Apteklərdən 1.60 qəpiklik mazı yoxa çıxarıb, əvəzinə 11 manatlıq alternativ təklif edirlər – Əhaliyə vacib olan ucuz vasitələri ölkəyə niyə gətirmirlər?

  • 2018.07.31 16:44
  • 121671 Baxış
Apteklərdən 1.60 qəpiklik mazı yoxa çıxarıb, əvəzinə 11 manatlıq alternativ təklif edirlər –  Əhaliyə vacib olan ucuz vasitələri ölkəyə niyə gətirmirlər?

Azərbaycanda apteklərdə ucuz tibbi vasitələrin, maz və preparatların zamanla yoxa çıxma tendensiyası yaranıb. 

Əvvəllər qəbizlik əleyhinə Qliserin şamı yoxa çıxdığı kimi, indi də Heparin mazı – Qeparinovaya maz yoxa çıxıb.


Medicina.az-a məlumat verən alıcı artıq 15 gündür bu mazı apteklərdə axtardığını bildirir. 


Qeyd edək ki, Heparin mazı ayaqlarda şişkinlik, tromboz, venoz və s problemlərdə, müxtəlif xarici ödemlərdə çəkilir. 


1.60 qəpiyə olan bu mazın əvəzinə əczaçılar dərhal Lioton mazını 11 AZN-ə təklif edir ki, tərkibi eynidir. 

İnsanları ucuz vasitələr varkən, onların bahalı alternativini almağa vadar etmək fikrimizcə, dərman monopoliyasının siyasətidir. 


Aptekdə nə vaxt bu mazdan gələcək sualına isə dəqiq cavab verilmir. 


Ümumiyyətlə alıcılar NİJFARM farmakoloji şirkətinin ucuz və çox tələbat olan vasitələrinin getdikcə ölkəyə gəlişində problemlər olduğunu bildirir. 

Alıcıların həyatı və sağlamlığı üçün vacib olan qiyməti münasib bir çox tibbi vasitə və preparatların ölkəyə gətirilməsini dayandırıb və ya əngəlləyib, əvəzinə məcburi bahalı vasitəni orta statistik pasiyentə satdırmaq getdikcə adi hala çevrilib.


Alıcı Moskvadan  bu yaxında gələcək insanlardan bəzi dərmanların və heparin mazının gətirilməsini xahiş etdiyini də  bildirdi. 


Məsələ ilə bağlı bu dəfə Səhiyyə Nazirliyinin fikrini almadıq, çünki həmişə olduğu kimi bu dəfə də nazirlik ölkəyə dərman vasitələrinin gətirilməsi və satışı ilə farmakoloji şirkət, firma və fiziki şəxslərin məşğul olduğunu və Səhiyyə Nazirliyinin ölkəyə dərman idxalı ilə məşğul olmadığını deyəcəkdi.