AĞRIYAN YERİNİ GÖSTƏR, XASİYYƏTİNİ DEYİM - Ağrı nöqtələrinin psixoloji xəritəsi

  • 2018.07.09 12:41
  • 24243 Baxış
AĞRIYAN YERİNİ GÖSTƏR, XASİYYƏTİNİ DEYİM -  Ağrı nöqtələrinin psixoloji xəritəsi
Xəstəlik və ağrılar təkcə fiziki və tibbi səbəblərdən yaranmır. Onun daha dərin psixosomatik  kökləri var.


Medicina.az bədəndəki ağrı nöqtələrinin psixoloji xəritəsini hazırlayıb.


Bədəndə hansı hissə daha çox ağrıyırsa, ona əsasən xəstəliyin səbəbini araşdırmaq mümkündür:


1.Baş, kəllə ağrısı


Çox düşünən, intellektual, emosiyaların əsiri olan insanlarda olur. Bu insan hər şeyi özündə saxlayır, özü də öz emosiyalarının əlində qorxu içində qalı. 


Özü haqqında mənfi, aşağı fikirdə olanların da başı ağrıyır.


2.Gözlər


Qlaukoma - sən hazırda gələcəyin üçün çox əzab çəkirsən, narahatsan, gələcəyini qəbullana bilmirsən. 


Yaxındangörmə - burnundan uzağı görə bilməməkdir.  


Uzağıgörmə - bu günlə yaşamırsan, boş xəyallar qurursan. Hadisələri zamanında yaşamırsan.


3.Boyun 


Boyun hissə bədənlə ağılı, düşüncə ilə hissələri birləşdirən hissədir. Boynu narahat, ağrılı insan geriyə boylanmağa qorxur, arxasınca danışıla biləcək həqiqətləri eşitmək istəmir. Yaratdığı vəziyyəti düzəltmək əvəzinə, iqnor edir. İnsan ağrıyan boynu ilə başını tərpədərək "Hə” ya və "Yox” deyə bilməz, çünki ağrı imkan vermir. Deməli boynu ağrıyan adam da hər hansı məsələdə konkret cavab verə bilmir. 


4.Ağız boşluğu 


Ağız boşluğunun bir çox xəstəlikləri həmin adamın ürəyini parçalayan umu-küsünün çox olması ilə bağlıdır.  Özü haqqında çox şeyi sirr kimi saxlayanların da yanaq, udlaq, dil hissəsi ağrıyır. Dilini tez-tez dişləmək isə qeybət edən və boş danışanların cəzasıdır.


5.Dişlər


Dişləri problemli olan insanlar iradəsi zəif insanlardır. Öz həyatını başqalarına etibar edə bilir. Sol tərəf dişlərin ağrısı şəxsi həyatdan, sağ tərəf isə iş, sosial həyatdan xəbər verir. Həmçinin sol tərəf ana ilə, sağ tərəf isə ata ilə münasibətlərin pis olması deməkdir.

 



6.Kürək


Kürəyi ağır, ağrılı olanlar maddi dəstəyə, arxa-dayağa ehtiyac duyanlardır. Bu insanlar kimdənsə, hardansa dəstək gözləyir. Kiməsə sevgisini də gizlədir. Əgər bir şəxsin kürəyinin sol tərəfi ağrıyırsa doğmalara, sağ tərəfi ağrıyırsa dünyaya qarşı inamsızlığını göstərir.


7.Bel


Bel hissə maddiyyat, pul, partnyorlar, ev, iş, təhsillə bağlıdır. Burda ağrı çoxdursa, deməli bu sahələrdə can atdığın, lakin əldə edə bilmədiyin, özünə və başqalarına etiraf edə bilmədiyin zəifliklərin var. Hər şeyi öz kürəyinə yükləyənlərin də beli ağrıyır.


8.Oynaqlar


Artrit – səni lazımınca sevmirlər fikridir. Çox ədalətli, düzgün insanlar adətən artritdən əziyyət şəkir. Aşağı oynaqların, diz qapaqlarının bükülməsi, ağrısı qürur, dikbaşlıq, güzəştə getməmək və sonunda sevilməmək qorxusudur.


9.Mədə


Həkimlər də etiraf edir ki, həyəcan, stress və əsəbin təzahürü mədədədir.  Mədə problemi göstərir ki, insan çıxılmaz vəziyyətdədir, qərarsızdır, nədənsə asılıdır, nəyəsə məhkumdur və bu nələrsə onun əsəblərini pozub.


Mədə xorası insanın içində saxladığı və istəsə belə xaricə çıxartmadığı qıcıqlar, sözlər, narazılıqlardır. Əgər insan vaxtında keçirdiyi hissi büruzə versə, sözünü desə, dünyada qastrit, xora xəstəliyi olmaz. 


10.Artıq çəki


Uşaqlıqda lağ olunan, əzilən, gülüş hədəfi olan, ünvanına sərt, incidici sözlər eşidən insanların problemidir. Sosial müdafiəsiz olan insanlar gücü artıq kiloya verib, bununla özlərini güclü, böyük, hətta qorxulu göstərmək istəyirlər. Bəzən artıq çəki və piylər hansısa məqsədə kor-koranə, sürətlə can atmaqla bağlıdır.


11.Saçlar


Tez ağarma, saç tökülməsi, cansız saçlar – stress indikatorlarıdır. Qadınlarda saç həyat enerjisi simvoludur. Saçlarının vəziyyəti yaxşı olmayanın həyat eşqi, enerjisi azdır və ya tükənir deməkdir. Şüuraltı incikliyə də saçlar tökülməklə cavab verir. Daimi gərginlik, qorxu, təşviş də saçların axırına çıxır.


Aygün MUSAYEVA

MEDİCİNA.AZ

AĞRIYAN YERİNİ GÖSTƏR, XASİYYƏTİNİ DEYİM -  Ağrı nöqtələrinin psixoloji xəritəsi