaq. 


-Bəs müəyyən yaşa çatdıqdan sonra evlənə bilərlərmi?


-Belə bir məlumat var ki, Amerikada bu sindromlu insanları evləndirmək kimi təcrübə keçirilib. Ola bilər Azərbaycanda hardasa ailələr var, övladı autistdir, amma diaqnozunu bilmir, oğlan böyüyüb, onu evləndiriblər. Əgər normal təlim keçibsə, özünü idarə edirsə, niyə də evlənməsin. Mərkəzimizdə indi elə uşaqlar var ki, gələcəkdə evlənmək üçün uyğun olduqlarını görürəm.

 

Bir şağirdimiz var ərəbcə yazır, halbuki ərəb deyil. Hardasa görüb, yadında qalıb.


-Bəs bu uşaqların danışması, yazması, fikrini izah etməsi, nitqi hansı səviyyədə olur?


-Bu da baxır autizmin dərəcəsinə. Çoxu danışır. Bəziləri isə indi danışmır, ola bilər, gələcəkdə danışacaq. Elə uşağımız var idi, danışmırdı, 10 yaşında nitqi açıldı. Amma hər şeyi başa düşürlər.  Bəzi autistlər türkcə cizgi filmlərinə baxır, türkcə danışır. Bir şağirdimiz var ərəbcə yazır, halbuki ərəb deyil. Hardasa görüb, yadında qalıb. Bəziləri var çox üstün fotoyaddaşa malik olurlar. Nəyisə gördülərsə, yaddaşlarına yazılır. Öz-özünə çox danışan uşaqlar var. Bİr filmə baxarlar, onu olduğu kimi danışarlar. Məktəbə gedən autistlərimiz də az deyil. 


-O zaman autistlər qəribə, fərqli, seçilən insanlardır? 


-Bəli. İstedadsız autist yoxdur. Eləsi var musiqini duyur, eləsi  var yaxşı rəsm çəkir, eləsi var idmanı sevir. Bizim də mərkəzimizin əsas məqsədi odur ki, bu uşaqları bacardığı, üstün olduğu sahəyə yönəldək. 40-50 uşaqdan üçünü cəmiyyətə tam adaptasiya etdirə bilsək, bu artıq uğurdur. 


Mən özümün bir düşüncəm var: bu uşaqların hər biri bir dahidir. Hətta çox məqamlarda bizdən üstündürlər. Sadəcə onları anlamaq lazımdır. Elə autist var, kitabı verirsən, 10 səhifəni oxuyur, sonra oxudugunu dəqiqliklə danışır. Eləsi var rəqəmləri, telefon nömrələrini yadda saxlayır. 


-Gələcəkdə nə kimi sahələrdə çalışa bilərlər? 


-Bacardığı hər sahədə. İdman, rəssamlıq, yaradıcılıq, dülgərlik, hər hansı sənət, kənd təsərrüfatı sahələrində..


-Bir idman mərkəzi kimi autist uşaqların idman sahəsində uğurları varmı? Ölkəmizi yarışlarda təmsil edə bilirlərmi?


Əsas uğurlarımız elə idmanla bağlıdır. Atletika, dama, tennis, velosiped, üzgüçülük və s.  Azərbaycanda ilk dəfə autist uşaqlar arasında idman yarışları keçirdik. Türkiyədə tennis yarışlarında ikinci yeri tutduq. 2020-ci ildə Tokioda parolimpiya oyunları olacaq, biz öz uşaqlarımızı bu oyunlara hazırlayırıq. Əgər iştirakımız alınsa,  autist uşaqlar Azərbaycan idmanına dünya səviyyəsində uğurlar qazandıra bilərlər.

 

Elə uşaq var, 3-4 ay məşğul olursan, heç bir reaksiya yoxdur. Amma birdən partlayış olur.


-Bəs bu iş sizin özünüz üçün çətin deyil? Adam dəli olmaq dərəcəsinə gələ bilər.


-Bu iş könül, ürək işidir.  Autist uşaqları sevməyən adam çalışa bilməz. Autist uşaqların təlimçisi olmaq sadəcə peşə deyil, işə girim, pulumu qazanım. İllər keçdikcə bu işdə çalışanlar etiraf edir ki, onlarda yaddaş zəifləyir, bəzən uşaqlardakı kimi hansısa hərəkətləri təkrarlayırlar, tez qocalırlar, depressiv olurlar. Mən günün 9-10 saatını bu işdəyəm.

 

Bu sahə mənim üçün elm ocağıdır. Öz yaradıcılığımı, biliyimi, təcrübəmi metodikalarımı inkişaf etdirirəm. Bu işə gərək özünü qurban verəsən. Bizim könüllülərə, peşəkar təlimçilərə ehtiyacımız var. Mütəxəssis çatışmazlığı var. Uşaq çoxdur, getdikcə artır, amma təlimçi azdır. Mərkəzimizdə dünya və Avropa çempionları təlimçi kimi çalışıblar, amma dözməyiblər. Çox soyuqqanlı olmaq lazımdır. Uşağa rəhmin gəldisə, onu inkişaf etdirə bilməyəcəksən. Uşaq saatlarla ağlayır, gərək dözəsən. Burda nəticə bəzən aylarla, bəzən illərlə əldə olunur. Elə uşaq var, 3-4 ay məşğul olursan, heç bir reaksiya yoxdur. Amma birdən partlayış olur.


Hazırda 32 nəfər müəllim- təlimçi var. Onlara Yaşam liderləri deyilir. İdman akademiyasını, sosial fakültə, psixologiyanı bitirənlər çalışa bilər. 1 uşaqla bir təlimçi günboyu məşğul olur. Bu problemdən çıxış yolu üçün ailə yaxşı maariflənməlidir. Ailənin və yaxşı mütəxəssisin köməyi ilə autist uşağı cəmiyyətə adaptasiya etmək mümkündür. 


Gələcəkdə elə autist uşaqların özlərini də məşqçi, nəzarətçi kimi işə götürmək olar. Onlar artıq bunu bacaracaq. Düşünürəm ki, autistləri onları anlayacaq insanlardan və özlərindən başqa heç kim yaxşı başa düşə bilməz. 


AYGÜN MUSAYEVA

 

Autizmli insan oxuya, işləyə, evlənə bilərmi? -   Autizmli uşaqlar üzrə mütəxəssisdən  ilginc açıqlamalar
Autizmli insan oxuya, işləyə, evlənə bilərmi? -   Autizmli uşaqlar üzrə mütəxəssisdən  ilginc açıqlamalar
Autizmli insan oxuya, işləyə, evlənə bilərmi? -   Autizmli uşaqlar üzrə mütəxəssisdən  ilginc açıqlamalar
Autizmli insan oxuya, işləyə, evlənə bilərmi? -   Autizmli uşaqlar üzrə mütəxəssisdən  ilginc açıqlamalar
Autizmli insan oxuya, işləyə, evlənə bilərmi? -   Autizmli uşaqlar üzrə mütəxəssisdən  ilginc açıqlamalar
Autizmli insan oxuya, işləyə, evlənə bilərmi? -   Autizmli uşaqlar üzrə mütəxəssisdən  ilginc açıqlamalar